RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Apr 21, 2017 | 23:08 / Axşam görüşləri
Unudulmamalı adlardan biri: "Axşam görüşləri" verilişinin tarzən Məmmədxan Bakıxanova həsr edilmiş buraxılışının anonsu

Böyük Qüdsinin, Azərbaycana “Gülistan-i İrəm” və sanbalı o cür ağır daha neçə qiymətli yadigarlar qoymuş Abbasqulu ağa Bakıxanov hələ ölməyib. 
Mənən onun sağ olduğunu, təbii ki, bu müstəsna şəxsiyyətin irsinə az-çox bələd olan hər kəs təsdiqləyər. Mənsə Abbasqulu ağa Bakıxanovun elə cismən də sağ olmasına, bizimlə eyni günlərin içərisində varlığına ona görə inanıram ki, dəyərli bəstəkarımız, xalq artlsti Tofiq Bakıxanov sağ-salamatdır, yaşayır, yaradır və gündəlik çalışmalarında, davam edən mübarizələrində, istəklərində mütləq Qüdsi də var. 
Doğmaca balası kimi ulu babasının – Abbasqulu ağanın təəssübünü çəkir, onunla bağlı qapıları döyür, məktublar yazır, bütün istiqamətlərdə bütün haqlarının tam yer almasına çalışır. 
Kimin ki, bu cür canyandıranları, həssas, təmənnasız məhəbbətlə sevənləri, adının, şərəfinin üstündə əsənləri var, mənə görə, həmin adam yüzillər öncə torpağa tarşırılmışsa da, heç yerə çıxıb getməyib, elə yenə sıralarımızdadır.
Hətta məzarın da ölüsü, dirisi, yaşayanı, həyatını başa vurmuşu var. Üstünə gedilməyən məzar da, o məzarda uyuyan da lap ayda-ildə bircə dəfə də olsa onu yad edən, ziyarətinə gələnlər olduqca yaşayır.
87 yaşının içərisində, maşallah yenə gümrah, həyat eşqi ilə dolu Tofiq Bakıxanov bütün tarixdə qalası Bakıxanovların layiqli varisi kimi onların hər birinin adını, izini, xatirəsini yaşatmaqçün onu tanıdığım bütün illərdə olduğu kimi bu gün də usanmır.
Və bazar günü, aprelin 23-də saat 21.30-da və aprelin 25-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi şöhrətli, ama az anılan Bakıxanovlardan birinə, hələ bu adların ən seçkin və üstün sənətkarlara verildiyi çağlarda, 1943-cü ildə əməkdar artist fəxri tituluna layiq görülmiş tarzən Məmmədxan Bakıxanova həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook