RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
May 13, 2017 | 21:52 / Axşam görüşləri
Tarzənlər ordumuzun zabiti: "Axşam görüşləri" verilişinin 100 illiyi tamam olan tarzən Əlağa Quliyevə həsr olunmuş buraxılışının anonsu

Tarix boyu adlı-sanlı çalıb-oxuyanlarımıza el-oba sevərək bir ləqəb də qoşub. 
Birinin adına misilsiz ifa etdiyi hansısa muğamın adını əlavə ediblər – “Zabul” Qasım, “Rast” Ağacəbrayıl, “Bayatı-Qacar” Baladadaş, “Segah” İslam deyiblər, birinə ifasının tərzinə, ləzzətinə görə ad qoşublar – “Şirin” Tarzən (bunu elə əsl adı da Şirin olan məşhur salyanlı tarzənə aid ediblər), “Pəsxan” Cəlil...
Hər halda bu ləqəblərin, təxəllüslərin, qoşma adların hamısı musiqi ilə, muğamlarla bağlı olub.
Lakin bəlkə o, yeganə muğam ifaçısı sənətkarımızdır ki, ləqəbi musiqidən xeyli aralı bir sözlə ifadə olunub. 
Ona “mayor” deyiblər.
Və bu yüksək zabit rütbəsinin onun adına biryolluq bənd edilməsi də səbəbsiz deyil.
Xalq artisti Əlağa Quliyev 70 ilə yaxın müddətdə tarla qoşa oldu.
Uşaqlıq illərindən bu musiqi alətinə vuruldu və ömrünün son parçasına qədər də həmin sevgi qəlbindən çıxmadı.
Tar ona şöhrət gətirdi, tar onu millətə tanıtdı, tar ona dünyanı göstərdi, tar ona çörək ağacı oldu.
Rəşid Behbudov sənətdə özünə qarşı da, onunla birgə çalışanlara da çox tələbkar idi. Rəhbərlik elədiyi mahnı teatrına da hər ifaçını yüz dəfə ölçüb-biçəndən sonra götürürdü.
Əlağa Quliyev böyük müğənninin daimi yol yoldaşı idisə, bu artıq elə Rəşid Behbudovun onun sənəti və şəxsiyyətinə verdiyi yüksək qiymət demək idi.
Əlağa Quliyevin tarına Bülbül oxuyub, Zülfi oxuyub, Şövkət, Sara... oxuyub.
Bunlar da özlüyündə elə qiymət deməkdir.
Demək, Əlağanın sənətinin səviyyəsinə, zövqünə, ustalığına inanıblar, etibar ediblər ki, neçə başqa tarzən arasından onu seçiblər.
Əlağa Quliyevin sənətdə olduğu onillərdə isə tarzənlərin meydanında sıxlıq idi və neçə qüdrətli sənətkar səhnədə, efirdə idi. 
Hacı Məmmədov, Bəhram Mansurov, Həbib Bayramov, Əhsən Dadaşov, Baba Salahov, Sərvər İbrahimov və neçə-neçə başqaları. 
Bu mahirlər arasında seçilə bilmək, təqdir edilmək üçün sadəcə yaxşı çalmaq az idi.
Yaxşı bəs niyə mayor?
Köhnə sənət yoldaşları, tanıyanlar bir hərbçi intizamı və zabitəsinin davranışlarından tutmuş çalğısına qədər hər an Əlağa Quliyevlə olduğuna şahidlik edir.
Müharibə görmüş, İkinci dünya savaşından sinəsi orden-medallarla dolu qayıtmış Əlağa Quliyev hətta taleyini hərb işinə bağlamağı da düşünürmüş.
Bəlkə də mayor rütbəsində dayanmasaydı, hərb sahəsindən ayrılaraq musiqiyə biryolluq qovuşmasaydı, ordumuzdakı ən ali çinli zabitlər cərgəsinə qoşulardı.
Əlağa Qluliyev tarı seçdi və musiqi ordumuzun, tarzənlər qoşunumuzun ən üstün zabitlərindən biri kimi sənət tariximizdə əbədi ömür qazandı.
Mayın 14-də saat 21.30-da və mayın 16-da saat 23-də “Axşam görüşləri” unudulmaz tarzənimiz, xalq artisti 100 illiyi tamam olan Əlağa Quliyevə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook