RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Noy 06, 2017 | 20:33 / Axşam görüşləri
Onun sevimli nəğmələri: "Axşam görüşləri" verilişinin 100 yaşlı Tofiq Quluyevə həsr edilmiş verilişinin anonsu

Hamınızın, hamımızın təkrar-təkrar baxdığımız, dönə-dönə görəndən sonra da doymadığımız, növbəti dəfə də məmnuniyyətlə seyr etməyə hazır olduğumuz məşhur “Bəxtiyar” filminin bir başqa adı da “Sevimli mahnı”dır. Daha düzü, filmin rus variantının adı belədir. 
1955-ci ildə ekranlaşdırılmış bu filmə köhnəlməzlik, daimi müasirlik bağışlayan, əsəri əvəzsiz edən, böyüklü-kiçikli hər kəsinkinə döndərən cazibənin səbəbi nədir? Söz yox, bu sualın bir deyil, bir neçə cavabı var. 
Burada Lətif Səfərovun istedadlı rejissorluğunun da öz yeri var, Arif Nərimanbəyovun ustaca operatorluğunun da, Elbəy Rzaquliyevin uğurlu rəssam işinin də. 
Bir-birindən qabil aktyorların biri-digərini ahəngdar şəkildə tamamlayan ifaları, Ağasadıq Gəraybəylinin, Münəvvər Kələntərlinin, Ağahüseyn Cavadovun, Sona Hacıyevanın, Məmmədrza Şeyxzamanovun, İsmayıl Əfəndiyevin, hələ o vaxt xeyli gənc olan Lütfi Məmmədbəyovun, Müxlis Cənizadənin çöhrələri ilə bəzənən epizodlar, onların dilindən səslənən ayrı-ayrı ifadələr lap çoxdan zərbülməsəllərə çevrilib, dillərdə əzbərdir.
Bəli, bütün bunların hamısının öz yeri, əhəmiyyəti var. Lakin danılmaz həqiqət də budur ki, o filmi kino sənətimizin ən müstəsna incilərindən birinə çevirən ilk növbədə parlaq nəğmələr və ecazkar səsdir: Tofiq Quliyevin bəstələdiyi nəğmələr, Rəşid Behbudovun oxusu! 
Və həmin məşhurdan məşhur filmin ikinci adını – “Sevimli mahnı” deyimini əslində Tofiq Quliyevin bütün nəğmələrinə aid etmək mümkündür.
Onun 1940-cı illərdən başlayaraq 60 illik iri zaman kəsiyi boyu bəstələdiyi və sənətkarın bütöv musiqi irsinin zirvəsi olan mahnılarının hər biri ayrılıqda “şah əsər”dir.
Azərbaycan mədəniyyətinin tarixində inamla və mübaliğəsiz “qızıl dövr” adlandırıla biləcək 1950-60 və bir qədər də 70-cı illərdə bizim elə dahi sənətkarlar qatarımız yazıb-yaradırdı ki, onların doğurduqları əsrlərcə yaşamağa layiq və qadir olan incilərdir.
Tanrının millətimizə və yurdumuza bəxş etdiyi bu bərəkətli zaman parçasında tam ahəngdarlıq hökm sürürdü. Sözləri yazan Rəsul Rza kimi qüdrətli şair vardısa, o sözləri nəğmələşdirən Tofiq Quliyev də vardı. Gözəldən gözəl nəğmələri canlandıracaq səslər də bir-birindən məlahətli. Tofiq Quliyev xoşbəxt idi ki, onunla eyni günlərin, illərin içərisində Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev, Nərminə Məmmədova, Gülağa Məmmədov kimi ifaçılar vardı və bəstəkar çox vaxt nəğmələrini elə onların səsini, imkanlarını nəzərdə tutaraq yazırdı. Təməlindən mütənasiblik prnəyi olan, sevgilərlə doğulmuş nəğmələr necə sevimli olmasın!
Unudulmaz Tofiq müəllim bir dəfə, hələ 1980-ci illərin əvvəllərində mənə söylədi ki, bir qismini yaddan çıxardığı çoxlu nəğmələri var. Hətta özündə heç notları da qalmayıb. 
Görkəmli bəstəkarımız bu sözləri deyəndə bir ara vaxt eləyib axtarış aparmışdım və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin arxivində onun Bədii Şurada qəbul edilərək təsdiqlənmiş (demək, yəqin ki, o zaman həm də ifa edilmiş) bir neçə naməlum mahnısının izinə düşmüşdüm. 
Azərbaycan teatrlarında tamaşaya qoyulmuş bir sıra pyeslərə yazdığı, amma artıq bilinməyən, səslənməyən əsərlərini də tapmışdım, özü də təəccüblənmişdi. 
Bu tapıntılar onun yadına başqa unudulmuş əsərlərini də salmışdı. 
Nə ola, qabiliyyətli cavan araşdırıcılarımızdan biri bu səmtdə işə başlaya, Tofiq Quliyevin bilinməyən əsərlərinin sorağı ilə arxivləri araya. İnanıram ki, bu nəcib iş başlanarsa, hökmən bizi qəlbən sevindirən nəticələrə gətirib çıxarar, Tofiq Quliyevin bu gün üçün yeni olacaq unudulmuş nəğmələriylə musiqi xızinəmiz bir qədər də zənginləşər.
Tofiq Quliyevin 100 yaşı tamam olur.
Həmişə zarafatla deyərdi ki, mən “Avrora”nın yaylım atəşləri ilə doğulmuşam.
Onun təvəllüd tarixi 1917-ci il noyabrın 7-si idi.
Noyabrın 7-si SSRİ-də ən ali bayram sayılırdı.
Böyük Oktyabr Sosialist inqilabının hər ildönümü bütün Sovet İttifaqı boyu təntənə ilə qeyd edilərdi.
İndi nə SSRİ var, nə Oktyabr inqilabı yada düşür, hamısı qaldı dünəndə. Köhnə nəsillər xatırlayır, yeni nəsillərsə bütün bunlardan bixəbərdir.
Həmin günsə bizimçün bayram olaraq qalır.
Böyük Azərbaycan bəstəkarı Tofiq Quliyevin doğum günü, təvəllüd tarixi kimi.
Bu, Tarixin yazısıdır – geci-tezi var, getməli, unudulmalı olanlar gedir, yaddaşlardan silinir, ürəklərə həkk olunanlarsa yaşayır, həmişə yenidən qayıdır.
Tofiq Quliyev və onun sevimli nəğmələri kimi!
Noyabrın 7-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək və hər zamankı kimi Tofiq Quliyevin tanış nəğməsi ilə başlanacaq “Axşam görüşləri” verilişi bitməz ömrünün birinci əsri başa çatan bəstəkar Tofiq Quliyevə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook