RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
May 05, 2018 | 11:25 / Axşam görüşləri
Böyük azərbaycanlı, unudulmaz Heydər Əliyevi anırıq!: "Axşam görüşləri" verilişinin qüdrətli dövlət adamı Heydər Əliyevə həsr edilmiş buraxılışının anonsu

Mayın 6-da saat 21.30-da və mayın 8-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” xatirələrin qanadında bu müstəsna şəxsiyyətin mübarizəli ömür yolundan söz açacaq.
Və qüdrətli dövlət adamı Heydər Əliyevə həsr etdiyim yazılarımdan birini diqqətinizə çatdırıram.

Rafael HÜSEYNOV

CAVİDİN MÜƏLLİMİNİN ŞAGİRDİ

O özü, buna qətiyyən şübhə yox ki, bütün zamanlar üçün Azərbaycanın ən böyük müəllimlərindən biri olaraq qalacaq. 
O, məktəbin sinif otaqlarına, universitet auditoriyalarına daxil olaraq dərs deyən, mühazirələr oxuyan müəllim deyildi. 
Onun dərs otağı tarix səhnəsiydi. 
O, müstəsna bir tarix müəllimi kimi Tarixi yarada-yarada həmvətənlərinə bu tarixi yaşamağın, bu tarix içərisində ləyaqətlə irəliləməyin dərslərini verirdi. 
O, ən böyük müəllimlərdən olduğundan ömrü boyu müəllimin qədrini bildi, həyatı boyunca həmişə dərs aldığı müəllimlərini əziz tutdu. 
Ona bilavasitə dərs demiş müəllimlər vardı. 
Orta məktəbdə, ali məktəbdə dərs aldığı müəllimlərin hamısını sayğıyla xatırlayırdı. 
Lakin bilavasitə dərs almadığı müəllimləri lap çox idi və onların da hər birini daim minnətdar duyğularla anırdı. 
Oxumağı, öyrənməyi həmişə sevdi. Onunçün bilik mənbəyinə çevrilmiş hər kitabı, hər əsəri, hər şəxsiyyəti isə istəkli müəllimləri cərgəsindən hesab etdi, özünü onların hər birinə borclu saydı, məqamı düşdükcə bu borcundan çıxmağa can atdı.
«Müəllim» deyə qəbul etdiyi, zəkasına, yenilməz şəxsiyyətinə məhəbbət bəslədiyi zirvələrdən biri Hüseyn Cavid idi.
Böyük azərbaycanlı Heydər Əliyev bir neçə minillik Vətən ədəbiyyatı tarixinə kamilcə vaqif idi, söz sərvətimizi yaratmış şair və yazıçıların əksərinin ömür və sənət yolunu bir ədəbiyyatşünasdan daha dəqiq qiymətləndirmək səriştəsinə malik idi.
Bu, mübaliğəli bir yanaşmanın təsiri ilə, hissə qapılaraq gəlinən qənaət deyil.
Heydər Əliyevin istənilən ədəbi abidə və istənilən qüdrətli ədəbi simaya verdiyi qiymətin, ifadə etdiyi qənaətin təkrarsızlığı, peşəkar ədəbiyyatşünas sözündən daha sərrast olması onun miqyaslı düşüncəsi ilə bağlıdır. Geniş bilik və dərin təfəkkür sahibi Heydər Əliyev hər ədəbi şəxsiyyət və ədəbi incini yalnız bir fərd olaraq görmür, bütöv Azərbaycan tarixinin işıqlı zərrəsi olaraq çox ucalardan seyr etməyi bacarırdı.
Nadir cəmiyyətşünas olaraq Heydər Əliyevin məhz hər kəsə müyəssər olmayan qabiliyyəti – istənilən hadisəni hadisələrin axarında, istənilən şəxsiyyəti şəxsiyyətlərin qatarında seyr edərək müqayisələrdə qiymətləndirə bilmək gücü onun çıxardığı nəticələri adilikdən aralayırdı.
Cavid onun oxuduğu, öyrəndiyi, müəllim saydığı klassiklərin əvvəlincisi idi. 
Tarixi sıra baxımından yox, bəslədiyi rəğbətlər nöqteyi-nəzərindən!
Müsahibələrindən birində, «sevimli şairiniz» sualını cavablandırarkən özü bunu etiraf etmişdi.
Parlaq ədəbi şəxsiyyətlərimizin əksərinin həyatını da, yaradıcılığını da yaxşı bilmiş, onların təxminən hər biri haqqında mötəbər fikrini bildirmiş Heydər Əliyevin o qədər ulduz arasında Cavidi seçməsi, onu ən üstün sayması təsadüf deyildi. 
Caviddə qədimliklə müasirlik qovuşurdu. Cavid özü də bir cəmiyyətşünas, insanşünas idi ki, Heydər Əliyev onu çox mənada qəlib, ülgü kimi qavrayırdı. 
Digər tərəfdən, Cavid şəxsiyyətinin bütövlüyü, sarsılmazlığı da başqa bir qiymətli örnək idi. 
Tarix sınaqlarında, zaman fırtınalarında neçələrinin necə əyilmiş olduğunu başqalarından daha yaxşı bilən Heydər Əliyev Cavidin heç bir zəmanə qasırğası qarşısında məğrurluğunu itirmədiyindən də hər kəsdən daha əvvəl xəbərdar idi. 
Şəxsiyyətdə bu keyfiyyətə xüsusi dəyər verdiyindən Cavidə eşqi bir qədər də artırdı.
Cavid onunçün bir təkrarsız şair, müdrik filosof olmaqdan savayı müəllim, dost, məsləhətçi, könül sirdaşı idi.
Elə bu səbəbdən Cavid haqqındakı ən böyük əsəri yaratmaq səadəti də Heydər Əliyevə müyəssər oldu.
Cavid barəsində lap çoxlu elmi və bədii əsərlər yazılıb.
Cavidin sayı bilinməyəcək qədər çoxlu rəsmləri çəkilib, abidələri yapılıb.
Əsərlərinə musiqilər bəstələnib, özünə nəğmələr həsr edilib.
Heydər Əliyev nə yazıçı idi, nə tədqiqatçı alim, nə heykəltəraş, nə bəstəkar, nə rəssam…
Amma ən nəhəng Cavid Əsərini, ən möhtəşəm Cavid Abidəsini doğurmaq səadəti onun bəxtinə düşdü.
Başqa sənətkarların ayrı-ayrılıqda Cavidlə bağlı vücuda gətirdikləri hər bir sənət əsərindən daha yaxşısını yaratmaq, yaxud ona bənzərini ortaya qoymaq mümkündür.
Cavidlə bağlı belə əsərlər indiyədək yaranıb, bundan sonra da yaradılacaq.
Lakin Heydər Əliyevin doğurduğu Cavid Əsərini nə ona qədər yaradan olmuşdu, nə də bundan belə xəlq edən olacaq.
Hüseyn Cavid 1937-ci ilin qurbanlarından idi.
Müasirlərinin «əfəndi» deyərək seçdiyi, sağkən klassikcə qiymətləndirdiyi və sovet siyasi repressiyaları bir sel kimi coşmağa başladığı 1930-cu illərdən daha öncə sıxışdırılmağa, təqib edilməyə başlanmış Cavid peyğəmbər xislətli və siqlətli yaradıcı idi.
O yalnız olanları yazmırdı, olacaqları da irəlicədən qələmə alırdı, millətin yolunun necə olmalı olduğunu da qabaqcadan müəyyənləşdirərək şeirləşdirirdi, çağdaşlarına və xələflərinə ərməğan edirdi.
Özü demiş, «əsrinin öksüzü» – zamanın yetimi olan belə dahilərsə dünyanın hər yerində, bütün tarix ərzində məşəqqətlərə, zərbələrə, acılara mübtəla qılınıb.
Heydər Əliyev uzun illər sovet təhlükəsizlik xidməti şəbəkəsində işlədiyindən həmin laübalı təşkilatın arxivlərinin kənar gözlərə tam qapalı olduğu vaxtlardan işin içərisindəki bir şəxs kimi Cavidin hansı müsibətlərdən keçdiyini adi insanlardan, əlbəttə ki, daha dürüst və təfərrüatlı bilirdi.
1937-ci il iyunun 3-də keçirilən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının nəhs – onüçüncü qurultayında dövlət tərəfindən rəsmən «xalq düşməni» elan edilən, təxirə salmadan elə həmin gecə dərhal həbsə alınan, adı səhnələrdən, imzası qəzetlərdən, əsərləri dərsliklərdən və kitabxanalardan yığışdırılan, tarixdən silinməsi üçün bütün qəddar tədbirlər görülən Cavid ta 1956-cı ilə qədər sırf yasaq adların «qara siyahı»sında qaldı. 
Hətta həmin bəraətlər fəsli, siyasi iqlimdə yumşalmalar başlanandan sonra da Cavidə münasibətdəki soyuqluğa son qoyulmadı. 
Digər bəraət almışlardan fərqli olaraq, Cavidin bir çox əsərləri əvvəlki kimi qadağan kitablar zümrəsində qaldı, sovet əyyamlarının ən qart ittihamlarından sayılan «pantürkist» damğası Cavidin üstündən götürülmədi.
Cavidin tam bəraəti, xalqa itkisiz, bütün yaradıcılığı ilə bütöv qayıdışı məhz Heydər Əliyevin sayəsində mümkün oldu.
1980-ci illərin əvvəlləri idi, sovet dövləti hələ yerində idi, Cavidin o günəcən yasaqlıqda qalmış bir çox əsərləri rejimin siyasəti baxımından zərərli mahiyyətini saxlayırdı və bu şairə tam bəraət vermək, əslində, rəsmi ideologiya baxımından düzgün deyildi.
Heydər Əliyev həmin rəsmi ideologiyanın öndə gedən təmsilçilərindən biriydi.
Bu statusa malik ola-ola Cavidi düşmənlikdən birdəfəlik çıxarmaq, onun təbliğ edilən ideoloji xəttə bir çox məqamlarda yad olan əsərlərinə də vətəndaşlıq hüququ bağışlamaq vaxtına görə ağlasığmaz şücaət, yalnız vətəndaş hünəri deyil, siyasi qəhrəmanlıq idi.
Heç kəsin bacarmayacağı bu əməli gerçəkləşdirmək Heydər Əliyevə qismət oldu.
Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda doğulmuş, 1941-ci il dekabın 5-də Sibirdə gözlərini əbədilik yummuşdu. 
Əslində o, 1934-cü ilin 4 iyun gecəsində həyatdan, mühitdən, ədəbi aləmdən və əzizlərindən təcrid ediləndən sonra bitmişdi. 
Çünki 1939-cu ilin yayınadək Bakı həbsxanalarında saxlandıqdan sonra sürgün edilsə, uzaq buzlu ünvanlarda hələ bir müddət sağ qalsa da, buna dirilik demək olmaz. 
Cavidin qələmi 1937-nin iyununda susan gündən onun ədəbi varlığı da bitmişdi.
Şairin 100 yaşını ali ədəbi bayram və sözün yüksək anlamında qayıdış mərasimi kimi düşünən Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri kimi sərəncam imzalayır.
Qəbul olunmuş qaydalara müvafiq olaraq keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı layihə hazırlanaraq onun masası üstünə qoyulur.
O dövrdə Azərbaycan KP MK-da ideologiya üzrə kaitb işləmiş və bu məsələlərə bilavasitə cavabdeh olan Həsən Həsənov xatırlayır ki, Heydər Əliyev həmin layihəni narazılıqla qarşıladı, özü qələm götürərək bu yuvarlaq ildönümünü qeyri-adi bayrama çevirəcək maddələri bircə-bircə mətnə əlavə etdi.
Bu sırada ən təsəvvürəsığmaz təşəbbüs isə Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi idi.
Sovet tarixində hələ belə hadisə olmamışdı. 
Hələ heç bir repressiya qurbanı şimal cəhənnəmindən qurtularaq Vətəninə dönməmişdi.
Heydər Əliyev Kremldəki nüfuzundan, SSRİ-nin ən ali səviyyəsində sözükeçərliyi və təsir imkanlarından istifadə edərək bu icazəni ala bildi, 59 yaşında Sibir buzlaqlarına tapşırılmış Cavidi 100 yaşının tamamında Azərbaycana qaytardı, ustadın tabutu başında fəxri qarovulda özü dayandı.
Həsən Həsənov həmin unudulmaz günlərlə bağlı bir maraqlı əhvalatı da xatırlayır. 
Yubiley tədbirlərinin gerçəkləşməyə, mətbuat səhifələrində ardıcıl yazıların dərc edilməyə başladığı günlərdən birində Heydər Əliyev onu kabinetinə çağırır: «Gevorkov gəlmişdi. Şikayətlənir ki, niyə Cavidi internasionalist elan edirsiniz. Yubileyini keçirirsiniz-keçirin, sözümüz yox, amma o, beynəlmiləlçi olmayıb. O, qatı millətçi idi axı.
Bu mənim yanıma gəlib belə deyirsə, yəqin, Moskvaya da yazılar təşkil edəcəklər. Ona görə də Cavid əsərlərində ən müxtəlif xalqların övladı olan obrazları, şairin bütün xalqlara humanist münasibətini təsdiq edən nümunələri seçin, onun həqiqətən beynəlmiləlçi olduğunu göstərən yazılar hazırlayın, qəzetlərdə dərc etdirin».
Həmin yüksək vəzifəli «ayıq» kommunist erməni, guya, hələ o vaxt içərimizdə olan ermənilərin üzübərilərindən idi, hesabla əl ermənisi idi. Dağlıq Qarabağ Muxtar Vilayətinə rəhbərlik edirdi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü idi, Heydər Əliyevin də hansı iradə, səlahiyyət, güc sahibi olduğunu gözəl dərk edirdi və söz yox, ondan möhkəm də çəkinirdi.
Lakin bütün bunlara baxmayaraq, belə etirazı dilinə gətirməyə cürət etmişdisə...
Deməli, ona verilən fitva beləymiş.
Heydər Əliyevin ehtimalı tamam doğru idi. Çünki bu, birinci hal deyildi. Milli ruhun, milli özlüyün respublikadakı təntənəsinə xidmət edən istənilən addımdan sonra Kremlə Bakıdan ermənilər qalaq-qalaq məktublar yollayır, işə pəl vurmağa səy edirdilər. Eynən bu cür Nəriman Nərimanovun heykəli qoyulanda qanımıza susamış idbarlar Moskvanı məktub atəşinə tutmuşdular ki, Əliyev Azərbaycan paytaxtının ən hündür yerində Sergey Mironoviç Kirovunkundan da iri abidəni bir millətçiyə ucaldır.
Təsəvvür edin, Heydər Əliyev kimi qüdrətli, nüfuzlu, SSRİ-nin birinci şəxsinin nəzərində xüsusi inam və rəğbətə malik şəxsiyyət də belə qart maneələri dəf edə-edə irəliləmək zorunda idi. 
Bu müqaviməti göstərənlər Heydər Əliyevin Sovet İttifaqı daxilindəki təsir imkanlarından xəbərdar olsalar da, maneçiliklər törətməkçün inadlarından əl çəkmirdilər.
Ona görə də bu olmuşların fonunda Heydər Əliyevin Azərbaycan üçün, millət üçün, konkret olaraq Cavid üçün etmiş olduqlarının hansı çətinliklər bahasına başa gəldiyi, həmin tarixi şərtlər içərisində necə vətəndaş igidliyi olması bütün əzəmətiylə indi daha aydın dərk edilir.
Heydər Əliyev Cavidi Azərbaycana qaytardı.
Bu sözün bütün mənalarında.
Və sonra onun özünün siyasi karyerası ayrı məcrada davam etdi. Bakıdan Moskvaya aparıldı, burada başladığı bir çox başqa nəcib işləri davam etdirmək digərlərinin öhdəsinə düşdü.
Ancaq Heydər Əliyevin açmış olduğu yollarla irəliləməyi də əlində geniş səlahiyyətlər olanlar bacarmadı. 
Yalnız ona görə yox ki, onlar Heydər Əliyevdəki qabiliyyətə, təpərə sahib deyildilər.
Ən mühümü bu idi ki, onlar Heydər Əliyev kimi anlaya, qiymət verə və sevə bilmirdilər.
Cavidin 100 illiyi ilə bağlı sənəddə Bakıda şairin ev muzeyinin açılması məsələsi də vardı. Bəlkə də bu, həmin sənədin canını təşkil edən əsas maddə idi. Çünki Cavidin son yadigarı – qızı Turan xanım sağ idi və çox arzulayırdı ki, irtica dövrünün caynağından qurtararaq saxladığı sənədlər, atası ilə bağlı qoruyub hifz edə bildiyi əşyalar, yazılar ondan sonra itə-bata düşməsin, bu yadigarların hamısını bir sabit ünvanda qovuşduraraq dünyadan arxayın getsin.
Heydər Əliyev Moskvaya getdi, muzey məsələsi həll edilməmiş qaldı. 
Usanmadan qəzetlərə yazdıq, çıxışlar etdik, respublikaya bir-birinin ardınca rəhbərlik edənlərin hər birinə məktublar göndərdik.
Nəticəsiz qaldı.
Bu ümdə istəyin də çin olması üçün Heydər Əliyev təzədən qayıtmalıymış.
Qayıtdı, XX əsrin sonlarında Vaxtın hökmüylə yenidən müstəqillik əldə etmiş və bu istiqlalı Vaxtın kinayəsi ilə, XX yüzilin əvvəllərində olduğu kimi, iki yaşına çatmadan yenidən itirmək təhlükəsi ilə üzləşmiş ölkəyə nicatçı oldu, yurdda çox işləri yerbəyer etdi və növbə Cavidə çatdı. 
Yox, əslində, Cavid ilk növbədə xatirində idi. 
Çünki Moskvadan Vətənə qayıdanda, təqiblərdən qurtularaq Naxçıvana sığınanda ilk ziyarət etdiyi yer Cavidin məzarı olmuşdu.
Münasib girəvə yaranan kimi Cavidin muzeyini də yaratdı, Naxçıvanda şahanə məqbərəsini də dikəltdi, yubileylərini də keçirdi, şairin bundan sonrakı bitməz ömrünü təmin edəcək bütün başqa zəruri niyyətləri də gerçəkləşdirdi.
Dahilərə yaraşan qiyməti verə bilmək dahilərin alınına yazılmış keyfiyyətdir.
***
…Heydər Əliyevi Cavidə bağlayan bir başqa amil də vardı. 
Cavidin ilk əsas müəllimi böyük qardaşı Şeyx Məhəmməd olmuşdu.
Şeyx Məhəmməd Heydər Əliyevə də dərs demişdi.
1996-cı ildə Cavid məqbərəsinin açılışı münasibətilə Naxçıvana getmişdik. Unudulmaz öndər bu epizodları mənə o səfər əsnasında nağıl etdi. Söylədi ki, Şeyx Məhəmməd Rasizadə ona 1930-cu illərdə Azərbaycan dili, ədəbiyyat dərsləri deyib, çox savadlı, həm də ifrat dərəcədə tələbkar, ciddi müəllim imiş: «Sonra tale elə gətirdi ki, işimin xüsusiyyətinə uyğun olaraq, illərlə deyil, onillərlə rusca yazıb-pozmağa məcbur qaldım, rusca danışdım, Azərbaycandan kənarlarda işlədim, hətta, bəzən hiss etdim ki, rusca düşünürəm. Amma Şeyx Məhəmmədin verdiyi dərslər beynimizə necə həkk olunmuşdusa, ana dilimizi, onun qayda-qanunlarını bir an belə unutmadım».
Bu əhvalatı da mənə unudulmaz Heydər Əliyev danışıb.
Həmin uzaq 1930-cu illərin əvvəllərində səhər dərsə gedəndə yola düşmüş bir kitab görür. 
O çağlar nəşr olunmuş kitab, qəzet-jurnal qıtlığıymış. İllah da Naxçıvanda. 
Əvvəli və sonu olmayan bu yarıcırıq kitabı maraqla vərəqləyən uşaq birdən arxadan tanış səs eşidir. Elə onun kimi məktəbə gedən istəkli müəllimi Şeyx Məhəmmədin səsini.
Şeyx Məhəmməd də bu kitabı alıb baxır. 
Hansısa yazıçının ruscadan tərcümə edilmiş hekayəsiymiş. Və təcrübəli müəllim dərhal sevimli şagirdinə tapşırıq verir. «Sabah inşa yazımız var. Bu yarımçıq hekayəni oxu. Əvvəli-axırı yoxdur. Hadisələrin məntiqinə uyğun olaraq başlanğıcını və sonunu inşanda bərpa elə».
Məktəbli Heydər Əliyev ertəsi gün həmin inşanı yazır, əvvəli və sonu olmayan hekayəni məntiqi sapa düzərək tamamlayır, bütövləşdirir və «əla» qiymət alır.
…Millətinin və dövlətinin taleyində də natamamları tamamlamaq, yarımçığı bütövləşdirmək, məntiqdən qırağa çıxanları bir sağlam yola düzmək onun həyat meyarı oldu.
Bu Millət və Dövlət İnşasından da qiyməti «ƏLA»dır!
O biri «əla»nı şagird Heydər Əliyevə qırmızı qələmiylə əziz müəllimi Şeyx Məhəmməd yazmışdı.
Bu biri «əla»nı Millət Müəllimi Heydər Əliyevə Tarix özü yazdı!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook