RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Dek 21, 2019 | 17:05 / Axşam görüşləri
O ad ora gərək mütləq qayıtsın: "Axşam görüşləri" verilişinin Asəf Zeynallı adına musiqi məktəbi haqqındakı buraxılışının anonsu

Hərdən mənə elə gəlir ki, o illərdə o pilləkənlərlə mən də qalxmışam, o sinif otaqlarında mən də əyləşib dərsləri dinləmişəm, elə mən də hər axırıncı dərsdən sonra məktəbli yoldaşlarımla dənizkənarı bulvara doğru uzanan sakit küçələrlə qayğısız-qayğısız addımlamışam...
Unudulmaz Tofiq Quliyev məni xatirələri ilə aparardı 1920-ci illərə, sonralar Asəf Zeynallının adını daşımış, o vaxtlarsa gənc Asəfin özünün dərs dediyi məşhur musiqi məktəbinə.
Bəlkə bütün bu səhnələri həm də ona görə bunca aydın təsəvvür edirəm ki, o çağlardan fotolar da qalıb.
Məhz sinif otağında çəkilmiş fotolar.
Asəf Ayaq üstədir. Sinifdə uşaqlar.
Uşaqlar kim ola? Tofiq Quliyev, Cövdət Hacıyev, Əminə Dilbazi...
Conrakı onillərin, Asəfsiz əyyamların zirvə sənətkarları.
Asəz Zeynallıya şagirdlərinin sabahkı böyük uğurlarını görmək nəsib olmadı.
Zavallı Asəf nə yaşadı ki, nə görə!..
Vur-tut 23 illik qısadan-qısa bir ömür.
Lakin Asəf alnına yazılmış bu son dərəcə gödək möhlət içərisində Azərbaycanın ali musiqi təhsilli ilk peşəkar bəstəkarı oldu, Azərbaycan uşaq musiqisinin təməlini qoydu, bir sıra musiqi musiqi formalarında ilk əsərləri bəstələdi, Azərbaycanın ilk romanslarını yaratdı, Azərbaycan simfonizminin banilərindən oldu.
Tofiq müəllim yada salırdı ki, aşağı mərtəbədə bizim oxuduğumuz musiqi məktəbi yerləşirdi və Asəf orda dərs verirdi.
Yuxarı mərtəbədə konservatoriya idi.
Asəf bizə dərs verə-verə orda təhsil alırdı. Dərslərimizi yekunlaşdırıb tapşırıqlarını verəndən sonra cəld qalxardı ikinci mərtəbəyə...
Azərbaycan musiqi mədəniyyətinə onillər boyu çox töhfələr vermiş həmin təhsil ocağı bir zamanlar Asəf Zeynallının adını daşıyırdı.
Günlərin birində nə sənə-nə mənə Asəfin adı təhsil ocağının üstündən yoxa çıxdı.
Bu gün Milli Konservatoriyamız var, hazırda musiqi kolleci adlanan keçmiş orta ixtisas musiqi məktəbi də onun tərkibində.
Hər ikisi tarixən birbaşa Asəflə bağlıdır.
Ömrü balaca, ancaq yaradıcılığıyla şəxsiyyəti böyük Asəf Zeynallının adı Milli Kionservatoriyamızla gərək mütləq qovuşa.
Üzeyir bəyin adı Musiqi Akademiyasına qayıdan kimi!..
Millətimiz üçün ölməz yadigarlar bağışlamış və əsərləri ilə hər gün diri olan Asəf Zeynallının məzarı da gözdən uzaq bir məkanda, köhnə beynəlmiləl qəbristanlıqdadır.
O məzar da gərək hökmən Fəxri Xiyabana köçə.
Asəf bu dünyadan 1932-ci ildə ayrılıb.
Qarabağa ekspedisiyaya, musiqi folkloru toplamağa gedibmiş.
Xəstələnir, qayıdır və az bir zaman içində də çiçək kimi solur.
...Gələn il - 2020-də onillərlə adı ilə bağlı olmuş musiqi məktəbinin yaranmasının 120 ili tamam olur.
Bəlkə elə qarşıdan gələn ildə bu iki arzumuz çin oldu?
Bu gün dekabrın 21-dir.
Şəb-i yelda gecəsidir bu gün.
İlin ən uzun gecəsi!
Sabahdan böyük çillə başlanacaq və hər gün dünyanın işığı bir azacıq artmağa başlayacaq.
Yaza doğru irilələyəcəyik.
Deyirlər ki, bu gecə ürəkdə tutulan arzular gerçəyə çevrilər.
Mən də bu əziz gündə arzulayıram ki, Asəfin adı Milli Konservatoriyaya qovuşsun, son mənzili də ruhca, əməlcə ona çox yaxın zirvələrimizin uyuduğu Fəxri Xiyabana köçsün.
Arzulayıram...
Amma sadəcə arzulamaqla da daynamayacağam.
Bu niyyətlərin gerçəkləşməsi üçün çalışacağam!..

Dekabrın 22-də saat 21.30-da və dekabrın 2-də saat 23-də FM 105 tezliyində Azərbaycan Radiosunda səslənəcək “Axşam görüşləri” verilişi unudulmaz bəstəkarımız Asəf Zeynallının adı ilə bağlı musiqi kollecinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook