RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sen 09, 2017 | 21:51 / Axşam görüşləri
Böyük Müslüm: Bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş "Axşam görüşləri" verlişinin anonsu

Əslində onların hər ikisi böyükdür. 
O qədər böyük ki, artıq həyatda yoxsalar da, uca boyları bu gün bütün Azərbaycanda görünməkdədir və gələcək tarixin yüksəkliklərindən də həmişə görünəcək! 
Baba Müslüm də, nəvə Müslüm də Vətənin və Tarixin sərvəti olan şəxsiyyətlərdir.
Amma mən indi “böyük Müslüm” yazanda sadəcə yaşı nəzərdə tuturam, baba Müslümü düşünürəm.
Tale elə gətirib ki, mənim ömrümün əsas hissəsi bir küçə ilə bağlı olub. 
İlk gəncliyimdən bugünəcən səfərdə olduğum günlər istisna olmaqla mən bu küçədən hər gün mütləq keçmişəm, keçirəm. 
Sovet vaxtı Kommunist idi, çar zaman Nikolayevski olmuşdu, indi İstiqlaliyyətdir.
Təhsil aldığım Universitet, fakultə bu küçədə yerləşirdi, ömrüm boyu işlədiyim, bağlı olduğum Elmlər Akademiyası, Əlyazmaları İnstitutu, Nizami muzeyi burda. İlk kitablarımın çıxdığı nəşriyyat, mətbəə də eyni həndəvərdə.
Son 5 ildə piyada bu küçədən keçdiklərimi üst-üstə gəlsən, yalan olmasın, dünyanın bu başından o başına yol edər. 
Əslində bu küçə elə özü mənimçün bir dünyadır. Xatirələr dünyası!
Filarmoniyanın qarşısında Müslüm bəyin büstü dayanıb. 
Hər yanından keçəndə mütləq istər-istəməz addımlarımı yavaşıdır, o tərəfə baxıram.
Fikirləşirəm ki, uzaq 1920-ci illərdə elə Müslüm bəy də bu küçədən tez-tez keçərmiş.
İşlədiyi radio verilişləri idarəisi bu küçədə, İsmailiyyə binasında yerləşirmiş.
Bacanağı Pənah Qasımov, dostu Hüseyn Cavid indiki Əlyazmalar İnstitutu binasının 3-cü qatında, oçağıkı Darülmüəllimində qonşu mənzillərdə yaşayırlarmış və Müslüm bəy də Badgülcamal xanımla vaxtaşırı onlara qonaqmış.
Bir dəfə görkəmli pedaqoq, repressiya qurbanı Pənah Qasımovun qızı Nigar xanım həmin günləri xatırlayarkən ürək sıyıran bir xiffətlə: “İlahi, ömrümüz bayram kimiymiş, rənglərlə doluymuş, hər şey qəfildən soldu” demişdi. 
Belə demişdi, özü də qüssələnmişdi, məni də kədərləndirmişdi...
Həmin filarmoniya binasında ki, 1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində Müslüm bəyin əsərləri az səslənməmişdi, oradakı direktor kabinetində, 1970-80-ci illərdə Maestro Niyazi mənə Müslüm bəyli neçə munis xatirəsini söyləmişdi. 
Bu etirafını da məhz həmin binada etmişdi ki, sənətdə idealı Müslüm bəy olub, elə Müslüm bəyin nümunəsi də onu məhz dirijor olmağa sövq edib. 
Müslüm bəyi, baba Müslümü, böyük Müslümü mən həmişə dəfə-dəfə gördüyüm, çox yaxşı tanıdığım, mənə əziz, qəlbən, ruhən yaxın insan kimi anıram.
Bu surəti mənim qəlbimə onunla simsar, məhrəm, doğma olmuş insanlar həkk ediblər.
Sentyabrın 10-da saat 21.30-da və sentyabrın 12-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” 132 yaşı tamam olan bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook