RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyun 09, 2018 | 10:17 / Axşam görüşləri
Onu görməyə bəs edən bircə dəqiqə: "Axşam görüşləri" verilişinin 100 yaşı tamam olan bəstəkar Hacı Xanməmmədovun xatirəsinə həsr edilmiş buraxılışının anonsu

İndi “Musiqi Akademiyası” dediyimiz ovaxtkı Konservatoriya hələ köhnə yerində idi.
Ozamankı Maksim Qorki küçəsindəki 8 saylı binada yerləşirdi.
1932-ci il idi, Bakı dəmiryol vağzalında orta məktəbi təzəcə bitirmiş 14 yaşlı bir yeniyetmə qatardan enmişdi və getmək istədiyi yer də konservatoriya idi.
(İndi həmin küçənin də adı dəyişilib – “Mirzə İbrahimov” olub. Daha mühümü isə budur ki, tarixlə dolu o binanın indi tam başqa sakinləri var. Mənsə çox istərdim və milli mədəniyyətimizin tarixinin məntiqi də bunu umur ki, o bina gec-tez yenə musiqi ilə bağlansın. Böyük musiqiçilərimizin hamısı üçün doğma olmuş həmin ünvana ən uyğun gələnsə, orada Azərbaycan Musiqi Mədəniiyəti Dövlət Muzeyinin yerləşməsidir. Yalnız bu halda Üzeyir bəy də, Asəf Zeynallı da, Cövdət Hacıyev də, Tofiq Quliyev də, Hüseynqulu Sarabski də, Ələsgər Abdullayev də, Seyid Şuşinski də, Zülfü və Vasif Adıgözəlovlar da... ora hamısı birgə qayıda bilər).
1932-ci il idi və ürəyindəki cilovsuz arzularla, lakin həm də tərəddüd və nigaranlıq qarışıq xəfif ümidlə “dəmir qapı” Dərbənddən Bakıya gələrək elə qatardan enincə bu nabələd şəhərdə soraq-soraq konservatoriyaya, üzünü ilk dəfə görəcəyi Üzeyir bəyin yanına yollanan Hacı bəxtin üzünə güləcəyinə inanmaq istəyirdi. 
Çünki Üzeyir bəyi ona peyğımbərcə nurlu, mərhəmətli insan kimi təsvir etmişdilər.
Bəxt bu gəncə düz 16 il o qeyri-adi insanın yanında olmağın məsudluğunu, bu müstəsna şəxsiyyətin daimi qayğısını, köməyini duymağı nəsib edəcək.
16 il sonra əbədi ayrılıq gələcək və artıq yalnız bir yaxşı tar ifaçısı kimi deyil, həm də bəstəkar olaraq yerərincə tanınan Hacı Xanməmmədov ata qədər sevdiyi bu insanı itirəcək. 
Azərbaycan Üzeyir bəysiz qalacaq...
Amma 87 illik ömrünün sonunacan Hacı Xanməmmədov bu əvəzsiz ustadını və nəcib dayağını daim məhəbbətlə və minnətdarlıq duyğusu ilə anacaq.
Özü təməldən saf, dürüst adam olduğundan tale Hacıya sanki bu təmizliyinin mükafatı kimi böyük müəllimləri urcah etmişdi.
Əvvəl Üzeyir bəy, ardınca Səid Rüstəmov, misilsiz tarzənlər və muğam builiciləri Əhmədxan Bakıxanov, Mirzə Mansur, daha sonralar Boris Zeydman və Qara Qarayev.
Son dərəcə sərrast bir fəhmlə yetirmələrindəki istedadın ən parlaq və güclü tərəfini dəqiq seçə bilən Qara Qarayev tələbəsi Hacı Xanməmmıdova da elə bu baxımdan yanaşaraq ona diplom işi kimi simfonik orkestr üçün konsert yazmağı tövsiyyə edir.
Qara müəllimin bu yönəltməsi səbəbsiz deyildi.
Bəstəkar diplomu almağın astanasında olan tələbəsinə bu tapşırığı verən Qara Qarayev Hacı Xanməmmədovun necə tarzən olmasına, tarın dilini necə bilməsinə lap çoxdan, Bakıda “Koroğlu”nın ilk tamaşasından, Moskvada birlikdə iştirak etdikləri ilk Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyündən agah idi. 
Üzeyir bəyin “Koroğlu”da çalmaqçün simfonik orkestrə dəvət etdiyi 7 tarçalandan biri Hacı olmuşdu. 
Aydın məsələdir ki, Üzeyir bəy də bu seçimini edənəcən yüz ölmüb, bir biçmişdi.
Hacı Xanməmmədov yaşıdı olduğu sevimli müəllimi Qara Qarayevin tapşırığını həvəslə və layiqincə yerinə yetirərək ilk dəfə olaraq simfonik orkestrin müşayiəti ilə əsas aparıcı kimi tarın çıxış edəcəyi konsertini yazır.
Beləcə, bəstəçiliyimizdə yeni bir səmtin bönövrəsi qoyulur.
Sonra illər ötdükcə Hacı Xanməmmədov daha 4 belə konsert yazır və musiqimizdə bir növ tarla simfonik orkestr üçün konsertlər bəstələmək dəbini yaradır.
Onun ardınca Səid Rüstəmov, Tofiq Bakıxanov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ramiz Mirişli... də tar ilə simfonik orkestr üçün konsertlər bəstələyirlər.
Unudulmaz Hacı Xanməmmədovun bizə yadigar qoyduğu əsərlərin arasında operettalar da var ki, onlardan birinin adı “Bir dəqiqə”dir.
Hacı Xanməmmədovun istənlən bəstəsinin bircə dəqiqəsinə qulaq asmaq yetərlidir ki, onu görəsən, duyasan, necə bəstəkar və insan olduğunu dərk edəsən.
İyun ayının 10-da saat 21.30-da və iyunun 12-də saat 23-də Azxərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi sizə 100 yaşı tamam olan bəstəkar Hacı Xanməmmədovun ömür və sənət yolundan söz açacaq.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook