RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Mart 02, 2018 | 23:09 / Axşam görüşləri
Rizvanın kino kimi həyatı: "Axşam görüşləri" verilişinin Rizvan Sədirxanovla bağlı buraxılışının anonsu

Onun həyat yoldaşı da, qızı da musiqiçidir. 
Üstəlik hələ balaca nəvəsində də fitrətən musiqi istedadı var, təzə bir melodiya eşidən kimi xoşuna gəlsə, dərhal əzbərləyir. 
Bütün bunlara görə bəstəkar və müğənni Rizvan Sədirxanovun ilk əsas münsifləri elə öz evinin işərisindədir. Təzə nə yazsa, yeni nə oxusa, birinci onlar eşidir və qiymətlərini də verirlər. 
Evdən sonra ikinci və üçüncü münsif də var ki, biri burda – Bakıdadır, digəri uzaqda – Moskvada. 
Amma məsafədən asılı olmayaraq Rizvanın nəinki hər təzə əsəri, hətta həyatında baş verən ən xırda yeniliklə bağlı həmin evdən kənardakı 2 münsif də ləngimədən agah olur. 
Yəni xəbəri Rizvan özü çatdırır. Çünki hər 2 dost çox onillərdir ki, onunla birgədir və ömrünün hər enişinə yoxuşuna bələddir. 
Burdakı, Bakıdakı dost mənəm, Moskvadakı – özü orda, ürəyi həmişə Bakıda olan dost isə Azər Cahangirov.
Rizvan yapışıqlı səsi, yüksək ifa qabiliyyəti olan müğənnidir. 
Asəf Zeynallı adına orta ixtisas musiqi mətəbində də, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da, İtaliyada, Ozima şəhərində təhsil alarkən də vokalın sirlərinə dərindən yiyələnib. 
Bir müğənni kimi İtaliya səhnələrindən tutmuş Bolşoy teatra, Bakı konsert salonlarınacan çıxışları az olmayıb və hər dəfə də dinləyənlərini məftun etməyi bacarıb. Lakin çox təəssüflər olsun ki, onun səsi Azərbaycanda geniş kütlələrə dolğunluğu ilə yalnız son 10-15 ilin içərisində çatıb. Bu da radioda ara-sıra səsləndirlən oxularından daha əvvəl “Səmim qəlbdən” və “Şairin ürəyi” səs albomlarına görə. Hər iki diskdə bütün mahnı və romansların həm bəstəkarı, həm ifaçısı Rizvan özüdür. Oradakı əsərlərin bir qismini başqa müğənnilər də oxuyub. Amma Rizvan öz nəğmələrini elə təsirli oxuyub ki, əsərlərinin başqa ifaçıları ilə müqayisədə onun üstünlüyü aşkar sezilir.
Bir tərəfə baxanda elə belə də olmalıdır. Axı həmin əsərlərin hər biri not-not, səs-səs əvvəlcə onun könlündə yaranıb.
Rizvanın bəstələdiyi mahnı və romansların sayı 600-ü lap çoxdan aşıb. Hətta bəzən bu qəbildən olan rəqəmləri dilə gətirməyə belə utanır. 
İndiyədək bir-birindən eşidimli o əsərlərin əksəriyyəti bütün Azərbaycana bəlli deyilsə, mütəmadi olaraq radio-televiziyalarımızda səsləndirilmirsə, göstərilmirsə bu qətiyyən Rizvanın təqsiri deyil.
Ümumumən bunca parlaq istedadı, bunca inadkar işgüzarlığı, belə yüksək məhsuldarlığı müqabilində Rizvan indiyədək nail olmalı olduqlarının heç onda birinə yetməyibsə, yenə heç vəchlə özü təqsirkar deyil.
Səbəbkar hadisələrin ayrı cür yox, məhz bu sayaq olan gedişi, təsadüflərin bu tərzdə sıralanması, bir az bəxtin gətirməməsi, bir az kimlərinsə biganəliyi, bir az kimlərinsə həsədi, hikkəsi olub.
Təbii, günahların bir qismi də mənim boynumdadır ki, Rizvanın qarşısında layiq olduğu qapıların açılmasına arzuladığım qədər kömək edə bilməmişəm. Amma Allah şahiddir ki, hər halda bacardığımı etməyə daim çalışmışam. Gücüm başqa şeyə çatmayanda həmdərd olmuşam, mənəvi dayaq durmuşam, onu ovutmuşam, təsəllli vermişəm, həvəsləndirmişəm, ruhlandırmışam.
Azər də mənim kimi! Ancaq Azərin məndən bir üstünlüyü var. Əvvələn, o, Rusiyada Rizvana bu və ya digər dərəcədə aid olan hər mədəni tədbirə, konsertə qatılmağa hökmən cəhd edir və çox zaman da buna nail olur. 
Bir də görürsən gecənin bir aləmində telefonumuza onun belə tədbirlərdən isti-isti çəkdiyi videolar çatdı. Ləzzətlə və həm Rizvana, həm Azərə minnətdarlıqla seyr edirəm, belə operativliyin mətbuatımızda, radio-televiziyalarımızda olmamasına heyfslənirəm…
Digər tərəfdən Azər dost uğuruna o qədər geniş ürəklə sevinə, bunu bir an içərisində o qədər geniş dairə ilə bölüşə, sevincini, iftixarını, ürəyini dolduran fərəhi elə coşqun tərzdə ifadə edə bilir ki, ona hər dəfə yenidən vuruluram.
…Rizvan əslən şuşalıdır. Bakıda böyüsə də, Şuşada evləri olub və hər yay mütləq ailəliklə ora gediblər. 
Səs ata-baba yurdunun ona elə doğulandan bəxş etdiyi nemət idi. Onda gələcəyin yaxşı musiqiçisini hələ onillər öncə həmin Şuşadaca unudulmaz bəstəkarımız Süleyman Ələsgərov görmüşdü və bunu Rizvanın atasına da söyləmişdi: “Soltan, siz nahaq bu uşağa sadə abxırsınız. Onda əsl musiqiçi ürəyi var!”,
Ata da fikirləşirdi ki, qarabağlıda səs də ola bilər, musiqi istedadı da və burada qeyri-adi heç nə yoxdur. 
Niyyəti idi ki, oğlu onun yolu ilə getsin, texniki peşə seçsin, mühəndis olsun. 
Və Rizvan da sözəbaxan, tərbiyəli uşaq idi, ata öyüdünə əməl etmişdi. Gedib Neft-Kimya institutuna daxil olmuşdu. 
Yaxşı tələbə idi və bunu yalnız həmin çətin oxunan təhsil ocağını fərqlənmə diplomu ilə qurtarmasına görə təsdiqləmirəm. 
Hərdən söhbət düşəndə rəhmətlik Azad Mirzəcanzadənin onlara az qala yarım əsr əvvəl oxuduğu mühazirlərin elə xırda təfərrütlarını yada salıb ki, bunun yalnız möhkəm yaddaşdandeyil, həm də ixtisasa dərindən bələdlikdən irəli gəldiyinə inanmışam.
Ali məktəbi başa vurmuşdu, neftçi kimi işləməyə başlamışdı, yaxşı mühəndis kimi hörmət də qazanmışdı.
Amma ürək dinc dayanmırdı axı!
“Asəf Zeynallı”ya evdən, aildən gizlin daxil olmuşdusa, artıq mühəndis işlədiyi çağlarda Konservatoriyanın axşam şöbəsinə bunu sirr kimi saxlamayaraq qəbul edildi.
Həm neftçi, həm müğənni olan Bəxtiyar bir film qəhrəmanı idi ki, hamımızın
ömrümüzə böyük Rəşid Behbudovun məharətli oyunu və məlahətli ifası ilə daxil olub.
Amma həm yüksək səviyyəli mühəndis, neftçi, həm də gözəl müğənni, bəstəkar olan Rizvan Sədirxanov haqqında nə sənədli, nə bədii film çəkilib.
Film onun gündəlik həyatıdır ki, yaşayır.
Dursam onun tələbəlik dövrünün, neftçilik illərinin, konservatoriya əyyamlarının, İtaliyada təhsil aldığı zamanların, Bakıya qayıdandan sonra 1990-cı illərin əvvəllərinin böhranlı dönəmindəki yaşadıqlarının əhvalatlarını yazmağa, sərgüzəştlərlə dolu kino bu həyatın yanında daha solğun görünər.
… “Min bir gecə” nağıllarının məşhur Sindibadı ellər gəzdi, şəhərlər dolaşdı, illəri qürbətlərdə sürdü.
30 il əvvəl Rizvan mənə hələ 10 öncə bəstələmiş olduğu “Dənizçi Sindbad” rok operasından danışanda, onunla qonşuluqda kirayə qaldığım mənzildəki pianoda həmin yeni əsərin parçalarını çalanda hardan ağlıma gələrdi ki, o vaxt mənə eşidilənlərin hamıya çatması üçün hələ bundan sonra gərək üç onillik keçə.
Əslində 50-60 ilə bərabər 30 il sürətlə ötüşdü. 
Gəncliyimizi özü ilə apararaq getdi.
Sindbad qayıdır. Azərbaycan musiqi mədəniyyəti tarixində son dərəcə əlamətdar bir hadisəyə səbəbkar olaraq qayıdır.
Rizvan Sədirxanov musiqi tariximizdə bir ilkə imza atır.
“Səyyah Sindbad” (bu artıq mənqoyan addır. Əsərdə sözlərini mənim yazdığım ilk nəğmə belə adlanır).
Bu, bizim birinci milli rok-operamızdır.
Bu artıq tarixdir və 40 il yol gəlmiş həmin tarixə heç kəs şərik ola bilməz!
Bu uğur mənim əziz dostum, dəyərli Azərbaycan bəstəkarı və müğənnisi Rizvan Sədirxanovun halal haqqıdır!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook