RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Fev 02, 2018 | 22:46 / Axşam görüşləri
100-dən 1 gün əvvəl və 1 gün sonra: "Axşam görüşləri" verilişinin Qara Qarayevin 100 illiyinə həsr olunmuş verilişinin anonsu

O il yalnız yeni tariximizin deyil, bütöv keçmişimizin ən dəhşətli, ən həyəcanlı, ən sarsıntılı parçalarından idi. 
Çox illər sonra da bu rəqəmlər sırasının adicə səslənişi insanları üşəndirəcək, xoflandıracaq, qüssələndirəcək. 
Və mən o tarixin çox müdhiş səhifələrinə bələd olduğumdan həmin ilin ağrılarını sanki şəxsi həyatımda yaşamış kimiyəm. 
Amma ilk dəfədir ki, köhnə bir qəzet kəsiyində həmin tarix gözümə sataşır və irəyim iftixarla dolur, sevinirəm, fərəhlənirəm.
Bu İ.Şteynman adlı bir şəxsin 1937-ci ilin iyulunda qələmə aldığı yazıdır.
Adətən həmin ildə ya kimsə donoslar yazırdı, ya kimsə qəzetlərdə donosdan geri qalmayan çirkablı məqalələr dərc etdirirdi, ya kimsə Allah bilir hansısa təzyiqlər, işgəncələr, təhdidlər altında həbsxana divarları arasında dünənəcən ən sadiq dost dediyi insanlar haqda şər dolu ifadələrə imza atırdı, ya da kimsə NKVD zirzəmisində növbəti üzücü dindirmədən sonra protokolun altında qələmi zorla tutan titrək barmaqlarıyla onu ölümə aparan bu mənhus sənədlə tanış olduğunu təsdiqləyirdi.
1937-ci ilin iyulunda Cavid zindandaydı, Müşfiq zindandaydı, Mümtaz zindandaydı, Seyid Hüseyn zindandaydı və millətin neçə-neçə digər parlaq övladı işgəncələr məngənəsində çırpınırdı...
Bəs nədən 1937-ci ilin iyulunda yazılmış bu qəzet məqaləsi könlümü açır, məndə fəxr duyğusu oyadır?
1937-ci ildə gələcəyin böyük bəstəkarı Qara Qarayevin 19 yaşı varmış, tələbəymiş musiqi folklorunu toplayan ekspedisiyanın tərkibində gedibmiş Şəkiyə. 
Məqalə bunu xəbər verir ki, Qara Qarayev və onun səfər yoldaşları – Məmmədsaleh İsmayılov, Cövdət Hacıyev (məqalə müəllifi sadəcə onların soyadını göstərib, adları mən yerinə qoyuram. Çünki o səfər barədə mənə ömrün ixtiyar çağında Cövdət müəllim özü danışmışdı) həmin bölgədə 75 el nəğməsi və rəqs melodiyasını fonoqrafla qeydə alıblar və nota köçürüblər. 
Dağlara qalxıblar, yaylaqda çobanların tütəkdə ifa etdiyi “Çoban qaytarması”nı yazmaqla yanaşı bir sıra nadir xalq musiqi alətlərini əldə ediblər.
Bu yazı xatirimə günlərin birində rəhmətlik Tofiq Quliyevin öz evində mənə göstərdiyi Qara Qarayev əlyazmalarını gətirir. 
O vərəqlərdə Qurban Pirimovun ifa etdiyi muğamlar əks olunmuşdu. 
Onları ustadın çalğısından Qara müəllim notlaşdırmışdı.
Qaranı Qara edən bu təməllər, köklərə bunca dərindən bağlılıq, milli musiqimizi lap gənclik çağlarında bulağın gözündən nuş etməsi idi. 
Məhz bu incilərin təsirindəndir ki, onun müasirliklə, Qərb ahəngi ilə dolu simfonik əsərlərinin nüvəsində, maysında milli ruh nəbz kimi daim döyünməkdədir...
Fevralın 4-də, bazar günü, müstəsna sənətkarımız Qara Qarayevin 100 yaşına 1 gün qalmış Azərbaycan Radiosunda, FM 105 tezliyində səslənəcək “Axşam görüşləri”ndə bu parlaq yaradıcılığa və şərəfli ömrə birgə səyahət edəcəyik. 
Və çərşənbə axşamı, fevralın 6-da saat 23-də yenə həmin dalğada, artıq misilsiz Qara Qarayevin 101 yaşının ilk günündə həmin veriliş təkrar səslənəcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook