RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Dek 22, 2017 | 19:47 / Axşam görüşləri
Böyük yolun yeni ili: "Axşam görüşləri" verilişinin növbəti doğum gününü qarşılayan Prezident İlham Əliyevə, Azərbaycanımızın çətin, sınaqlı müstəqillik yolları ilə irəliləyişləri barədə düşüncələrə həsr edilmiş buraxılışının anonsu

O, XXI əsrə, III minilliyə, ən yeni tarixə müstəqil Azərbaycan dövlətinin bu yüzillikdə seçilən Birinci Prezident kimi daxil oldu. 
Əlbəttə, sayca İlham Əliyev müstəqil Azərbaycanın ilk dövlət başçısı deyil. 
1918-ci ildə istiqlal bayrağımızın ilk dəfə ucaldığı zamanlarda Məclis-i Məbusan – parlament sədri seçilən və həmin illərin bir sıra mənbələrində adı elə “prezident” kimi anılan Əlimərdən bəy Topçubaşovdan tutmuş müstəqil Azərbaycana 10 il başçılıq edərək dövlətimizi XX yüzildən yeni əsrə müstəqilliyi qat-qat güclənmiş halda çatdıran qüdrətli Heydər Əliyevəcən ölkəmizin prezidentlik kürsüsünə 4 nəfər yüksəldi. Bu sayla İlham Əliyev 5-ci Azərbaycan prezidentidir. Amma XXI əsrin ilk 10 ili bitdi, ikinci onili tamamlanmaq üzrədir, tarix təqvimində artıq 3-cü minillikdir və İlham Əliyev təzə əsrdə, yeni minillikdə, bütün yönləriylə büsbütün yeni olacaq təzə zamanda xalqın artıq üç dəfə seçdiyi ilk Azərbaycan Prezidentidir.
Yeni dövrün ilk Azərbaycan Prezidentinin məhz cavan bir dövlət başçısı olması da, əslində, təsadüf yox, zamanın təklif etdiyi qanunauyğunluqdur.
Yeni zamanda Azərbaycan xalqının Prezident seçdiyi İlham Əliyev qədd-qamətindən, zövqlərindən, mədəni səviyyəsindən tutmuş bir sıra əcnəbi dilləri ana dili kimi bilməsinəcən, peşəkar siyasətçi və siyasətşünas olmasından tutmuş müasir iqtisadiyyatın həm təcrübəsi, həm nəzəriyyəsiylə bilavasitə məşğul olmasınacan əsl müasir dövlət başçısıdır. 
Yeni əsrin sürətlərinə və tələblərinə layiq dövlət başçısı!
Bu cür dəqiq seçimi etsə-etsə elə Vaxt edə bilərdi.
...Heydər Əliyev 1969-cu ildə Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə irəli çəkiləndə İlhamın vur-tut 8 yaşı vardı və üfüqdə onun uşaqlığı, yeniyetməliyi, gəncliyi gülümsəyirdi. 
Təbii, ölkənin birinci şəxsinin, Heydər Əliyev kimi qüdrətli atanın övladı olmaq, onun tərbiyəsi ilə böyümək şərəfdir. 
Söz yox ki, həm də qayğılardan azad, təmin olunmuş bir həyat deməkdir. 
Lakin üç onillikdən artıq bir zaman kəsiyində Azərbaycanda və bütün dünyada tanınan, ən üzdə olan, həmişə ali dövlət vəzifələri daşıyan bir atanın övladı olmaq həm də ağır bir yükdür. Bu, əksər uşaqlara, əksər yeniyetmələrə, əksər gənclərə nəsib olan çox azadlıqlara, sərbəstliklərə tamarzı qalmaq, müəyyən mənada qayğısız uşaqlıq, yeniyetməlik dövründən məhrum olmaq deməkdir. 
Sən dərsə, şəhərə gəzməyə, əylənməyə başqaları kimi azad gedib-gələ bilmirsən, küçədə, məhəllədə digər tay-tuşların kimi asudəcə top qova bilmirsən. 
Ayrı həmyaşlarından fərqli olaraq, sən lap erkən çağından danışığına da, oturuşuna-duruşuna da hədd qoymaq məcburiyyətinddə qalırsan. 
Uşaqkən, yeniyetməykən, gənc ikən isə sənin ən sevmədiyinsə elə cürbəcür məhdudiyyətlər olur. 
Heç kim İlham Əliyevə dövlətin birinci şəxsinin övladı kimi yaşadığı uşaqlığa, yeniyetməliyə, gəncliyə görə həsəd aparmasın. 
Heydər Əliyevin oğlu olmağın böyük məsuliyyəti ömrü boyu onunla yanaşı addımlayıb.
Və hətta İlham Əliyev özü Prezident olandan sonra da bu məsuliyyətin dərəcəsi azalmayıb ki, artıb!
Etiraf edək ki, bu, çəkilməsi qətiyyən asan olmayan ağırdan-ağır yükdür. 
Hər halda, ən azı ömrünün son 40-45 ilində, dünyanı mürəkkəbliyi ilə dərk eləməyə başladığı ilk vaxtlardan İlham Əliyev daim onun üçün ucalardan-uca olan bir ismi – “Heydər Əliyev” adını hər addımı, hər sözü, hər hərəkəti ilə qorumalı olub.
Deməli, heç vaxt özünün özü üzərində nəzarəti əskik olmayıb. Demək, hər vaxt məsuliyyət duyğusu içərisində ayıq-sayıq, sərvaxt olub.
Odur ki, İlham Əliyev uşaqlığında yeniyetmə, yeniyetməliyində oturuşmuş bir gənc, gənc ikən ahıl kimi düşünən, hərəkət edən bir şəxs olub.
Dünyanı yaxşısı-yamanı ilə qavradığı əyyamlardan hər bir əməli, hər bir sözü ilə atasının və ailəsinin yüksək adını və ləyaqətini mühafizə etməyi özünə borc bilmiş, bunu özünün başlıca həyat vərdişinə, düşüncə, əxlaq tərzinə çevirmiş İlham Əliyev indi eyni məsuliyyətlə bütöv ölkənin və bütün millətin şərəf yükünü daşımaqdadır. 
O cür ömür, o cür tale yaşamayan belə bir yükü çəkə bilərmi?!
...Bakıda, İstiqlaliyyət küçəsində, indi Elmlər Akademiyamızın Rəyasət Heyətinin yerləşdiyi binanın – füsunkar "İsmailiyyə"nin lap yuxarı hissəsində ərəb əlifbasıyla gendən naxışa bənzəyən nəfis xətlə orta əsrlər ərəb müdriyinin iki hikməti yazılıbmış. 1920-ci illərdə bolşeviklər Bakını işğal edəndən az sonra köhnə mədəniyyətə qarşı total hücuma girişən səfeh proletkultçuluq tüğyanları zamanı o yazıların həkk olunduğu kaşı lövhələri oradan sındırıb qoparırlar. Hər gün yoldan ötənlərin diqqətini yaraşığı və düşündürücü cazibəsi ilə cəlb edən həmin nəsihətlərin biri beləymiş ki, övladlarınızın tərbiyəsini vaxtın ixtiyarına buraxın. Çünki onlar zamanın balalarıdır.
Prezident İlham Əliyev böyük Heydər Əliyevin övladıdır.
Lakin Prezident İlham Əliyev həm də yeni Zamanın balasıdır.
Hər iki Valideynin çox istedadlı balası olduğu üçün də bunca güclüdür.
Lakin Prezident İlham Əliyev həm də Azərbaycanın istiqlal və dövlətçilik irsinin yavrusudur.
1918-ci ilin baharında, yenicə elan edilmiş istiqlalın bəxtiyarlığının ürəkləri coşdurduğu əziz günlərdə müstəqil Azərbaycan Respublikasının ilk Baş naziri və ilk müstəqillik şəhidlərimizdən biri Fətəli Xan Xoyski gələcəyə ən sarsılmaz ümidlərlə söyləmişdi ki, biz istiqlalın bünövrəsini qoyduq, onun irsini yaradırıq. Bu müstəqilliyin taleyinin necə olacağını söyləmək çətindirsə də, şəksizdir ki, istiqlalımız mütləq gələcək içərisində yaşayacaq. Çünki irs varsa, mütləq onun varisləri də olacaq.
Prezident İlham Əliyev övlad olaraq Heydər Əliyevin varisidir.
Amma Prezident İlham Əliyev Azərbaycan istiqlalı və dövlətçiliyinin sadiq balası kimi həm də Şanlı Müstəqillik yolunun, Şərəfli İstiqlal İrsinin VARİSİdir!
Bu da bir qanunauyğunluqdur ki, Bakıda müstəqilliyimizin qurucuları şərəfinə istiqlal abidəsini ucaldan da Prezident İlham Əliyev oldu.
...Dünyada heç bir hadisə təsadüfən baş vermir.
Hər hadisənin ardında vaxt gərdişinin qaçılmaz məntiqi var.
Dövlət başçısı üçün zəruri olan bütün üstün keyfiyyətlərə malikliyi öz yerində, amma İlham Əliyevin bir insan olaraq yaşadığı tərcümeyi-hal və tale də bütün ayrıntılarıyla açıqca nişan verir ki, zaman lap kiçik yaşlarından onu elə bugünkü günə, yeni əsrdə, yeni minillikdə Azərbaycan dövlətinin sükançısı olmağa hazırlayırmış.
Əsas qanunumuz prezident seçiləsi insanlara yuxarı yaş hədd qoymasa da, aşağı yaş məhdudiyyətini müəyyən edib. 
Və bunun mənası dərindir. 
Nə qədər oxusan da, öyrənsən də, ucu-bucağı görünməyən biliklərə, istedada sahib olsan da, həyat məktəbinin ömür təcrübəsinin yerini heç nə vermir. 
Dövlət başçısı seçilmək, yaşından asılı olmayaraq “millətin atası” adlandırılmaq haqqına və mərtəbəsinə yetmək üçün gərək öncələrdən dünyanın isti-soyuğunu da hiss etmiş olasan, yaşayışın bərkinə-boşuna da düşəsən.
İlham Əliyev qısa ömrü ərzində həyatın hər üzüylə rastlaşıb. Rahat, sıxıntısız həyatı da görüb, məhrumiyyətləri də.
1980-lərdə, həyatının Moskva illərində – atası Heydər Əliyevin nəhəng SSRİ-nin rəhbərlərindən olduğu çağların ruh yüksəkliyi ilə aşıb-daşan məsud günlərini yaşayıb İlham Əliyev. 
Və sanki hər şeydən – bütün sevinclərdən və sabaha gözəl ümidlərdən məhrum olduğu günləri də olub. 
Qəzavü qədər nəfəs dərməyə macal vermədən sarsıdıcı zərbələrini bir-birinin ardınca endirib. 
İlham Əliyevin ömründə qaradan-qara nəhs bir zolaq başlanıb. 
Hər qayğısına, dərd-sərinə hayan olan cavan anasını insafsızca erkən itirib.
Qəfildən ağır xəstələnən atası bütün vəzifələrindən uzaqlaşdırılıb, təhdid və təqib edilib, Heydər Əliyevi Moskvada həbs, Azərbaycanda qətlə yetirilmək qorxusu gözləyib.
Dövranın idbar sifətləriylə ilk dəfə bütün çılpaqlığı ilə üzləşən İlham Əliyevi də elə Heydər Əliyevin oğlu olduğu üçün işlədiyi institutdan kənarlaşdırıblar.
Sanki hər şey itirilib. Sanki hər şey bitib. Sanki karyerasına birdəfəlik iri bir nöqtə qoyulub. Sanki həyatın dadı qaçıb.
Sanki onlarçün bütün qapılar qıfıllanıb, çıxılmaz dalana dirəniblər.
Kim təsəvvür edərdi ki, Sovet imperiyası dağıla bilər?!
Amma ruhdan düşməyiblər.
Nə Heydər Əliyev, nə İlham Əliyev.
İnsan həyatda bircə ləyaqətini itirməklə hər qazandığını qeyb edə bilər. 
İnsan ən müşkül vəziyyətdə belə şərəfini, mənliyini, qürurunu qorumaqla itirdiyi hər şeyi bərpa edə bilər.
Onlar ləyaqətlərini ən müdhiş sınaq anlarında qorumağa güc tapıblar.
Ailənin səksəkəli, qanıqara günlərində İlham Əliyev atasına da, bütün başqa əzizlərinə də arxa olub, təsəlli olub, inam yeri olub. 
Onların hər birini hər şeyin yaxşı olacağına inandıra bilib.
Özünü oda-közə vurub, çalışıb, ailəni dolandırıb, əzizlərini sınmağa qoymayıb.
Və böhrandan çıxıblar, burulğandan qurtulublar.
İlham Əliyev ailəsini, ailəsinin ləyaqətini ömrün məşəqqətli günlərində bu cür dəyanətlə qoruya bilib.
Bu gün o, bütöv Azərbaycan ailəsinin başçısıdır.
Bu Ailəni də həmişə eyni Ləyaqətlə qoruyacaq!
Həyatın şirinini də, acısını da daddığından millətin xoş halından da, müşküllərindən də yetərincə agahdır.
O, həyatın astarını da, avandını da zəhmətkeş, həssas əlləriylə duymuş, fərqli ömür məqamlarında eyni kişilik və dəyanətlə yaşamış bir insandır.
Onunla hər uzaq yola çıxmaq olar. 
O, arxa olmağı bacarır. 
Millət yeni əsrdə artıq üç dəfə onu intixab edibsə, pənahını, ümidini ona bağlayıbsa, onun ardınca getmək qərarına gəlibsə, qətiyyən yanılmayıb. 
Bu seçimin bəhrələri isə göz qabağındadır.
Bu ali seçimin nəticəsi gündən-günə yüksələn, rövnəqlənən və qüdrətlənən Azərbaycandır.
Dekabrın 24-də mənə çox əziz olan insan – dövlətimizin başçısı Prezident İlham Əliyevin ömrünün daha bir ili başa çatır, daha bir yeni ili başlanır.
Həmin gündən bircə həftə sonra isə hamımızın daha bir təqvim ilimiz sona yetir, ömrümüzə təzə il gəlir.
Hər yeni ilsə yeni yol deməkdir.
Uğurlu, sevincli, mübarək olsun!
Dekabrın 24-də saat 21.30-da və dekabrın 26-da saat 23-də Azərbaycan Radiosunda səslənəcək “Axşam görüşləri” verilişi növbəti doğum gününü qarşılayan Prezident İlham Əliyevə, Azərbaycanımızın çətin, sınaqlı müstəqillik yolları ilə irəliləyişləri barədə düşüncələrə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook