RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Yan 19, 2018 | 20:54 / Axşam görüşləri
Bağlı pərdə ardındakı arzu: "Axşam görüşləri" verilişinin unudulmaz bəstəkarımız Elza İbrahimovanın xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Onun mahnılarından biri belə alanır: “Gedək üzü küləyə”. 
Əslində yaradıcılıq yolu həmişə elə yoxuşa qarşı, üzü küləyə doğru getmək deməkdir. 
Böyük ölçüdə isə ömrümüz də aşırımları adlaya-adlaya, acıları-sevincləri dadaraq, mübarizələr apara-apara üzü küləyə doğru sabahlara irəliləmkdən ibarətdir.
Bəzən yarızarafat-yarıciddi söyləndiyi kimi ömür sadəcə görüləcək işlərin siyahısı demıəkmiş...
Hərçənd, həyatda da, yaradıcılıqda da yolu üzü küləyə olmayanlara da az rast gəlinmir. 
Sanki başqalarına qabaqdan əsən, sürəti ləngidən sərt yellər kimlərçünsə səmt küləyinə çevrilir, əksinə, onları bir az da qabağa itələyir, addımlarını, irəliləyişini yeyinlədir.
Amma istedadla dolu, zəhmətkeş bəstəkar Elza İbrahimovanın həyatı və yaradıcılıq yolu elə mahnısında deyilən kimi idi.
Üzü küləyə qarşı!
Şəxsi həyatında da, yaradıcılıqdakı özünüifadəsində də sıxıntıları az olmamışdı, çətinliklər, ağrılar onu həmişə müşaiyət etmişdi.
Arzularının, niyyətlərinin bir çoxu illərcə gerçəkləşmədən ürəyində qalmışdı.
Elza xanım xeyli dərəcədə özünə qapalı, müşküllərini üzə vurmayan, dərdləri ilə başqalarına yük olmağı sevməyən insan idi. Nə nisgili olsa daha çox içəridə çəkərdi. Ona görə də gendən baxan elə zənn edərdi ki, bütün işləri yağ kimi gedir.
Öz etirafı idi – heç vəchlə yeganə qızının da musiqidə, sənətdə olmasını, bəstəkarlıqla məşğul olmasını arzlamırdı. Çünki özünün qarşılaşdığı çətinliklərin, maneələrin onu da incitməsinə qətiyyən razı deyildi.
Bir-birindən melodik bəlli mahnılarının, hamınızın məşhur ifalarda eşitdiyiniz nəğmələrinin aəksəriyyəti elə ilk səslənişindən sevilib, geniş yayılıb, illər ötdükcə də köhnəlməyib, təravətini qoruyub-saxlayıb.
Ancaq orası var ki, eşidilmiş, lentə alınmış mahnıları Elza İbrahimovanın yaratdığı nəğmələrin heç beşdə biri deyil.
Ürəyinin hərarətini bağışladığı, hərəsi bir əziz övlada bərabər neçə mahnısının notları hələ öz sağlığında illərcə masasının gözündə, kitab rəfində qalırdı. 
Və bir çoxu indiyəcən də qalmaqdadır. 
Həm də onların heç biri Elza xanımın tanış nəğmələrindən geridə qalmaz.
Elza asanlıqla sınan, tez ruhdan düşən adamlardan deyildi.
Usanmadan işləyirdi, çalışırdı, yeni-yeni əsərlərini yazırdı və təbii ki, hər kəsdən daha əvvəl bir peşəkar olaraq özü dəqiq anlayırdı ki, bunların hər biri yaxşıdır, mütləq insanlara çatmalıdır və səslənərsə, rəğbətlə qarşılanacaq. Ona görə də yaratmaq həvəsi sönmürdü, inadla işləməkdə davam edirdi.
Ancaq bir əsəri vardı ki, onu lap tezliklə hökmən səhnədə görməyi lap çox umurdu.
1988-ci il idi. Azərbaycanın, Qarabağın başının üstündə qara buludlar sıxlaşmağa üz qoymuşdu. 
Azərbaycan, Bakı hərəsi bir faciəli tale sahibi olan ilk qaçqınlarımızı, ilk məcburi köçkünlərimizi qəbul etməkdə idi. 
Ermənistandandakı dədə-baba torpaqlarından amansız vəhşilklə qovulan, bu əsnada olmazın işgəncələrə məruz qalan, bir çoxu q canını qurtaramaq üçün ışın qış günündə qarlı dağlardan ayaqyalın, nazik paltarda qaçıb-qurtarmaq istəyərkən buz heykəlllərə çevrilən soydaşlarımızın dərdli qisməti o günlərdə hər kəsi sarsıdırdı.
Və Elza İbrahimova da millətin taleyindəki bu dəhşətli hadisələrdən bəhs edən “Yanan laylalar” adlı operasını yazmağa başlamışdı.
Bu əsər üzərində düz 5 il işlədi və opera 1992-ci ildə tam hazır idi.
Amma elə əvvəlki illərdə də Elza bu əsərin səhnədə necə görünəcəyini, necə səslənəcəyini hissə-hissə bütün təfərrüatı ilə təsəvvür edirdi.
Çünki hansı rolu kimin oynayacağını artıq müəyyənləşdirmişdi. 
Bir sıra ariyaları artıqməhz nəzərdə tutduğu müğənnilərin səs imkanlarını nzərə alaraq bəstələyirdi.
Firudin Mehdiyev, Baba Mirzəyev, Əli Usubov, Səfurə Əzimi... tez-tez Elza xanımgilə gəlir, hazır parçaları məşq edir, uzaqda olmayan premyeraya hazırlaşırdılar.
Opera teatrının direktoru , xalq artisti Azər Rzayev də əsərin ayrı-ayrı parçalarını dinləyibmiş, bəyənibmiş, Qarabağ faciəsindən bəhs edən, günlə səsləşən yeni operanın məhz bu günlərdə xalqa təqdim olunmasında maraqlıymış. 
Həmin səbəbdən də Elza partituranı bitirən kimi teatr əlyazmanı qəbul da edir, müqavilə də reallaşdırılır.
Ancaq qəfildən başlanır bu gün-sabahlar. Hansısa gizli əllər görünmədən cürbəcür əngəllər yaratmağa başlayırlar. 
3 ay ötür, 5 ay keçir, aylar dönüb olur il və beləcə başlayır illər bir-birini əvəzləməyə.
“Yanan laylalar”ı səhnəyə aparan yol qapalı olaraq qalır.
Elza operanı 1988-ci ildə, 50 yaşı olanda başlamışdı və 60-ına da çatır, 70-ni də ötür, 24 il həsrət içərisində ümidlə gözləyir.
Mahnılarından biri “Daha məndə dözüm yox” adlanırdı.
Və həyatda ümunmən çox dözümlü olan Elzada daha dözüm qalmır.
2012-ci ildə nəhayət ki, bezir, gözləməkdən yorulur, bu sonu görünməyən intizar onu dərin depressiyaya salır. 
“Yanan laylalar”ın bu narahat qisməti axırı ki, yandırır Elzanı.
2012-ci ilin fevralında sönür...
Elza İbrahimova heç vaxt nə tamaşaçı, dinləyici sevgisindən korluq çəkmişdi, nə də dövlətin qayğı və diqqətindən.
50 yaşı tamam olanda əməkdar artist adına layiq görülmüşdü, 74 yaşına çatanda isə ona xalq artisti adı verildi.
Amma neyləməli ki, insani həsəd deyilən mərəz də həmişə var, yaxşı-yaman rəqabət də, sənət qısqanclığı da.
Elza İbrahimovanın “Yanan laylalar” operasına badalaq vuran, yolunu bağlayan bu səbəblərdən hansı oldu?
İndi o köhnə palan içi eşməyə nə ehtiyac.
Daha Elza xanım yoxdur, yol bitib.
Əsərsə qalır.
Məgər bizim Qarabağ faciələrindən, ərazilərimizin işğalından, elan edilməmiş üzücü müharibədən bəhs edən canayatan sənət əsərlərimiz bu qədər çoxmudur, ya təzə uğurlu operalarımız bu qədər boldurmu ki, “Yanan laylalar”a bunca biganəyik?!
Bağlı pərdə dalında onillərlə səslənmək növbəsini gözləyən o əsərin yolu haçan açılacaq?
Yanvarın 21-də saat 21.30-da və yanvarın 23-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi unudulmaz bəstəkarımız Elza İbrahimovanın xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook