RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
May 20, 2017 | 01:50 / Axşam görüşləri
Çox bilgidəki çox dərd: "Axşam görüşləri" verilişinin Habil Əliyevin xatirəsinə hsr edilmiş buraxılışının anonsu

Sadə adamların əksəri heç o sözün əsl mənasını bilmirdi. Amma təxminən hamı həmin kəlmədən iblisdən, şeytandan, əcinnədən, Əzrayıldan qorxan kimi üşənirdi, vahimələnirdi. Səslənişi o qədər də əcaib deyildi. Əksinə, doğma bir söz kimi gəlirdi adama. Lakin 1930-1940-cı illərdə, hətta bundan 10-15 il sonra da o sözün girdiyi evə bədbəxtlik qədəm basardı. QULAQ! Bu, Stalin dönəmində SSRİ-nin ən sərt iqlimli yerlərinə səpilmiş cəzaçəkmə məskənlərinə nəzarəti həyata keçirən NKVD – Daxili İşlər Xalq Komissarlığı nəzdindəki Baş Həbs Düşərgələri İdarəsinin (Qlavnoe Upravlenie Laqerey) adı idi. O çağlar çox azərbaycanlının nəzərində Qulaq elə nağıllardakı gedər-gəlməz kimi bir şey idi. ...Bir səhər müstəsna kaman ustası Habil Əliyev məni növbəti dəfə evlərinə xaş qonaqlığına dəvət etmişdi. Yaxşıca yeyib-içmişdik, çay gələsiydi. Qəfildən məndən soruşdu: “Camışa münasibətin necədir?” Habil müəllim məzə ilə, şuxluqla dolu adam idi. Fikirləşdim, yəqin nəsə yeni zarafatı var, bu sualla zarafatına müqəddimə hazırlayır. Amma nəsə sifəti ciddi idi. Ürəyimdən o da keçdi ki, yəqin bu zarafatının duzu lap çox olacaq. Özünü tox tutur ki, dramatizm yaratsın, lap gözüm yaşarana qədər gülüm. Mən də tam ciddiyyərlə dilləndim: “Habil müəllim, camışa münasibətim əladır! Camış qatığını da lap çox sevirəm. Babam deyərdi ki, ağartısı camışınkından təhlükəsiz, camışdan faydalı, camışdan əziyyətsiz heyvan yoxdur. Danışardı ki, bir də görərdik hansısa camışımız otlamağa getdiyi qamışlıqdan 3-4 gün qayıtmadı. Nigaran qalardıq ki, heyvana nəsə oldu. Günlərin birində onu görərdik yanında balası ilə doqqazda göründü. Sözümü kəsdi: “Mənimsə camışdan zəhləm gedir!”. Öz aləmimdə düşündüm ki, hə, zarafatın məqamı yetişdi. İstər-istəməz güldüm. Habil müəllim dalğınlaşdı, səsindən qəhər keçdi: “Camışa görə mənim atamı tutublar, qulaq ediblər, gedib ordan xəstəlik tapıb gəldi, uşaqkən yetim qaldım, əziyyətlərlə böyüdüm”. - Neyləmişdi ki,camış? - Neyləyəcək ki! Bir camışımız vardı, anam evdəki xalça-palazdan satıb bir az pul artırmışdı. Atama verdi ki, bir camış da al, güzəranımızı babatlaşdıraq. Ancaq ikinci camışı alandan çox keçməmiş atamı qulaq elədilər ki, istismarçısan, varlısan, varın-dövlətin səni qudurdub. Apardılar kişini. .. Bu, böyük sənətkarımız Habil Əliyevin uzun ömrü boyu rastlaşmış olduğu bolluca həyat sınaqları, daddığı ömür acılarından yalnız biri idi. Uşaqlığından, yeniyetməliyindən üzü bu yana kəc dövrlərin, taleyin o qədər zərbələrini yemişdi ki! Məgər çalğısındakıa o boyda ürək, o qədər aşıb-daşan hissiyat təsadüfi yaranmışdı?! Ömrün dolu olmasa, taleyin cadar-cadar olmasa, bunca duyğulu da olmursan. Qədim yunan müdriki təəssüf ki, haqlıdlr – çox bilgidə çox dərd var! Mayın 21-də saat 21.30-da və mayın 23-də saat 23-də Azərbaycan Radiosunda FM 105 dalğasında səslənəcək “Axşam görüşləri” veriıişi unudulmaz Habil Əliyevin xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook