RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Dek 09, 2017 | 21:22 / Axşam görüşləri
Xudu çırağı: "Axşam görüşləri" verilişinin böyük Azərbaycan ziyalısı Xudu Məmmədova həsr edilmiş buraxılışının anonsu

Allah hərəyə bir cüt göz verib. 
Pərvərdigar bu neməti hamıya bərabər paylayıb, fəqət görmə qabiliyyətini hərəyə bir başqa cür nəsib edib. 
Birinin dünyaya gələndən gözləri başqalarınınkından iti olur, biri elə uşaq vaxtından tor görür, eləsi də olur ki, qoca yaşınacan iynəni özü saplaya bilir. Kimisi uzağı yaxşı seçir, yaxını pis görür, elələri də var ki, yaxını babat görür, amma eynək taxır ki, uzağı da o cür seçə bilsin. 
Zahirən Xudunun gözləri xüsusi sağlamlığı ilə, itiliyi ilə seçilən gözlərdən deyildi. Ancaq onda elə bəsirət vardı ki, başqalarının görmədiyini görə bilirdi.
Digərlərinin yüz dəfə baxıb yanından keçdiklərində heç kəsin sezmədiyini dərhal tuta bilmək qeyri-adiliyi nəsib idi ona. 
Onun təfəkkür gözü elə qüvvətli idi ki, üzdən baxınca batinə nüfuz etməyi bacarırdı. 
Bu həm xoşbəxtlikdir və həm də müəyyən mənada dərddir.
Və böyük alim, böyük vətəndaş Xudu Məmmədovun ayrı bir xoşbəxtliyi və eyni zamanda həm də ağır yükü bu idi ki, lap xırda yaşlarından ona biganə olmamaq, laqeyd qalmamaq qabiliyyəti nəsib olmuşdu.
Görəsən o səbəbdənmi ki, Xudu uşaqlığında köçəri həyatı yaşamışdı və özünü təbiətin bir parçası saymışdı?
Yazmağa başladığı, lakin bitirməyə macal tapmadığı və ömür tarixçəsi olacaq kitabında belə etiraf edirdi: “Köçərilik qədər geniş əhatəli, insan təması, həyat gözlənilməlikləri olan, rəngarəng təbiət hadisələri ilə qarşılaşdıran bir həyat tərzi düşünmək çətindir. Çölçülük insanı ayıqlaşdırır, köçəridə baxmaq stereotipi əmələ gəlir, o hər şeyi görür”.
Razıyam, qəbul edirəm bunu, di gəl, Xudu Məmmədov axı sadə köçərinin görmədiyi çox şeyləri də görmək iqtidarında idi!
İxtisasca, məşğul olduğu elm sahələri baxımından geoloq idi, kimyaçı idi, kristalloqraf idi və “yerin altını da, üstünü də görə bilən” ifadəsi bu baxımdan ona çox yaraşırdı. 
Lakin Xudu müəllim axı insanın da həm zahirini, həm batinini oxuya bilirdi. 
Bir insanşünas idi!
Axı o həm də dünya gedişatının, hadisələrin istər çölünü, istər dibini dərhal aydın görüb dəyərləndirmək qüdrətinə malik idi.
Bir cəmiyyətşünas idi!
Xudu Məmmədov bizlərdə orta əsrlərdə bol olmuş ensiklopedik zəkalı, universal bilikli nəhəng alimlər zümrəsindən idi. 
Xətib Təbrizidən, Bəhmənyar Azərbaycanidən, Nəsirəddin Tusidən üzü bu yana gələn o möhtəşəm yoldakı zirvələrin sonuncusu Abbasqulu ağa Bakıxanov idi.
Ancaq Xudu müəllimi həmin seçkin zəka sahibləndirən fərqləndirən, daha üstün edən vacibdən vacib bir keyfiyyət də vardı.
Hər an ürək kimi bütün varlığında çırpınan vətəndaşlıq duyğusu, yurd sevgisi, millət nigaranlığı.
Onun bu bayatısını indi kitablarda yazıldığı kimi deyil, öz dilindən eşitdiyim təhər yadımda saxlamışam:

Dünyadan umma şəkər, 
Ömrümüzə turp əkər.
Dərdimiz yetim qalsa,
Bizdən sonra kim çəkər?!

O bu dünyaya və bu millətə müqəddəs bir vəzifəylə gəlmişdi.
Vətənə və xalqa çıraq olmaq, yaşadığı illər içərisində daim faydalı olmaq, yatmış beyinləri oyatmaq, ümidverici qafaların parlayışına təkançı olmaq vəzifəsiylə.
Çıraq tək qalanda nə qədər uzun yansa da, geci-tezi var, hökmən sönəsidir.
Xudu isə elə çıraq idi ki, öz nurundan başqa çıraqlara da nur verirdi, yeni-yeni çıraqları yandırırdı.
...1942-ci ildə gecənin bir aləmində NKVD maşını dayanır onların doqqazında. 
O illər “NKVD” sözü insanların nəzərində elə gedər-gəlməz, qulyabanı, adamyeyən, Əzrail, cin-əcinnə kimi vahiməli bir şeymiş. 
Gələnlər evdəkilərə neft lampasını yandırtdırırlar, başlayırlar axtarış aparmağa.
Evi ələk-vələk eləyəndən sonra Surxay kişini – Xudunun atasını da kirli caynaqlarına alıb gedirlər.
Xudu müəllim o gecəni həmişə kədərlə xatırlayar və özünə xas yorğun müdriklilə deyərdi ki, çırağımızı uzun müddətə söndürtmək üçün həmin gecə bir saatlığa yandırtdırıbmışlar...
Bəlkə bir də o çırağı söndürülmüş ocağın qeyrəti Xudunu səfərbər etmişdi ki, bütün qəlbi, düşüncəsi, canı ilə yanar çırağa çevrilsin?! 
Millət çırağına, Vətən çırağına!
Elə çırağa ki, onu nə ən dəhşətli küləklər, nə vaxt qasırğaları söndürə bilər.
Elə çırağa ki, nur bağışladığı çıraqlar, millət yaşadıqca daim şölələnəcək!.. Və bir-birindən güc alan o işıqlar səbəb olacaq ki, Xudu Çırağı daim yanar dursun!
Dekabrın 10-da saat 21.30-da və dekabrın 12-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi böyük Azərbaycan ziyalısı Xudu Məmmədova həsr ediləcək.
Dekabrın 14-də unudulmaz Xudu müəllimin 90 yaşı onsuz gəlir...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook