RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
May 27, 2017 | 22:22 / Axşam görüşləri
Millət duası: "Axşam görüşləri" verilişinin Respublika gününə həsr edilmiş buraxılışının anonsu

Iyirminci yüzildə (və əslində bütün tariximiz boyu) bu millətə Tanrının bəxş etdiyi ən mübarək simalar cərgəsində ən əvvəlinci sıralarda yüksələnlərdən biri Üzeyir bəy Hacıbəylidir.
Üzeyir bəy olmasaydı (və buna arxada qalan yol şahidlik edir ki), biz bu cür olmazdıq. 
Bu zövq, bu gözəllik duyğusu, bu naziklik, bu yurdsevərlik və millətpərvərlik çox cəhətdən xalqımıza Üzeyir bəyin artıq 1 əsrdən artıq müddətdə bizimlə nəfəs-nəfəsə yaşayan ilahi sənətindən nəsib olub. 
Amma Üzeyir bəy axı yalnız sənət baxımından deyil, elə ictimai düşüncə sarıdan da müstəsna el müəllimi, millət qurucusu idi.
Səbəbsiz deyil ki, bu millətin ən ali duasının, ən müqəddəs nəğməmiz olan himnimizin də bir neçə fərqli zaman kəsiyindəki bir neçə bəstəsinin yaradıcısı o idi.
Bu da millətin alın yazısıdır - himn elə müqəddəs şərqidir ki, gərək o pak əldən çıxa, saf ruhdan doğa.
Dövr elə gətirdi ki, Azərbaycan Cümhuriyyəti dönəmindəki himnimizi yaratmış Üzeyir bəyə sovet əyyamlarındakı himnimizi doğurmaq da qismət oldu.
Bu isə son dərəcə qeyri-adi, möcüzə timsallı bir təsadüf idi.
Çox da Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlarının ən parlağı idi.
Axı o, Azərbaycan Cümhuriyyəti ilə sıx bağlı olmuşdu.
Yeni rejim, bolşeviklərsə bu qəbil insanların əksəriyyətini, xüsusən Üzeyir bəy kimi üzdə olanlarının demək olar ki, hamısını ələkdən keçirdi, gülləyə tutdi, sürgünlərə göndərdi, həbslərə atdı. Canını qurtaran təklər də bitməz mühacirətə pənah apardılar.
Və 1920-30-cu, hətta lap 1940-cı illərdə də daim Üzeyir bəyin həyatı tükdən asılı kimi idi. Ağzın, qəddar quruluşun fitvası ilə müdhiş son hər an yetişə bilərdi.
Lakin Tarixin hökmünə və Üzeyir bəyin misilsizliyinə baxın ki, Üzeyir bəyi yox etməyi planlaşdıran Azərbaycan Şura Hökuməti ona özünün ən vacib rəmzlərindən biri olan dövlət himnini yazmağı həvalə etdi.
Bu həm də müəyyən mənada xilas, nicat vəsiqəsi idi...
Cümhuriyyət dönəmində hələ radio-televiziya yox idi. 
Sovet onilləri boyunca isə Azərbaycanın səhərləri Üzeyir bəyin bəstələdiyi himnlə açılır, gecə yarı gün həmin milli marşla tamamlanırdı
Artıq 26-cı ildir ki, yenidən istiqlal içindəyik, yenə müstəqilik.
Üzeyir bəyin Cümhuriyyət çağında yazdığı himn təzədən həyata qayıdıb, yeni ömrünü yaşayır, yenə səhərimizi onunla başlayıb, günümüzü onunla bitiririk.
Bu ali millət duası, bu ən üstün millət nəğməsi, sevimli himnimiz hər gün bizimlədir!
Hər an qəlbimizdə, düşüncəmizdə, damarlarımızda axan qandadır!
Mayın 28-də saat 21.30-da və mayın 30-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” Azərbaycan himninə, istiqlal yolumuza, Respublika gününə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook