RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Okt 14, 2017 | 15:20 / Axşam görüşləri
Özü boyda ürək: "Axşam görüşləri" verilişinin Xəlil Rza Ulutürkun xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Millətə, tariximizə, mənəvi dəyərlərimizə çox bağlı unudulmaz Səfər İbrahimov mənə Hüseyn Cavidlə Mikayıl Müşfiqin birgə olduğu ziyalı məclisindən danışmışdı.
Caviddən şeir oxumaq xahiş olunanda o, Müşfiqi göstərir: “Mikayıl mənim şeirlərimi məndən yaxşı əzbər bilir, məndən də yaxşı oxuyur”.
Və sinədəftər Müşfiq poeziyadakı parlaqlığından savayı, elə hafizəsinin itiliyi, türk şeirindən, klassik irsimizdən ağlasığmaz qədər çoxlu gözəl nümunələri əzbər bilməsi, onları çox duyğulu ifa etməsi ilə bənzərsizmiş.
Müşfiq nəfəs dərmədən uzun dəqiqələr boyu şeirləri oxuduqca oxuyur və hamı görür ki, elə hər şey Cavid deyən kimiymiş.
...Artıq bizim çağdaşımız, tanıldığımız, dönə-dönə dinləyib valeh olduğumuz başqa Mikayıl hafizəsindəki şeirlər qatarının sonugörünməzliyi ilə Müşfiqdən geri qalan deyildi.
Şeir oxumaqda, misraları canlandırmaqda onun da oxşarı olmamışdı. 
Yəni istadadlı qiraət ustalarımız , aktyorlarımız az gəlib-getməyib. Lakin Mikayıl Mirzənin ifa tərzi tamam başqa idi. O şeiri özgəsinin yazdığı şeir kimi deyil, elə oxuduğu anda özünün yaratdığı əsər kimi bütün canı ilə, ruhu ilə, hər əsəb teli ilə ifa edirdi.
İllah da Xəlil Rzanın şeirlərini.
Çünki içərilərindəki vulkan eyni idi, çünki qəlbləri həmahəng vururdu, çünki baxışları oxşar idi.
Və Cavidlə Müşfiqin əhvalatında olduğu kimi hər halda bu da şəksizdir ki, Mikayıl Mirzə Xəlil Rzanın şeirlərini yaddaşına müəllifin özündən daha möhkəm şəkildə həkk etmişdi.
Canlı şahidəm – bu öz yerində. Amma sizlərdən hər biriniz də bunu əyani olaraq görə, eşidə bilər. Videoyazı qalıb. Bir şadlıq məclisində söz Xəlil Rzaya verilir. Həmişəki kimi coşqun, alovlu çıxışını edir və başlayır şeirlərindən birini oxumağa. Arada hansısa misraları dəqiq yadına salmaq üçün ani nəfəsini dərməli olur.
Uzaqdan Mikayıl Mirzənin gur səsi ucalır, həmin Xəlil axtaran misraları söyləyərək ustada ardını davam etdirməkçün qanad verir.
Mikayıl Xəlil Rzanı çox sevirdi.
Kim idi ki, az-çox Xəlil Rzanı tanıya və ona vurulmaya?!
Büllur kimi idi Xəlil Rza, nəcibliklə dolu idi Xəlil Rza, özü boyda ürək idi Xəlil Rza!
Oktyabrın 15-də saat 21.30-da və oktyabrın 17-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” unudulmaz şairimiz Xəlil Rza Ulutürkə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook