RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sen 21, 2017 | 20:13 / Axşam görüşləri
Solaxaylıqdan uzaq: "Axşam görüşləri" verilişinin Əhməd Bakıxanovun xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Bu, ortaq sərvətimizdir – muğam həm bizimdir, həm ərəbindir, həm farsındır, həm digər türk xalqlarınındır... 
Amma muğam müştərək dəyər ola-ola həm də bu sərvətə sahib hər xalqdan ötrü sırf özününküdür. 
Yəni Azərbaycan muğamı ilə İran muğamı eyni deyil. 
Ərəbin ifa etdiyi eyni bir muğamla özbəyin çalıb oxuduğunun ciddi fərqi var. 
Hər xalqın incəlikləri, çalarları, yüz cür ayrıntısı ilə seçilən öz muğam dili var və buna o biri muğam dilindən nələrsə lap azacıq da qatışanda kənar ləhcə dərhal sezilir. 
Və o səbəbdən də müdam hər xalqın muğam təəssübkeşləri öz muğam dillərinin saflığını, təmizliyini qorumağa xüsusi səy göstəriblər, hətta buna lap bir az vasvası, qısqanc yanaşıblar. Yəqin elə ona görə də bir-birindən öyrənə-öyrənə, biri- digərindən bəhrələnə-bəhrələnə Şərq xalqlarının muğamı hər xalq üçün özünəməxsusluğunu, fərdiliyini, təkrarsızlığını həmişə hifz edə bilib.
Ömrü uzunu muğamımızın bakirəliyinin ən sadiq qoruyucularından olmuş böyük müəllim və tarzən Əhmədxan Bakıxanov taleyin yazısı ilə uşaqlıq illərini İranda yaşamışdı, ilk təhsilini də orda almışdı, tar çalmağı da orda öyrənmişdi, muğam aləminə də orda daxil olmuşdu. 
Bu gedişatla sanki onun muğam ifasına iran dalğası gərək hökmən təsir etmiş olaydı. 
Ancaq əksinə oldu. 
Gənc yaşlarında İrandan doğma Abşeronuna, əziz Bakısına qayıdan, onillərlə muğamın ifası, tədrisi, təbliği ilə məşğul olan Əhmədxan milli musiqimizə istənilən yad nəfəsin, o sıradan, bizə daha yaxın olduğu üçün sirayət etməsi də daha asan baş verə biləcək İran dalğasının qarşısına əsas sipər çəkənlərdən oldu.
Elə təkcə Əhmədxan Bakıxanovdan bizə yadigar qalmış sıra-sıra rəngləri dinləsən yetər ki, büllür kimi aydın, bulaq suyu kimi tər-təmiz musiqi dilimizin gözəlliyini, bənzərsizliyini, qatışıqlıqsızlığını aşkarca duyasan.
Onlardan hər biri elə milli musiqi dilimizin saflıq dərəcəsini ölçməkçün meyar, ülgü, məhək daşı, səs tərəzisidir.
Cənub əsilli, ifalarında fars təsiri qaçılmaz olan neçə müğənnimizin səsinin, boğazının səmtini düz yola çəkən, usanmadan, bıqmadan bu səs külçələrini hamarlayan, arıtlayan, cilalayan da Əhmədxan Bakıxanov oldu. 
Sonralarsa, eyni xətti hərəsi bir xalq çalğı alətləri ansamblının rəhbəri olan yetirmələri davam etdirdi.
Onu bütün başqa tarzənlərimizdən seçdirən bir cəhət də vardı.
Əhmədxan müəllim başqaları kimi mizrabı sağ əlində deyil sol əlində tutardı, pərdələrdən səsləri başqa tarzənlərdən fərqli olaraq sol yox, sağ əlinin barmaqları qoparardı, tarının aşıqları, simləri də başqa tarların güzgüdəki əksi kimi idi.
Nəcibliklə, xeyirxahlıqla dolu, həyatı boyu yalnız və yalnız yaxşılığı özünə şüar edən, yaxından tanıyanların hamısının iftixarla, məhəbbətlə sadəcə Müəllim çağırdığı Əhmədxan Bakıxanov ömrünün əvvəlindən sonunadək dürüst, pak, gözütox, təmənnasız yaşadı.
Bu solaxay sənətkarın səksəni aşan ömür illəri ərzində istər bir insan, istər bir tarzən, istər bir müəllim kimi nə çalğısında, nə əqidəsində, nə münasibətlərində zərrəcə solaxaylıq oldu...
Sentyabrın 24-də saat 21.30-da və sentyabrın 26-da saat 23-də Azərbaycan Radiosunda, FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişində Əhmədxan Bakıxanovun dünyasına bələdçimiz unudulmaz sənətkarın oğlu, xalq artisti, bəstəkar Tofiq Bakıxanov olacaq.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook