RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Noy 09, 2017 | 20:56 / Axşam görüşləri
Min ilin yolçusu: "Axşam görüşləri" verilişinin 1005 yaşı tamam olan böyük söz ustası Qətran Təbriziyə həsr edilmiş buraxılışının anonsu

Bu misraların yaşı 1000 ilə yaxındır. 
Hansı biriniz 1000 il əvvəl yaşamış və sizə qanla birbaşa bağlantısı olan babanızın adını bilirsiniz? Şəxsən mən bilmirəm, güman edirəm siz də xəbərsizsiniz. Amma biz varıqsa, demək 1000 il əvvəl də, ondan qqabaq da doğma babalarımız olub. Onları tanımırıq, amma həmin əyyamlarda ömür sürmüş və irs yaratmış, iz qoymuş mənəvi babalarımızın nəinki adlarını bilirik, daha artıq onların keçmiş olduğu həyat yolunun çox eniş-yoxuşlarından agahıq.
Qətran Təbrizi o unudulmamalı, tanıdığımız, ancaq daha yaxşı tanımalı olduğumuz mənəvi babalarımızdan biridir.

Ey mənim can sirdaşım, ruzum, ilim, ayım mənim,
Ey gözüm nuru, günəşüzlüm, sən ey Ayım mənim!
Nizə boylum, kirpiyi peykan misallım, dilbərim,
Ey qara zülfü kəməndim, qaşları yayım mənim.
Sərv qamətlim, nədəndir ruhuma biganəlik?
Yoxsa səndən naümidlikdir fəqət payım mənim?
Ol qədər hicrində gördüm mən ziyanlar, indi bax,
Xəstədir məhzun ürək, gözlər – axan çayım mənim.
Varsa inciklik belə, ey canımın sultanı, bil,
Xatirindən çıxdımı haqqım mənim, sayım mənim?
Sən mənə cantək yaxınsan, mən sənə candan yaxın,
Tək şirindillikdə, əfsus, olmadın tayım mənim.

Oxuduqcq zənn edirsinizsə ki, bu şeir bir gözəllər gözəlini vəsf edir, yanılırsınız.
Qərtanın sıra-sıra başqa qəsidələri kimi bu şeirin də ünvanı növbəti hökmdardır.

Əbu Mənsur Qətran Azərbaycani 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində doğulub.
Onillərlə firavan, xürrəm ömür sürən bu şairin yadigar misraları bir tərəfdən onun şadlıq şəhəri Şadiabadda doğulduğunu nişan verirsə, digər tərəfdən ömrünün o biri – qəmli tərəfini, üzdən görünən bəxtiyarlığın alt qatında dərdin, nisgilin olduğunu da anladır:

Bu şəhərdə mən sənə xidmətdəyəm, can qəm dolu,
Çox da ki Şadiabadda xəlq edib Allah məni.

Haralı olmasıyla bağlı bu, Qətranın özünün sözüdür. Amma bir
qisim təzkirəçilər onun doğum yeri haqda fərqli mülahizələr irəli
sürmüş və əsası, qaynağı olmayan bu fikirlər sonralar müəyyən
çaşqınlıqlar da doğurmuşdur. 
Qətran şeirlərini oxuyaraq məftun kəsilmiş, onu "əfsəh üş-şüəra" ("şairlərin ən gözəl danışanı"), "əbləq ül-füsəha" ("sözü gözəllərin ən üstünü"), "əkməl ül-büləğa" ("füsunkar natiqlərin ən kamili") adlandırmış qəsidə ustası Ənvəri Əbivərdi 1134-cü ildə Qətran şeirlərindən ibarət tərtib etdiyi “Divan”ı öz xəttiylə köçürmüşdür. 
Yaxın və Orta Şərqin köhnəlməz nəsihətlər kitabının müəllifi
Şəms ül-Məali Qabus ibn Vəşmgirin oğlu İskəndər Qətranla simsar imiş.
Atası "Qabusnamə"ni İskəndərə həsr etdiyi kimi, Qətran da
məsnəvilərindən birini dostuna ithaf edib.
Dövlətşah Qətranın bu əsərinin adını da verir: "Vamiq və Əzra". Oradaca başqa bir əsərinin də adını çəkir: "Quşnamə".
Əmin Əhməd Razinin XVI əsrin saxlancı olan "Həft iqlim"i isə
digər itkin Qətran əsərinin sorağını çatdırır: "Qövsnamə".
Amma Əmin Əhməd Razi bundan başqa Qətranın dörd müxtəlif vəzndə olan digər dörd məsnəvisindən də bəhs açır. Həm də
onun məlumatı işarə edir ki, bu məsnəviləri təzkirəçi bilavasitə görüb, oxuyub. Çünki həmin məsnəvilərin hansı vəzndə olduğunu, həm də, yəqin ki, hansı ovqatda səsləndiyini əyaniləşdirməkçün onları müasirlərinin yaxşı tanıdığı əsərlərlə tutuşdurur – məsnəvilərdən birinin Caminin "Söhbət ül-əbrar", ikincisinin Zülalinin "Zərrə və Xurşid" vəznində olduğunu, üçüncüsünün həzəc və dördüncüsünün mütəqarib bəhrində yazıldığını bildirir. 
Qətran da lüğətçilikdə gücünü sınayıbmış. Onun "Ət-təfasir"
əsərinin də bugünlük adı ortadadır. Bu, fars dilində ilk izahlı lüğətdir. 
Görkəmli İran ədəbiyyatşünası Vəhid Dəstgirdinin "klassik
elmlə əsrimizin bilikləri arasında keçid nöqtəsi olan möhkəm bir
körpü" adlandırdığı Məhəmmədəli Tərbiyət (1875-1940) "Daneşməndan-e Azərbaycan" ünvanlı əsərində Qətran lüğətinin farsların öyündüyü, lüğətçiliklərinin tarixində ən mükəmməl və zirvə əsərlər saydıqları Əsədinin "Müstəşhədat", Əbu Həfs Sədin "Risalə", Əlaəddinin "Zübdət ül-luğə" kitablarının üçündən də əvvəl meydana gəldiyini iftixarla bəyan edirdi.
Məhəmmədəli Tərbiyət "Daneşməndan-e Azərbaycan"da Qətranın 12 min beytlik "Divan"ını öz gözüylə gördüyünü deyir.
Qətrana mənsub qəsidələrin böyük hissəsi də uzun zaman "fars
şairlərinin Adəmi" adlandırılan Rudəkinin ayağına yazılıb.
Azərbaycan təzkirəçisi Rzaqulu xan Hidayət "Məcmə ül-üsəha"sında, bu qəbil topluları yaradanların çoxundan fərqli olaraq, yalnız toplayıcılıqla məşğul olmamış, alimanə incələmələr də aparmışdı. Qətranı "ən uca ulduzlardan daha yüksəkdə bərq vuran, işığıyla gözlərə nur bağışlayan" adlandıran Rzaqulu xan Hindistanda daşbasma üsulu ilə nəşr edilmiş Rudəki "Divan"ının, əslində, Qətrana aid olduğunu ilk dəfə kəşf etmiş, bu şeirlərin Rudəkiyə mənsub olmadığını ilk növbədə ən üzdə olan bir əlamətlə isbat etmişdir – qəsidələrin çoxu Rudəkidən xeyli sonra yaşamış Azərbaycan hökmdarlarına həsr edilib ki, Qətran da onların saraylarında yaşayıb-yaradıb.
Sonralar isə Rzaqulu xan Hidayətin açdığı cığırla gedən böyük
İran alimi Səid Nəfisi Rudəkiyə həsr etdiyi sanballı araşdırmasında həqiqəti yerbəyər edib, bu yanlış addımın XVI əsrdən etibarən atıldığını, 1595-97-ci illərdə yazılmış "Fərhəng-i Cahangiri"də ilk dəfə bu xətanın yer aldığını, sonra isə əsərdən-əsərə, əsrdən-əsrə keçərək kök atdığını göstərmiş, nüfuzlu alim hökmüylə Qətranın adından ayrı salınmış şeirlərin hamısını rəsmən ona "qaytarmışdır".
Qətranın "Divan"ısa onun öz adıyla ortaya yalnız 1955-ci ildə çıxır. Azərbaycan alimi Məhəmməd Əli Naxçıvani səkkiz müxtəlif nüsxədən yararlanmaqla Qətranın nisbətən bütöv "Divan"ını araya-ərsəyə gətirməyə müvəffəq olur. Bu "Divan" əvvəldən sonacan Qətranın ayrı-ayrı padşahlara və hökm sahiblərinə həsr etdiyi mədhiyyələrdən ibarətdir. Yəni tərkibinə bir neçə tərkibbənd, tərci, müqəttə və rübailər daxil olsa da, bu mədhiyyə qəsidələrdən ibarət bir məcmuədir və divançılığın oturuşmuş yol-yolağasına mütabiq olaraq, əslində, burada başqa şeir şəkilləri də sıralanmalıydı, qəzəllər də olmalıydı.
Qətranın bu şeirlərini dahi şair Əbdürrəhman Cami sözbəsöz köçürüb. Qətranın müqabilində özünü onun “Divan”ınım xəttatı kimi görməkdən iftixar duyan Caminin bu əməli bir tərəfdən təvazökarıq nümunəsidirsə, digər tərəfdən Qətranın böyüklüyünün göstəricisidir.
Saray Qətranı məmnuniyyətlə qəbul edirdi. Çünki ağlıyla, qabiliyyətiylə, şeirdəki hünərvərliyilə söz ustaları qafiləsində də, nə-
dimlər cərgəsində də birinciliyə layiq idi.
Və Qətran ilhamını güzərana, yaxud gələcəyə həsr etmək deyə
iki yol ayrıcında qalanda yaxşı dolanışığı seçmişdi.
Noyabrın 12-də saat 21.30-da və noyabrın 14-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi 1005 yaşı tamam olan böyük söz ustası Qətran Təbriziyə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook