RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Avg 12, 2017 | 22:44 / Axşam görüşləri
Dünyanın və millətin övladı olmağın ibrətli yolu: "Axşam görüşləri" verilişinin Alim Qasımova həsr edilmiş I buraxılışının anonsu

40 il əvvəl o, taleyin Azərbayana bəxş etdiyi bir qızıl külçə idi.
Bu günsə o, milli sərvətdir.
Sadəcə təbii sərvət olmaqdan milli sərvətə çevrilməyə qədərki həmin yol isə bir ömür uzunluğundadır.
Və bu çətin, zəhmətli, sınaqlarla dolu yolda ona hansı məqamdasa azacıq da olsa arxa durmuşların hər birinə təşəkkürüm var.
Həmin xeyirxah, nəcib, təmənnasız kəslər yalnız böyük yola çıxmış bir insana kömək etməyiblər.
Onlar mahiyyəti etibarı ilə Allahın bu millətə ərməğan göndərdiyi nadir qızıl külçənin tədricən milli sərvətə çevrilməsinə dayaq durublar.
Ən çox təşəkkür və minnətdarlıq isə, əlbəttə ki, onun özünə düşür.
Təkcə bu səbəbə görə yox ki, belə parlaq istedadın sahibi olmaq onun qismətidir.
Yanıb sönmüş, milli sərvətə, milli rəmzə çevrilə biləcəyi halda yarı yolda itib-batmış o qədər parlaq istedadlar olub ki!
Bu işıq daşıyıcısına, bu istedad yiyəsinə, bu tale seçkininə ən əvvəl ona görə ki, borcluyuq ki, usanmaz əməkləri, dönməzliyi, ardıcıllığı və eşqi ilə Tanrı payı olan qızıl külçəni yarı yolda qeyb olmaqdan xilas edərək cilalamaq, irəlilətmək və bugünkü milli sərvət, yurdu üçün milli qürur, iftixar mərtəbəsinə ucalda bilmək onun müstəsna xidmətidir.
Axı bu uzun və çətin yolun canlı şahidiyəm. Bilirəm ki, maneçilik törədənləri də, qibtə edənləri də, ağız büzənləri də, əleyhinə yava danışanları da, böyüklüyünü görmək istəməyənləri də az olmayıb. 
Həyatın, güzəranın, dolanışığın doğurduğu sıxıntılarla da qədərincə rastlaşıb.
Xarici ölkələrə səfərlərə çıxıb. Sənətimizin ülviyyətini dünyaya göstərmək üçün, cüzidən də cüzi haqla, bir qarın ac-bir qarın tox dolanaraq çox məhrumiyyətlərə tab da gətirib.
Sırf Azərbaycan xalq musiqisi ifa edən sənətçilərimizdən heç biri xaricdə onun qazandığı uğuru əldə edə bilməyib.
Adətən başqa ən məşhurların konsertlərinə baxmağa, dinləməyə gələnlərin əksəri soydaşlarımız olub.
O isə qeyri-adi peşəkarlığı ilə qərbliləri özünə və sənətimizə məftun etməyi bacarıb.
Onun Avropada səhnəyə çıxdığı axşamlarda tamaşa salonunu dolduranların yüzdə doxsanı bizimkilər, şərqlilər deyil, qərblilərdir.
Bu cazibəyə, bu fatehliyə isə nail olmağın ardında onillərin fədakarlıqları var.
Bu gün onun adı və sənəti millətimizi, Vətənimizi dünyada tanıdan, sevdirən rəmzlərdəndirsə, necə bu şəxsiyyətə ən dərin məhəbbətlər bəsləməyəsən?!
Vətənə, millətə candan, ləyaqətıə xidmətin saysız yolları var.
Bu müqəddəs xidmətin hər kəsə müəyəssər olmayacaq ən şərəfli və ibrətli yollarından biri də Alim Qasıımov olmaqdır!
Alim Qasımov məqamı eyni anda həm dünyanın, həm millətin olmaq bəxtiyarlığıdır!
Avqustun 13-də saat 21.30-da və avqustun 15-də saat 23-də Azərbaycan Radiosunda, FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi böyük sənətkarımız, xalq artisti Alim Qasımova həsr edilir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook