RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Mart 17, 2018 | 14:27 / Axşam görüşləri
Novruzun qoca şairə yol açması: "Axşam görüşləri" verilişinin Rubaba Muradovanın xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Bu il Novruz martın 20-sində gəlir. Demək, 19-u bayram axşamıdır. 
Hərçənd, köhnə dədə-baba qaydasınca, camaat yəqin yenə paytaxtda 20-sini bayram axşamı, 21-ni bayram kimi, rayonlarda 21-ni bayram axşamı, 22-sini bayram günü kimi keçirəcək. 
Novruzun saniyəsinə qədər dəqiq gəliş anını bilməsinə və oynayan təqvimə məhəl qoymayaraq xalqımızın belə sabit qeydetmə günləri müəyyənləşdirməsində əlbəttə ki, müdrik, təmkinli bir yanaşma var və bunu təqdir edirəm. 
O bayramlar ki, bütün xalqa aiddir orda gərək çaşbaşlıq yaradan heç bir əlamətə yer qalmasın!
Martın 19-da, bayram öncəsi son iş günüdə ənənəvi olaraq yenə Ölkə Prezidenti İlham Əliyev bu əziz bayramı xalqla birlikdə qeyd etməkçün tonqal alovlandıracaq, millətə təbriklərini, ürək sözlərini, arzularını çatdıracaq.
Bu bayram günündə Dövlətin Başçısı xalqla birgədirsə, demək, Novruzun bütün millətinki olmasının heç bir maneəsi yoxdur. 
Digər tərəfdən də Azərbaycanın Birinci Şəxsinin hər il Novruzda vətəndaşlarıyla bayramlşması, birgə şadlanması bəlli siyasəti ifadə edir. 
Deməli, bu dövlət milli dəyərlərə sadiqdir, onları sevməyi, qorumağı, yaşatmağı başlıca vəzifələrindən biri sayır!
Amma həmin 19 mart astanasında, Novruzun nəfəsinin lap yaxından duyulduğu əsnada bu düşüncələri bölüşməyimə səbəb XI əsrdə yazılmış bir şeirin yadıma düşməsidir.
1974-cü ildə mən Sergey Mironoviç Kirov adına Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin tələbəsi idim. 
Çoxdan Universitetin adından silinmiş, təzə nəsillərə isə az qala bəlli olmayan o soyadı məşhur təhsil ocağımızın adının əvvəlində ona görə yazdım ki, həmin çağlardakı ictimai-siyasi durumumuz lap aydın təsəvvür edilsin. 
Dövr elə dövr idi ki, xalq öz arasında Gəncə söyləsə də, ikinci böyük şəhərimizin adı rəsmən Kirovabad idi. 
Novruz bayramı Vəli Axundovun Azərbaycan Sovet Respublikası Mərkəzi Komitəsinin Birinci katibi, yəni respublikanın başçısı, Şıxəli Qurbanovun ideologiya məsələləri üzrə katib, faktiki olaraq ikinci yerli siyasi şəxs (yerli olmayan həqiqi mənada ikinci siyasi şəxs isə adətən Moskvadan göndərilən ikinci katib sayılırdı) olduğu 1960-cı illərdə Novruz sovetin uzun sürən yasaqlarından sonra qayıdaraq təntənə ilə bayram edilmiş, hətta televiziya ekranlarına çıxmışdısa, sonra yəqin ki, Moskvanın bunu millətçiliyin coşması təhlükəsi sayaraq sıxışdırmasıyla vəziyyət dəyişmişdi. 
Bir müddər ötüncə ən ən mürəkkəb siyasi düyünləri açmaqda xüsusi məharət saibi olan unudulmaz Heydər Əliyev ağıllı tərpənərək yəqin ki, Kremllə danışıqlar apardı, Novruzun heç də milli hissiyyatın baş qaldırması deyil, hər hansı dini köklərlə əlaqədar deyil, sırf yazın gəlişi, təbiətin oyanması ilə bağlı bir el şənliyi olmasını yuxarıdakılara inandıra bildi. 
Və oralardan icazə ala bilməsindən sonra Bayramımız küçələrimizə, meydanlarımıza, efirimizə, ekranımıza da təzədən qayıtdı. Ancaq orası da var ki, xeyli müddət daha NOVRUZ kəlməsni işlətmədən elə Bahar Bayramı deyildi.
XI əsrin mütəfəkkiri filosof və şair Baba Tahir Üryanın ömür yolunu, elmi və ədəbi irsini öyrənməyə bizə qədim fars dilindən dərs deyən professor Rəhim Sultanovun tövsiyyəsi ilə tələbəlik vaxtlarımdan, artıq II kursda oxuyarkən başlamışdım. Tədqiqatımı apara-apara Baba Tahirin dübeytilərini də farscadan azərbaycancaya bədii tərcümə etmişdim. 
1974-cü ilin əvvəlində onlardan təxminən 100-ünü seçərək “Azərbaycan” jurnalına apardım. 
O vaxtlar həmin çox nüfuzlu jurnalda bir tələbənin yazısının dərc edilməsi nadir hadisə idi. 
Şeirləri jurnalın poeziya şöbəsinin müdiri Ağacavad Əlizadəyə təqdim etdim. Boyuma-buxunuma baxınca, soruşub tələbə olduğumu öyrənincə, hiss etdim ki, bu adam tərcümələrin dərci ilə əlaqədar müsbət bir söz deyənə heç oxşamır. 
Lakin hər halda yəqin ki, bir tərəfdən mədəniyyət xatirinə, o biri yandan da da gəncin qəlbini qırmamaqçün könülsüz-könülsüz verdiyim qovluqdakı kağızları vərəqləməyə, dübeytilərə göz gəzdirməyə başladı.
Birdən sifəti, üzünü ifadəsi dəyişdi: “Deyirsən bu şair nə zaman yaşayıb?”.
Cavab verdim ki, X əsrin ikinci, XI əsrin birinci yarısında.
Duruxdu, əlyazmamdakı dördlüklərdən birini ucadan oxudu:

Səndən uzaq düşsəm mən, ey dilaram,
Qarışar gözümdə səhərlə axşam.
Əgər vüsalına olsam müyəssər,
Hər günü Novruztək edərəm bayram!

Dalğın-dalğın dilləndi: “Hə demək, “Novruz” min il əvvəl də bayram kimi keçirilirmiş. Mən “Novruz” sözünün şeirdə xatırlanmasına bundan əvvəlki tarixə aid ədəbi nümunələrdə rast gəlməmişəm. 
Əladır! Kişi özü “Novruz bayramı” deyib də, biz bunu dəyişib “Bahar bayramı” edə bilmərik ki! Novruzun xatirinə sənin tərcümələrini dərc edəcəyik. Özü də lap elə növbəti nömrədə. Üçüncü nömrəmiz artıq mətbəədədir. Amma dəxli yoxdur! Nəyisə çıxarıb bunu daxil edəcəm ora”.
Qalxıb keçdi baş redaktor Cəlal Məmmədovun otağına. Gülə-gülə qayıtdı: “İşin düzəldi, get gözlə, uzaq başı bir aya çıxacaq nömrə”.
Beləcə, rəhmətlik Ağacavad müəllim Baba Tahirin Azərbycan oxucusu ilə görüşünün xeyirxah səbəbkarına çevrildi və həmin dübeytiylə çoxdan bəri mətbaut səhifələrindən yığışmış “Novruz” kəlməsi təzədən dövriyyəyə qayıtdı.
İndinin cavanına, o əyyamların həqiqətlərindən bixəbər olanlara bircə “novruz” sözünün səslənişinin bunca həyəcan, vəcd oyatması qəribə gələ bilər. Lakin bunlar ömrümüzdən keçmiş tarixdir. Və həm də Novruzumuzun həyat yolunun enişli-yoxuşlu anlarıdır.
Yeni gününüz, yeni iliniz, bayramınız mübarək, Novruzunuz mübarək, əziz vətəndaşlarımız!
Martın 18-də saat 21.30-da və martın 20-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” sizinlə bayramlaşacaq, həm də 85 illiyini onsuz qeyd etdiyimiz unudulmaz müğənnimiz, avazına əbədi bahar ovqatı çökmüş Rübabə Muradovanı anacağıq.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook