RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Dek 01, 2017 | 21:00 / Axşam görüşləri
Ardınca su atılsaydı: "Axşam görüşləri" verilişinin Azərbaycan mədəniyyət tarixinin əvəzsiz xadimlərindən olan Məmmədsadıq Əfəndiyevin xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Bütün böyük dinlər, Kitablı dinlər bunu təsdiqləyir: Allaha iman və inam, Allaha sevgi yalnız gecə-gündüz Ona ibadət, dualar oxumaqdan ibarət deyil.
Vətənə sevgi də imandandır, gördüyün gərəkli işə vicdanlı münasibət də imandandır, ətrafındakı insanlara – Tanrının xəlq etdiyi və hər biri Pərvərdigarın tam təkrarsız əsəri olan bəşər övladına sayğılı, mərhəmətli, nəvazişkar münasibətin də dolayısı ilə elə imandandır, Haqq Dərgahında qeydiyyata düşən savab əməllərdir.
Millət üçün vacib işlər görmüş, yurdun yaddaşına silinməz izlərini qoymuş və həyatda da heç başacan yarımamış parlaqları unutmamaq, ehtiramla anmaq, əməklərinin layiqli qiymətini vermək də elə səmimi ibadət kimi Allaha xoş gedən əməllərdəndir.
40-ca il ömür sürmüş bu soydaşımızı gərək unutmayaq. 
Qızı sağdır, onun adını yaşatmaq, xatirəsini əbədiləşdirmək üçün çalışır. Amma Vətən üçün can fəda etmiş, milləti daxilən daha zəngin edəcək işlərə imza atmış və artıq dünənin dumanlarında əriyib-itən qiymətli adlar məgər yalnız doğmalarının, yaxınlarının diqqəti sayəsində yaşamlıdırlar? Axı onlara hamımızın böyük ölçüdə borcumuz var.
XX yüzilin 20-ci illərinin əvvəllərində ilk dəfə Sovet İttifaqına ayaq açan caz musiqisi Azərbaycanda qısa müddətdə sevilir, həm çoxlu dinləyici, həm də mahir ifaçılar tapır. 1939-cu ildə Azərbaycan Dövlət Caz Orkestrinin yaranmasına ciddi hazırlıqlar başlayır və 1941-ci ilin sentyabrında SSRİ-də ilklərdən olan həmin orkestr birinci konsertini verir. Mədəniyyət tariximizin bu şərəfli səhifəsində Niyazi, Tofiq Quliyev, Pərviz Rüstəmbəyovla yanaşı Məmmədsadıq Əfəndiyevin adı var.
Unudulmaz Şəmsi Bədəlbəyli bu fəal, bir an sakit dayanmayan mədəniyyət xadiminin 1930-cu illərdə Azərbaycan teatr həyatının tərəqqisi üçün necə canıyananlıqla çalışdığı barədə həyəcanlı söhbətləri ilə hələ 1970-ci illərin sonlarında məni Məmmədsadıq Əfəndiyevin şəxsiyyətinə heyran qoymuşdu.
Yüksək vəzifələr tutmasına baxmayaraq mədəniyyətin fəhlə işini də məmnuniyyətlə yerinə yetirirmiş. Tərcümələr də edirmiş, teatr tənqidi ilə də məşğul olurmuş, rejissorluğa da cəhdlər edirmiş, yeri düşəndə səhnəyə çıxıb rollar da oynayırmış, dərs də deyirmiş, müxtəlif auditoryalarda mühazirələr də oxuyurmuş.
Düşünürəm ki, 40 illik qısaca ömür yaşamış, 1941-45-ci illər müharibəsində həlak olmuş Məmmədsadıq Əfəndiyevin həyat yolu belə erkən qırılmasaydı, hələ gör nə qədər faydalar verə bilərdi. Amma orasını da fikirləşirəm ki, bəlkə heç müharibə olmasaydı da, növbəti bir repressiya dalğası onu da udacaqmış. 
Axı 1938-ci ildə NKVD bayquşları bir ara gəlib həbs də etmişdilər onu! 
Əslində heç cəbhəyə də aparılmamalıydı. 
Əsgər gedəndə Filarmoniyanın direktoru imiş, vəzifsəinə görə arxa cəbhədə qalmaq, buradakı mühüm işlərini görməkdən ötrü möhlət hüququ varmış. 
Qızı, musiqşünas İmruz xanım Əfəndiyeva xatırlayır ki atam cəbhəyə yola düşəndə anam xəstə idi, yataqda idi, 6 yaşım vardı. Atam məni götürdü qucağına, bağrına basdı, öpdü, ağladı, sanki bir daha evimizə qayıtmayacağını hiss etmişdi. Anam elə halsız idi ki, hətta ayağa qalxıb atamı yola sala bilmədi. Sonralar həmişə anama deyərdim ki, bəlkə ardınca su atılmadığına görə atam qayıtmadı...
...Bu yazını da, Məmmədsadıq Əfəndiyev haqqında hazırladığım verilişi də onun ardınca bir cam su kimi səpirəm. 
Qayıtsın deyə! 
Və əlbəttə ki, məhəbbətə, hörmətə layiq olanlar anıldıqca mütləq qayıdır, minnətdar xələfləri ilə birgə olur!
Dekabrın 3-də saat 21.30-da və dekabrın 5-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi Azərbaycan mədəniyyət tarixinin əvəzsizi xadimlərlərindən olan Məmmədsadıq Əfənditevin xatirəsinə həsr edilir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook