RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Mart 31, 2018 | 21:05 / Axşam görüşləri
Kosmik uçuşlar, Baykonurda görünən kürək, qara "Volqa" və "Dəşti" təsnifi: "Axşam görüşləri" verilişinin xanəndə Süleyman Abdullayevə həsr edilmiş buraxılışının anonsu

KOSMİK UÇUŞLAR, BAYKONURDA GÖRÜNƏN KÜRƏK, QARA "VOLQA" VƏ "DƏŞTİ" TƏSNİFİ

O hara, bu hara, o biri hara?
“Dəşti” ilə kosmosa uçuşlar arasındakı məsafə elə təxminən yerlə göy arasındakı məsafə kimidir.
Sovet kosmonavtikası ilə Azərbaycan xanəndəsi Süleyman Abdullayev arasındakı məsafə isə zahirən lap o yerlə göy arasındakı məsafədən də çoxdur.
Di gəl, sən saydığını say, gör fələk nə sayır.
Həqiqətən bu bağlantı elə qeyri-adidir ki, onu qurmaq və doğruluğuna adamları inandırmaq yazıçı işi deyil.
Belə ssenariləri qursa-qursa təkcə elə Göydəki Kişi qura bilər.
Qəziyyə, doğrudan da fələklikdir.
Qəliz söhbətlərlə başınızı ağrıtmayaq, kosmonavtlar fəzaya uçmaqlarında olsun, gələk muğamat üstünə, Allah-bəndə söhbəti eləyək.
Əhvalat vaqe olurdu yarım əsrdən də bir az qabaq.
Yuri Qaqarin təzə uçmuşdu, German Titovu hamı tanıyırdı, Valentina Tereşkova da bizə elə Bəsti Bağırova, Şamama Həsənova qədər tanış idi.
Və bizim qəhrəman da rəsmən filarmoniyanın solisti kimi səhnəyə çıxıb oxumağa başlayanda 1964-cü il idi, 25 yaşı vardı. 
Həmin çağlarda musiqimizin əsas ocaqlarından olan filarmoniyaya hər səsi olanın solist kimi işə götürülməsi, hansısa müğənninin oxusunun lentə alınaraq radionun “qızıl fond”una daxil edilməsi qətiyyən sadə məsələ deyildi. Nəzarət çox ciddi idi, həddən ziyadə tələbkar və bilgin münsiflər vardı. 
Filarmoniyaya Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini bitirən kimi qəbul edilmişdi. Müəllimi Seyid Şuşinskinin zəmanəti ilə. 
Bu zəmanət elə kəsərli idi ki, o çağlarda açmayacağı musiqi qapısı yox idi. 
Onda qalmış filarmoniya ola!
Radioda səsinin “qızıl fond”a düşməsi isə öz xidməti idi. Nə mənada?
O zamanlar radio-televiziya komitəsindəki bədii şurya ən sanballı bəstəkarlar, müğənnilər, çalğıçılar, şairlər daxil idi. Radionun səsyazma evində oxunun, çalğının lentə alınmasına razılıq əldə etmək xeyli çətin idi. Seçim ifrat tələbkarlıqla aparılırdı. Amma əsas qərar lent yazısı hazır olandan, ona həmin vasvası bədii şura qulaq asandan sonra qəbul edilirdi. 
Bəyənilən, radionun səs xəzinəsinə daxil edilməyə layiq bilinən lent yazıları 3 dərəcəyə bölünürdü. Birdəfəlik səslənişdən ötrü, çoxdəfəlik efirəverilmə üçün və “qızıl fond”a. 
Birdəfəlik səsləniş o idi ki, bu lent yazısının yalnız hansısa verilişdə elə bircə dəfə eşidilməsinə “hə” deyilirdi. 
“Çoxdəfəlik” o lentlər idi ki, ehtiyat nüsxəsi olmurdu, onun xeyli müddət, sıradan çıxanacan efirə getməsinə icazə verilirdi. 
“Qızıl fond” isə o demək idi ki, bu ifanın ayrıca ana nüsxəsi hazırlanıb qorunur, çıxarılan surəti müxtəlif konsertlərdə səsləndirilirdi. Həmin surət zədələnəndə, bir neçə dəfə qırılıb yapışdırılandan sonra müəyyən qədər qüsurlu, yaxud yararsız hala düşəndə əsas nüsxədən yeni efir nüsxəsi hazırlanırdı. 
Səsin, ifanın bu hörmətə layiq görülməsi isə nə xahiş-minnətdən asılı idi, nə kiminsə zəngindən, nə ayrı bir vasitədən. Bülbülün, Xanın, Zülfünün, Qurbanın, Hacının, Həqiqətin, Yavərin, Rəşidin, Şövkətin, Saranın, Mütəllimin, Rübabənin, Əbülfətin, Zeynəbin və bu qəbil hamılıqla etiraf edilmiş seçkinlərin ifaları toplanmış xəzinəyə ikinci dərəcəlilərin daxil edilməsi mümkünsüz idi.
İfanın radionun xəzinəsinə qatılması isə şöhrət qapısının açılması demək idi.
Bircə radio vardı və xalq da onu dinləyirdi. 
Bütün Azərbaycan boyu!
Çünki istisnasız olaraq hər evdə radio vardı. Radiolaşdırma, gününə görə, ölkədə bir siyasət kimi həyata keçirilmişdi. Üstəlik radiomuzun “Araz” kanalı da vardı, xarici ölkələr üçün verilişlər hazırlayan ayrıca redaksiyaları da fəaliyyətdəydi və efirimizin səsi sərhədləri aşaraq İrana, Türkiyəyə, ərəb ölkələrinə də çatırdı. 
Ona görə də Süleyman Abdullayevin yolunu özü açmış səsi radio vasitəsi ilə də geniş pərəstişkar auditoriyası qazanmışdı. 
Filarmoniyada onun, o dövrdə parlayan digər cavan xanəndə Sabir Mirzəyevin konsertləri veriləndə biletlər dərhal satılıb qurtarırdı və konsertə az qalmış kiminsə baha qiymətə əldən bilet almağa çalışması, indi olmasın, adi hal idi.
Bu səsə bunca sevgi qazandıran əsas məziyyət bütün gözəlliklərindən əlavə, zənnimcə, bir də bu idi ki, Süleymanın oxusu, avazı Vətənlə dolu idi. 
Onun ifaları, illah da muğam oxusu Qarabağ şirinliyi, Azərbaycan havası ilə çağlayırdı. 
Bizə burda belə gəlirdi, indi təsəvvür edin ki, 1969-cu ildir, sərhədlər kip-kip qapalı və Süleyman Abdullayev Türkiyədə muğam, təsnif oxuyur və dinləyənlərin də neçəsi Vətən həsrətli, buralardan ötrü burunlarının ucu, ürəklərinin başı göynəyən əski mühacirlər, köhnə azərbaycanlılar.
Necə ürəkləri sıyrılmayaydı, necə boğazları qəhərdən yanmayaydı, necə gözləri yaşarmayaydı?!
Rəhmətlik Vaqif Səmədoğlu hərdən zarafatla deyərdi ki, mənim beləliyimə baxmayın ha!..
İndi onun sözü olmasın, Süleyman Abdullayevin 80 yaşa çatmasını görüb ona elə-belə baxmayın. 
Süleymanın o təhər laçın vaxtları da olub!
Və Süleyman Abdullayevin 1960-70-ci illədəki lentləri həmin günlərdəki təravətini elə o cür də saxlaya bilirsə, deməli, Süleyman yenə həmin Süleymandır.Zahirən dəyişməyinin dinləyiciyə nə dəxli!
Biz dəyişmişik, onu onillər öncə eşidənlər yaşlaşıblar, o isə elə həmin cavanlığında qalıb.
Bu yapışıqlı səsin qanadlarında qayıdaq indi xeyli uzaqdakı 1970-ci illərə.
Siz bir baxın bu ecazkar səsdəki yol aça bilmək gücünə!
O kişinin biz nə adını bilirdik, nə üzünü görmüşdük.
Bütün SSRİ əhalisinin televiziyaların qabağında donaraq “İntervidenie” vasitəsilə İttifaq boyu canlı yayımlanan, təzə kosmonavtların Baykonur kosmodromundan uçuşlarını həyəcanla izlədiyi əyyamlar idi.
(Nə sadədil, nə asan idarə edilən, nə təhər kütləvi hipnoza uğramış insanlarmışıq!).
Sovet İttifaqında ən məşhur adamlar sayılan kosmonavtların uçuşdan qabaq son hesabat vedikləri o laübalı şəxsin biz ən yaxşı halda hərdən kürəyinin bir hissəsini görürdük.
O hərbçi SSRİ-nin ən məxfi şəxsiyyətlərindən idi.
İndi təsəvvür edin xanəndə Süleyman Abdullayev gedir Moskvaya və həmin MƏCHUL ADAM bu Azərbaycan xanəndəsinə kömək eləyir ki, “Volqa” alsın, özü də qarasından.
Bugünün cavanı nə bilsin ki, sovet adamı üçün 1960-70-ci illərdə “Volqa”, özü də qarasını almaq elə kosmosa uçmaq qədər müşkül iş idi. 
İndiyə nə var?! 
Ağlın başında, pulun cibində, gir dükana, sabiq sovet vətəndaşının yalnız xarici kinolarda gördüyü “Mersedes”in, “BMV”nin, digər məşhur markaların yaxşısından seç, məbləği ödə, 1-2 saata sənədləşdirsinlər, min, çıx get.
Fağır sovet camaatınınsa, maşın almaq sevdası nağıl kimi əlçatmaqz görünürdü. Birincisi, xırda maaşla o qədər pulu toplamaq mümkünsüz idi, ikincisi, lap oğurluq-doğurluq pulu yığandan sonra uzun müddət növbəyə durmaq məsələsi vardı, “pulu hardan əldə etmisən?” sualına cavab tapmaq da öz yerində. 
Ona görə pulu olan vəzifəlilər də qorxa-qorxa bahalı maşını kolxozçunun, fəhlənin adına almağa məcbur idi. 
Hərdən lotereyasına “Volqa” düşənlərdən həmin bileti imkanlı vəzifəlilərin xeyli baha qiymətə alması da olurdu. 
Həmin səbəbdən də, lətifəyə bənzər bir deyim də yaranmışdı ki, ən humanist zəlzələ SSRİ-də olur, çünki tələfatsız, dağıntısız ötüşür (sovet informasiya siyasəti belə idi ki, ən böyük təbii fəlakət haqqında da mətbuata narahatedici, vahimə yaradan məlumat ötürülə bilməzdi. Bəlli qəlib vardı: “Tələfat və dağıntılar yoxdur”. Vəssalam!), ən bəxtli adamlar da SSRİ-də yüksək vəzifə tutan şəxslərdir. Çünki “Volqa”nı həmişə onların lotereyası udur. 
...Nə biləydik ki, kosmonavtların uçuşdan öncə hərbi təzim etdiyii naməlum şəxs azərbaycanlı imiş. 
Heç ağıla gələrdimi? 
Bilsəydik, doyunca qürrələnərdik o zamanlar!
Artilleriya general leytenantı Kərim Abbasəli oğlu Kərimov sovet kosmonavtikasının aparıcı simalarından biri, kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri idi.
Onun sürücüsü azərbaycanlı imiş və Süleymanın “Dəşti”sinin vurğunu imiş.
Hərdən yolu Vətənə düşəndə Süleymanla görüşərmiş.
Elə görüşlərindən birində, maşın almaq söhbəti açılanda, “Gəl Moskvaya, kömək edərəm”, -- deyir.
Və yalnız Mosvada, qara “Volqa”sını əziyyətsiz-filansız alıb rahatca sənədləşdirdiyi əsnada Süleymana bəlli olur ki, sən demə onun xeyirxahı “göyə uçanların böyüyü” imiş.
Bəli, gözəl insanlar, muğamatın, onu yaxşı oxumağın hətta təsəvvürə belə sığmayan mətləbləri gerçəyə döndərə bilən bu sayaq əcaib-qəraib işləri də varmış!..

Aprel ayının 1-də saat 21.30-da və aprelin 3-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi yenə xanəndə Süleyman Abdullayevə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook