RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyun 01, 2018 | 10:13 / Axşam görüşləri
Unutmağa haqqımız yox: "Axşam görüşləri" verilişinin unudulmaz şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş buraxılışının anonsu

İlahi, Tarix mənə nə qədər yaxın idi!
Vaxt ötdükcə, illər bizi canlı tarix olan insanlardan məsafəcə uzaqlaşdırdıqca, ömür payıma düşmüş böyük müasirlərimlə təmasların mənə taleyin necə böyük hədiyyəsi olduğu haqda daha tez-tez düşünürəm.
Həbibə Məmmədxanlı Azərbaycan Televiziya və Radio verilişləri komitəsində çalışırdı, yazıçı Ənvər Məmmədxanlının bacısı idi.
Mənə İçərişəhərdəki evlərindən, ora Müşfiqin gəlişlərindən, etdiyi söhbətlərdən, şövqlə şeir oxumasından danışardı.
Deyir bir dəfə anam palazın üstündə bardaş qurub oturmuşdu. 
Müşfiq gəldi, başını qoydu anamın dizlərinin üstünə, həsrətlə dilləndi: “Axx, nə şirin olurmuş ana qucağı!”.
Hamımız mütəəssir olduq. 
Çünki bilirdik ki, Müşfiq anasını erkən itirib, yetimliyin xiffətini içərisində çox daşıyıb.
...Görkəmli əruzşünas alim, müəllimim Əkrəm Cəfər Müşfiqlə yeniyetməlik, gənclik illərindən yaxın dost olmuşdu.
Hər dəfə Sabir heykəlinin yanından keçəndə istər-istəməz qanrılıb bağın sağ tərəfinə baxıram.
Əkrəm müəllimin Müşfiqlə birgə bircə fotosu var.
Danışırdı və aparırdı məni 1924-cü ilə.
Söyləyirdi ki, həm o dövrdə foto çəkdirmək sən deyən geniş yayılmamışdı, həm də maddi imkan elə babat deyildi ki, tez-tez fotoqraf yanına gedək.
“1924-cü il yanvarın 12-də dörd dost görüşmüşdük. Mikayıl Müşfiq, Fətəli Qasımxanlı, Xəlil Əlişov,bir də mən. 
Kimsə dedi ki, gəlin şəkil çəkdirək. Ancaq məlum oldu ki, fotoqrafa verəcək qədər pulumuz yoxdur. 
Anam vaxtilə Lahıcdan Bakıya yola salanda mənə bir kəhrəba boyunbağı bağışlamışdı ki, gün gələr gərəyin olar. 
Aparıb həmin boyunbağını satdıq, qayıdıb o pulla Sabir bağının sağ küncündəki atelyedə şəklimizi çəkdirdik”. 
...Oqtay Əfəndiyev görkəmli tarixçi alim idi, Səvəvilər dövlətinin tarixinə dair ən sanballı araşdırmaların müəllifi idi.
İlk gənclik çağlarında o da Müşfiqi görmüşdü, xatirələrini, yaddaşlarını bölüşürdü mənimlə.
Söyləyirdi ki, Müşfiq bir dəfə Pirşağıya, Rəsul Rzagilin bağına Dilbərlə qonaq gəlmişdi. 
Üstüaçıq yük maşınında gəlmişdilər. 
Əvvəl Müşfiq düşdü. Sonra Dilbərlə enməkdə kömək elədi. 
Müşfiq Dilbərlə elə zərif davarnırdı ki, sanki incə şüşə qabın ehtiyatsız bircə hərəkətdən zədələnəcəyindən narahat idi...
...Müşfiqi və Müşfiq kimi neçə parlaq şəxsiyyətlə canlı körpüm olan belə insanlarla oturub-duranda özümü elə XX əsrin əvvəllərində, o qaynar, iş-güclə, ümidlərlə, sabahlı arzularla dolu dövrün axarında təsəvvür edirdim.
...Yadigar səslərini dinləyirəm.
Sanki çox uzaq, lap uzaq bir zaman kəsiyinə gedib çıxıram.

Dostlar, gəlin sizə mən bir həyatdan,
Başqa bir aləmdən, bir kainatdan
Açım bir maraqlı, həqiqi səhnə.
Endir, ey xəyalım, ey fikrim yenə
Özünü həyatın dənizlərinə!
Ordan dəyərli bir sədəf yerinə
Əlinə keçsə də bir çınqıl daşı, --
Sevindirmək üçün yarı, yoldaşı, --
Bu da bir əməkdir, bu da bir işdir.
Tarix ki duz-şörək itirməmişdir.

Bu misralar Müşfiqindir. 1935-ci ildə yazdığı “Qaya” poemasını belə başlayırdı, oxucusunu daha əvvəlki günlərin xatirələr aləminə uçururdu.
Mən Müşfiqi görə də bilərdim.
Əgər tarix Müşfiq deyən kimi duz-çörək itirməyən olsaydı, bunca istedadla çağlayan bir şair həyatdan bu qədər qəddarcasına erkən qoparılmamlı idi.
Tarix o cür yox, başqa təhər dövr etsəydi, Müşfiq sağ-salamat yaşayardı, yaradardı, mən də tələbəlik illərimdə onunla görüşə bilərdim.
Lap elə ona da, mənə də doğma olan bir binada..
Dərs aldığım Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsi 1970-ci illərdə İstiqlaliyyət küşəsində, indi Əlyazmaları institutunun yerləşdiyi binada idi.
Müşfiqin vaxtında, 1920-ci illərdə bura Darülmüəllimin idi.
Müşfiq orda oxumuşdu.
Cavid də elə bu binada yaşamışdı.
Müşfiqdən müəllimi haqqında, Cavid barədə xatirələrini soruşardım, rica edərdim ki, mənə o illərin ədiblərindən və ədəbi mübahisələrindən söz açsın...
Tarix, əlbəttə ki, özü yox, vaxtın gərdişinə, dövrün taleyinə təsir etmək iqtidarında olanlar duz-çörək itirən, çörəyi dizinin üstündə olan çıxdılar, bu damğanı başqalarına vursalar da, özləri “xalq düşməni”nə çevrildilər, iblislə sazişə girdilər, ruhlarını şeytana təslim etdilər, əlimizdən Müşfiqi və Müşfiqləri aldılar. 
Və bununla da bizi yalnız həmin nurlu millət övladlarından deyil, o zirvə şəxsiyyətlərdən daha əvvəlki zamanlara uzanan doğruçu yaddaş körpülərindən də məhrum etdilər.
Tariximizin, yaddaşımızın bu yaraları heç vaxt sağalmayacaq, həmişə sızıldayacaq və bu günahın sahiblərinə heç vaxt əfv yoxdur!
Lənətləri əskik olmasın!
İyun ayının 3-də saat 21.30-da və iyun ayının 5-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi unudulmaz şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook