RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Noy 18, 2017 | 19:58 / Axşam görüşləri
Elə görkəmindən ziyalılıq yağırdı: "Axşam görüşləri" verilişinin tarzən Baba Salahovun xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Elə görkəmindən ziyalılıq yağırdı. 
Gözlərində qalın sağanaqlı eynək, sifətində həmişə daxili təmkinini nişan verən ciddi ifadə, hərəkətləri, danışığı, rəftarı sahmanlı, ölçülü-biçili. 
Tanımayan olsa, ilk baxışdan onu bir alim, təcrübəli müəllim, oturuşmuş qələm sahibi zənn edərdi. 
Amma istedadlı, qabiliyyətli və elə o qədər də təvazökar, özünü diqqət mərkəzinə çəkmək duyğusundan, şöhrət hisslərindən çox uzaq olan bu sadə insan musiqiçi idi, tarzən idi və onu bütün Azərbaycan tanıyırdı. 
Baba Salahov əməkdar artist idi və 1960-70-ci illərdə bu ad xeyli ölçülüb-biçilıəndən sonra, əsasən də tam layiqlilələrə verildiyindən bu titul gününə görə onun xidmətlərinin həm xalq, həm dövlət tərəfindən tanınmasına bir sübut idi. 
İndi xalq artisti adı daşıyan xeyli musiqiçimiz var və aralarında tarzənlər də az deyil. O zamansa xalq artisti tarzən tək Hacı Məmmədov idi, xeyli sonralar Bəhram Mansurov oldu, ondan da bir xeyli sonra Həbib Bayramov. 
Hərəsi özünə görə seçilən, üstün tarzənlər olan, hər biri sevilən bir xalq çalğı alətləri ansamblına rəhbərlik edən Baba Salahov da, Əhsən Dadaşov da əməkdar artistl idilər və həyatdan elə bu titullarla da getdilər. 
Ancaq mahiyyət tutullarda deyil ki! 
Hər kəs onların böyüklüyünü etiraf edirdi və Bu gün də insaflı, dürüst qiymət verməyi bacaran sənət əhli Baba Salahovun da, Əhsən Dadaşovun da qat-qat artıq şərəflərə layiq olduğunu təsdiqləyir.
Bu bəlli bir həqiqətdir ki, xalq musiqisi ifaçılarımız adətən yalnız səhnədə, ekranda, efirdə olmayıblar, elə lap köhnə vaxtlardan həm də el şənliklərini bəzəyiblər. 
Yəni həm məclislərə rövnəq veriblər, həm də toy-düyünün hesabına dolanışıqlarını qurublar, oradan qazandıqları ilə ailələrinin ehtiyaclarını yola veriblər.
Bab Salahovsa toylara getmirmiş. Hətta ailə üzvlərinin bu barədəki tövsiyyələrinə, xahişlərinə də müsbət cavab vermirmiş ki, mən səhnə adamıyam, daim ekrandayam, o boyda xalq çalğı orkestrində işləyirəm, ansambl rəhbəriyəm, yaraşmaz ki, toylara gedim. 
Əvəzində 5 yerdə işləyirmiş. Bu işdən çıxıb obirinə tələsirmiş və axşamlar da evə-yorğun-arğın qayıdırmış, lakin heç kəsdən təmənna götürmədən halal zəhməti ilə dolanırmış.
İstədim görüm bu mahir tarzən, musiqi təşkilatçısı, saf insan haqqında sağlığında, özünün olmadığı vaxtlarda nələr yazılıb. 
Mütəəssir oldum. Görmək istədiklərimi tapa biımədim. 
Məgər insan özünü gözə soxmayan olanda, yerini biləndə, təvazösü bəlkə qədərindən də artıq olanda ona belə biganə yanaşarlarmı?
Bu onun dövründəki yazı-pozu adamlarına gecikmiş iradım, gileyimdir.
Bəs indi musiqidən, mədəniyyətdən yazanlar necə? Siz tarzən Baba Salahovu lazımınca tanıyırsınızmı, xidmətləri olmuş bu sənətkarı millətə daha artıq, daha yaxşı təqdim etmək, tanıtmaq barədə heç düşünmüsünüzmü?
Axı Baba Salahov mədəniyyət tariximizin elə dəyərli səhifələrindən və simalarındandır ki, gərək unudulmasın, gərək daim anılsın və həmişə də layiq olduğu yüksək qiyməti verilsin!
Noyabrın 19-da saat 21.30-da və noyabrın 21-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi tarzən Baba Salahovun xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook