RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Mart 20, 2020 | 19:57 / Axşam görüşləri
Novruzun söylədiklərinə inanın: "Axşam görüşləri" verilişinin Novruz bayramına həsr edilmiş buraxılışının anonsu

Bütün ruhu və yaratdıqları ilə şairlərimiz arasında bahara ən çox bənzəyən Mikayıl Müşfiq 80 ildən də bir az əvvəl növbəri Novruzun gəlişiylə bağlı yazırdı ki:

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da.
Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Müşfiqin gördüyü və gəlişinə sevindiyi o yazacan gəlmiş milyonlarla yazın hamısı zahirən bir-birinə bənzəsə də, əslində hamısı başqa yaz olmuşdu və Müşfiqin həmin sözləri söylədiyindən keçən onillər boyunca gələn yazların da hər biri nə qədər oxşar olsa da, əlbəttə ki, hər biri tamam başqa yaz idi və bizim indiki yazımız da həmişəki vaxtında, həmişəki hüsnü ilə gəlsə belə yenə başqa yazdır. Gələn ilki yazımız da bir başqa yaz olacaq, ondan sonrakı da tam ayrı bir yaz.
Dilində “Novruz” deyirsən, “Yeni Gün” deyirsən!
Yenidirsə, demək qəttəzədir, yenə sümsütüldür, yünə ümidlə doludur, yenə bir ağappaq vərəq kimidir ki, köksünə sevinclərin, uğurların sorağının yazılmasını diləyir.
Bu gün martın 20-də səhər çağı dünyamıza yeni bahar gəldi.
Gələcəyi anı saniyəsinə qədər dəqiqliyi ilə bilirdim.
Ötən gecə xeyli gec yatdım, amma qəribədir ki, səkkizə 10 dəqiqə qalmış, içərimdə yəqin ki, İlahinin özünün qurduğu saatın hökmü ilə, ixtiyarsız oyandım, gözümə açan kimi birinci saata baxdım ki, görüm Novruzun gəlişini ötürməmişəm.
Məni Gözəl özü oyatmışdı.
Gəlişindən anlar əvvəl.
“Gəlirəm”, -- deyirdi, “İnsanların ümidini, gücünü, hər şeyin yaxşı olacağına inamını artırmağa gəlirəm”, -- deyirdi, “Təlaşlardan, nigaranlıqlardan uzaq olun”, -- deyirdi, “Gəlmişəm ki, sizlərə pəncəsini uzadan azar-bezarı yox edim, sizləri bir az hürküdərək bir-birinizdən aralı saxlayan mərəzin canını almağa gəlmişəm”, -- deyirdi, “Gəlmişəm və bu yaz bir başqa yazdır”, -- deyirdi.
Mən Baharın, Novruzun dediklərinə inanıram, SİZ də inanın!
Bu yaz bir başqa yazdır və Novruz elə gələn kimi nələri pıçıldayırsa, hamısı çin çıxacaq!
Elə Çindən gələn dərd də çıxıb gedəcək!
Çətin günün ömrü az olar.
Novruzun gücü qarşısında çətin gün nəkaradır!
Bayramınız mübarək, Novruzunuz, Yeni Gününüz mübarək!

Martın 22-də saat 21.30-da və martın 23-də saat 23-də AZərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” əziz Novruzumuza həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook