RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sen 15, 2017 | 01:08 / Axşam görüşləri
Pozusuz yazı: "Axşam görüşləri" verilişinin Üzeyir Hacıbəylinin 132 yaşının tamam olması münasibətilə hazırlanmış buraxılışının anonsu

Dahilərin, millətlərin, ölkələrin tarixində dərin izlər buraxan müstəsna şəxsiyyətlərin, vaxt gedişini insanlığın daha böyük yüksəlişləri səmtə yönəltməyi bacaranların nə doğum günləri, nə doğum illəri təsadüfi olur. Onları insanlığa bəxş edən İlahi Qüvvə bu məsul işi bədahətən etmir. Uzun zaman, bəzən əsrlərcə, bəlkə bundan da qat-qat artıq müddətcə hazırlaşır, müəyyən tədarüklər görür.
Üzeyir bəyi yalnız ata-anası, mənsub olduğu nəsil dünyaya gətirməyib ki! O, ilk növbədə içərisində böyüdüyü mühitin övladıdır. 
Mühitsə həm təbiətdir, həm də axarında yaşayaraq tərbiyələndiyin, yetişdiyin ictimai-siyasi, elmi, mədəni, mənəvi ab-hava.
Məşədi İsi də, Hacı Hüsü də, Cabbar Qaryağdı oğlu da, Seyid Şuşinski də, Üzeyir də, Bülbül də, Xan da... hamısı Qarabağda doğulub boya-başa çatdılarsa, onların damarlarından qanla birgə musiqi axdısa, bunun səbəbkarı həm də sudur, havadır, güldür, çüçəkdir, gözəlliklə süslənmiş dağlar, meşələr, yamaclar, nəğmə oxuyan çaylar, bulaqlardır.
O İlahi Qüdrət əvvəlcə minillərlə çalışaraq bu məkanı yaradıb, sonra bu məkanda böyüyəcək balalrı xəlq edib.
(Hər kəs Ondan ibrət götürərək hər yaratdığına bunca məsuliyyətlə, dəqiqliklə, yaxın və uzaq sabahları düşünərək yanaşsaydı, dünyada gözəllikdən başqa heç nə olmazdı!).
Müdhiş zəlzələ qopmasaydı, Kəpəz parçalanmasaydı, indi də uca dağların döşündə bir çoxu XII əsrdən donub qalmış iri-iri qayaların neçəsi aşağı yuvarlanaraq Ağsu çayının qarşısını kəsməsəydi, bu müdhiş dağıntıların içərisindən Göygöl kimi gözəl doğulmasaydı, Əhməd Cavad o məşhur şeiri necə yaza bilərdi?
Bəlkə Tanrı haçansa o şeiri doğurmaqçün, yaxud istedad nuru bağışladığı Nizaminin qələmiylə “Xəmsə” yaratmaqçün və saysız-hesabsız belə ülvilikləri bəşər balasına ərməğan etməkçün o dağı da, çayı da, meşəni də, gölü də müqəddimə olaraq meydana gətirmişdi?!.
Üzeyir bəy niyə 1820-ci ildə deyil, 1885-də doğulub. Qori seminariyiası niyə XX əsrin əvvəlində deyil, XIX əsrin sonlarında fəaliyyətə başlayıb? 
Bütün olanları sırf təsadüflər zənciri də saymaq olar, amma əksini də düşünməyə cəhd edək – bəlkə heç nə təsadüf deyil, məhz zərurətdir, irəlicədən cızılmış Pərvərdigar nəqşəsinə görə baş verən qaçılmazlıqdır?!
Üzeyir Hacıbəyli az yaşayıb.,
O nəhənglikdə isedad sahibi üçün 63 il nədir ki!
Bu ömür 5 il, 10 il, 15 il də uzansaydı, hər təzə ömür ilində o dahi şəxsiyyət insanları yeni misilsiz sənət inciləri ilə sevindirə bilərdi.
Göylərin məsləhəti belə olub, İlahi Ezamiyyətin müddəti bu qədər müəyyənləşdirilib.
Lakin Üzeyir bəy elə ildə, elə gündə, elə tarix kəsiyində dünyaya gəlib və biliklər alıb ki, məhz o zaman yurdunun və xalqının yeni musiqiyə, yeni sənətə, yeni zövqə ehtiyacı vardı.
Gəlib, yaşayıb, yaradıb və bütün başqa xidmətlərindən savayı məktəb, yol yadigar qoyaraq gedib.
Maestro Niyazi danışırdı ki, hər il sentyabrın 18-də günorta yeməyinə Müslüm bəygildə toplaşar, axşam şama isə Üzeyir bəygilə yığıçardıq.
Onlar ikisi də eyni ildə, eyni gündə doğulmuşdular.
Bir vaxtlar həmin gün Müslüm bəyin, Üzeyir bəyin dostları, qohumları, əzizləri, sevənləri bir araya gələrək məslək qardaşlarının ad gününü qeyd edərdilər.
İndi hər 18 sentyabrda bütün Azərbaycan həmin gündə bir araya gəlir: bu şərəfli insanların növbəti yaşını və artıq millətin olan Musiqi Gününü bayram etməyə.
Atalarımız "Yazıya pozu yoxdur" söyləyib.
Nə xoşbəxtik ki, bizimçün yazı belə yazılıb, nə bəxtiyarıq ki, millətimizin alın yazısında Üzeyir Hacıbəyli sətri var!
Sentyabrın 17-də saat 21.30-da və sentyabrın 19-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi 132 yaşı tamam olan dahi Üzeyir Hacıbəyliyə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook