RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Apr 28, 2018 | 14:02 / Axşam görüşləri
Niyə bu millətin səsi yenilməz? "Axşam görüşləri" verilişinin 50 yaşı tamam olan Dövlər Səs Yazıları Arxivinə həsr edilmiş buraxılışının a

İnsan quş kimidir.
Yaşayır, günlərin birində də quş kimi uçub gedir.
Insan gedir və ondan hökmən iz qalır.
Yaxşı, yaxud yaman.
Ya da nəsə bomboz, bulanıq, qaraltıyaoxşar bir şey.
Əlbəttə, səndən sonra qalan yaman iz pisdir.
Sənə nə var, uçub getmisən!
Vay qalanın halına!
Səndən sonra qalanlara yaman izin bir qaxınca çevrilir, üzqaralığına dönür.
Sənin ucbatından var olduqları müddətdə istədilər-istəmədilər həmin bədnam ağır yükü daşımağa vadar qalırlar.
Bəd iz pisdir, izsizlik ondan betər!
…İnsandan bu dünyada qala biləcək yüz cür, min cür izdən biri də səsdir.
Səs var məlahətli, birbaşa ürəyə axan.
Səs var hökmlü, zəhmli, səs var cır, səs var mülayim, mehriban, səs var cazibəli, səs də var eşidilincə adamı özündən qırağa itələyən.
Keçmişdən gələn səsin, yadigar səsin hansı gücü ola bilərmiş, insanı hansı hala salmağa qadir olarmış, mən görmüşəm.
Kəc tale, faciələr yazan böyük Hüseyn Cavidin özünə təxəyyülü və qələmiylə yaratdıqlarından da müdhiş faciələri nəsib etdi.
Özünü həbs edib sürgünə yolladılar, Sibir buzlaqlarında həlak oldu, adının üstündəki “xalq düşməni” damğası ailəsinə olmazın müsibətlər yaşatdı.
Parlaqdan parlaq övladı, şair, dramaturq, tərcüməçi, bəstəkar, rəssam oğlu Ərtoğrol 24 yaşında vərəmdən soldu, zövcəsi Mişkinaz xanım, qızı Turan həyatın ən idbar sifətləriylə tuş düşdülər.
Ərtoğrol vaxtilə Bülbülün konservatoriyada yaratdığı Xalq musiqisini tədqiq edən elmi kabinetdə çalışmışdı, folklor toplamışdı, rusca olan bir silsilə mahnı və romansı ekvoritmik tərcümə etmişdi.
1980-ci illərin lap əvvəllərində Turan xanım mənə nazik bir val verdi.
Rentgen plyonkasına bənzəyən, amma şəffaf olan bu val Ərtoğrolun 1930-cu illərin sonları, 1940-cı illərin əvvəllərində Bülbülün rəhbərlik etdiyi kabinetdə çalışdığı illərin əmanəti idi.
Səliqəli, tədbirli Turan xanım həmin valı oxutmaq üçün olan xüsusi iynələrdən bir neçəsini də illərlə səliqə ilə büküb saxlamışdı.
Xeyli müddət o valı səsləndirib lentə almağın yolunu aradıq.
Radionun səsyazma evində işləyən Salavat adlı dostumuz nəhayət ki, məni sevindirdi.
Zəng vurdu ki, bir kaset götür gəl, səsləndirib lentə yazmışam.
…Həmin valda Ərtoğrol türkmən şairi Kəminənin sözlərinə bəstələdiyi nəğməsini ifa edirdi.
Lakin maraqlı olan bir başqa cəhət idi ki, çalmazdan əvvəl elan edirdi: “Leylanın vəsfi”. Sözləri Kəminənin, musiqisi Ərtoğrol. Çalır Ərtoğrol”.
…Gəldim Turan xanımgilə.
Kompakt kaseti diktofonuma taxıb düyməni basdım, “Qulaq asın”, – dedim, həmin mənə verdiyiniz valdakı musiqidir.
İlahi, hə hala düşdü Turan xanım!
O, “möhkəm insan idi” demək, bu dəmir iradəli qadının xarakteri haqqında təxminən heç nə deməməkdir.
İçərisindən keçib gəldiyi qəddar onillər onu hər sınağa, hər çətinliyə dözən, səbrli, sınmaz etmişdi.
Amma indi bu səs o dünyadan gəlirdi, yoxluq aləmindən gəlirdi.
Turan xanım dünyada hər möcüzəyə inana bilərdi. Fəqət nakam qardaşının, şəhid qardaşının, insafsızca erkən itirdiyi istəkli qardaşının qaibdən gələn səsini haçansa eşidə biləcəyini nə təsəvvür edə, nə də belə bir hadisənin haçansa baş verə biləcəyinə inana bilərdi.
10 dəqiqə, 20 dəqiqə, bəlkə yarım saat, ya bir saat sükut oldu.
Heykəl kimi donub qalmışdı.
Heç bir ifadə yox idi sifətində.
Rəngi avazımışdı.
Nə o, bir söz deyirdi, nə mən.
Handan-hana lenti əvvələ fırladıb düyməni yenidən basdım.
Və indi yadımda deyil 1983-cü ilin o payız axşamında Ərtoğrolun səsi, çalğısı olan həmin lenti 10 dəfəmi, 20 dəfəmi, 50 dəfəmi təkrar-təkrar dinlədik.
Demirdi “bir də səsləndir”.
Lent dolanıb-dolanıb sona çatırdı, dayanırdı.
2-3 dəqiqə sonra yenidən basırdım düyməni…
…Səs xatirədir, yaddaşdır, səs sənətdir, səs sərvətdir, səs şahiddir, səs etibarlıdan etibarlı sənəddir.
Və Azərbaycanın ən qiymətli səslərinin toplandığı, millət yaddaşının ünvanlarından olan bir mədəniyyət ocağımız var.
1968-ci il aprelin 5-də yaradılmış Dövlət Səs Yazıları arxivi.
Millət səslərinin bu əziz yuvasına yarım əsrdir ki, sərvət toplanır.
50 ildir ki – ilk yarandığı vaxtdan bu arxivdə fədakar bir insan çalışır.
Mənim köhnə dostum Həsənxan Mədətov.
Öz aramızda Yaqub dediyimiz bu zəhmətkeş, vətənpərvər, işgüzar insan üçün Səs Yazıları Arxivi elə dogma evi kimidir.
Bəlkə evindən də artıq!
Çünki arxivin yarandığı başlanğıc dövrdə çox olub ki, öz evinin büdcəsindən, ailəsinin boğazından kəsərək qəpik-qəpik qənaət edib, hansısa köhnə valı, faydalı hesab etdiyi bir səs sənədini alıb, arxivə gətirib.
İşinə candan bağlı belə insanlar olmasa, millətin səsi cır olardı, heysiz çıxardı, uzaq sabahlara çatmazdı.
Amma bu millətin səsi həmişə qüvvətli olub, daim da qüdrətli olacaq!
Bu millətin səsi həmişə gur olub, daim də məğrur səslənəcək!
Bu millətin səsi həmişə güclü olub, daim də əzəmətli olaraq qalacaq!
Çünki bu millətin Həsənxan Mədətov – Yaqub kimi başına aşağı salaraq uzun illər boyu sakitcə, heç nə ummadan, hər sıxıntıya qatlaşaraq Vətənə, xalqa təmənnasız xidmətlə yaşayan balaları həmişə olub, həmişə var, daim də olacaq!
Aprelin 29-da saat 21.30-da və təkrarən mayın 1-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi 50 yaşı tamam olan Dövlər Səs Yazıları Arxivinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook