RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Dek 16, 2017 | 22:32 / Axşam görüşləri
Ömər Faiqin andı: "Axşam görüşləri" verilişinin Ömər Faiq Nemanzadənin xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Ondan mənə yadigar qalan kinolentdəki Cavidlə bağlı söhbətimiz, atası, ömrün çətin, sınaqlı illəri haqqında xatirələri, bir də yay günündə eyvanda əyləşib danışdığımız əsnada kinooperator dostumuz Nəriman Şıxəliyevin bizdən xəbərsiz çəkdiyi fotolardır.
Adı ilə taleyi heç də uyğun gəlməyən Bəxtli xanım böyük Ömər Faiq Nemanzadənin qızı idi.
Tanrı ona belə pak, belə uca bir şəxsiyyətin övladı olmaq kimi qəmli səadət nəsib etmişdi.
Onun necə düyünlü həyat yaşamış olmasını bütün acısı və sarsıntıları ilə yalnız “xalq düşməni” damğası vurulmuş soyadı daşımış, sovetlərin o müdhiş əyyamlarının iç üzündən yaxşı xəbərdar olanlar bilər.
Amma de çəkdikləri heç onu zərrəcə qabalaşdıra, mələk həlimliyinə iynə ucu boyda izini qoya bilmişdimi? 
Əsla! Sanki elə adına tam yaraşan bəxtəvər, rahat, qorxu-hürküsüz ömür sürmüşdü.
O nurlu qadın başdan ayağa bir nəciblik mücəssəməsi idi. 
Atasının millət naminə ölçüyəgəlməz, sözəsığmaz dəyəri olan əməklərindən, qismətinə çıxan müsibətlərdən danışaraq qəhərlənən səsi ilə atasına ağı kimi oxuduğu bu Sabir misraları indi də Bəxtli xanımın səsində qulaqlarınmdadır. 
O şeri Mirzə Ələkbər Ömər Faiqə hələ çar dövründə üzləşdiyi zülmlərə görə həsr etmişdi. 
Kim bilərdi Sabirin bu nəsihətlərindən “dərs almayan”, millətə xidmətlərini davam etdirən Ömər Faiqi hələ nə dəhşətlər gözləməkdədir:

Soldumu gülzarın, ey Faiq-i Neman pesər?
Lale-yi nemanların oldumu xunincigər?
Sinənə dəst-i qəza çəkdimi six-i kədər?
Nərgis-i şəhlalərin jaləçəkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Söyləmədimmi sənə rahət otur heyfsən?
Çəkmə bu millət qəmin, çək özünə keyf sən!
Xanə deyildir sənin, getməlisən, zeyfsən!
Eyləmədin etina qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Fayidə verməz dedim etdiyin əfqan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqibət, guşe-yi zindan sənə,
Guşe-yi zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Hələ 1904-cü ildə yazdığı və “Şərq-i Rus”da dərc edilmiş “İbqa-yi hissiyat” şeirindəki bu misralar onun məramnaməsi, gələcək illər üçün müəyyənləşdirdiyi proqramı, millət qarşısında içdiyi and idi:

Könlümün məqsudi qırmaqdır əsarət qeydini,
Meyı-i təmim-i həqayiq meyl-i baladır bana.
Ədl, həqq, hürriyyət-i əfkar, tərfih-i bəşər,
Ta ölüncə dildən ayrılmaz məzayadır bana.

Əsarət zəncirlərini qırmaq yolunda çalışmağın, həqiqətləri müdam car çəkməyi bütün istəklərindən üstün tutmağın, ədaləti, haqqı, fikir azadlığını, insanların rifah içərisində yaşamasına çağırışların son nəfəsədək dilindən düşməyəcək ən ali dəyərlər olacağını bəyan edən Ömər Faiq axıradək də andına sadiq qaldı.
Mühərrirlik etdi, müəllimlik etdi, gərəkli saydığı kitabları millətin bilik üfüqlərini genişləndirməkçün dilimizə çevirdi, Mirzə Cəlillə birgə “Molla Nəsrəddin” kimi müstəsna mizah toplusunu doğurdu, millət quruculuğu, xalqın yüksəlişləri naminə hər nəyi var – biliyini, vaxtını, rahatlığını, sevgisini...fəda etdi. 
Axıra bir canı qalırdı, onu da təhvil verib əbədiyyətə uçdu...
Halına yandıqları – mən, sən, o, hamımız bu təmənnasız yaxşılıqlarının, məcnunca məhəbbətlərinin müqabilində ondan ötrü nə etmişik?
Əziz Şamil müəllim Qurbanovun ruhu şad olsun! Bu baxımdan təkcə onun üzü ağdır!
Ömər Faiq Nemanzadə haqqında kitab yazdı, əsərlərinin bir çoxunu nəşr etdi.
Şəxsən mən hələ Ömər Faiq əfəndiyə borcluyam!..
Unudulmaz Bəxtli xanım mənə müraciət edəndə adıma “müəllim”, “bəy” deyil, “əfəndi” kəlməsini əlavə edərdi.
Əfəndilər əfəndisi Bəxtli xanım sağkən heyf ki, Ömər Faiq haqqında ürəyim istəyən, yaza biləcəyim qədər çox yazmağa macal tapmadım. Söz yox, Bəxtli xanımın sınıq qəlbinə daha artıq məlhəm, təsəlli olardı. 
Neyləməli, vaxt amansızca sürətlə axıb keçir. 
Hər halda etmədiklərimi mütləq edəcəyəm, əziz Bəxtli xanım! 
Ancaq hardan bilim agah olacaqsınız, ya yox! 
Kaş duyaydınız! 
Dekabrın 17-də saat 21.30-da və dekabrın 19-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi böyük ədibimiz, millət fədaisi Ömər Faiq Nemanzadənin xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook