RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyun 30, 2018 | 17:09 / Axşam görüşləri
Bəxti ayaq üstündə olan 50 yaşlı gənc: "Axşam görüşləri" verilişinin görkəmli bəstəkarımız Tofiq Bakıxanovun “Xəzər balladası” baletinin səhnə ömrünün 50 illiyinə həsr edilmiş buraxılışının anonsu

Azərbaycan baletinin hələ heç 100 yaşı yoxdur. 
Gələn il milli baletimizin ən uzaq sabahlara üz tutan yolunun vur-tut 80-ci ili tamam olacaq. Bununla belə Qara Qarayevin 1952-ci ildə tamaşaçılarla görüşən “Yeddi gözəl”i, 1958-ci ildə yaratdığı “İldırımlı yollarla”sı, Soltan Hacıbəyovun elə həmin ildə doğulmuş “Gülşən”i, Arif Məlikovun 1961-ci ildə həyat vəsiqəsi almış “Məhəbbət əfsanəsi”, Fikrət Əmirovun 1979-cu ildə yazdığı “1001 gecə”si Azərbaycan baletinin şöhrətini qısa zaman içərisində dünyaya yayıb. 
Beləcə, Azərbaycan bir neçə onilin içərisində Avropanın yüzillərə qət etdiyi məsafəni ildırım sürəti ilə aşaraq arxada qalan yolun təcrübələrindən bəhrələnmiş, səhnəyə gəldiyi ilk çağlardan dünya balet xəzinəsinin incilərinə çevrilən əsərlərə sahib olmuşdur.
Azərbaycanın xoşbəxt taleli baletləri sırasında xalq artisti Tofiq Bakıxanovun “Xəzər balladası” əsərinin özünəməxsus yeri var.
...Bütün XX yüzil boyu neft də, Xəzər də Azərbaycan sənət adamlarının yaradıcılığına həmişə çox məhrəm mövzular olub.
Neftçi olmaq, bu peşənin yaxşı ustasına çevrilmək çətindir, ömrünü Xəzərə bağlamaq, dənizçi olmaq da sadə iş deyil. 
Lakin ikiqat, üçqat çətin mətləb eyni anda həm neftçi, həm dənizçi olmaq, dəniz neftçisi taleyi yaşamaqdır.
Dəniz neftçisi olmaqçün gərək dənizi də, neftçiliyi də xüsusi bir məhəbbətlə sevəsən! 
Həm də mütləq bir az fanatik olasan!
Həm də hökmən içərində gərək nəbz kimi bir şairanəlik də döyünə!
Həm də gərək qorxmaz, cəsarətli, qəhrəmanlıq göstərməyə daxilən hazır olasan!
Heyrətli cazibəsi ilə daim cəsur insanları özünə doğru çəkmiş dəniz neftçiliyi elə sənət adamlarımızı da həmişə cəlb etmişdir.
XX yüzilin böyük Azərbaycan rəssamlarının, heykəltəraşlarının, ədiblərinin, kino xadimlərinin, musiqiçilərinin əksərinin yaradıcılığında bu mövzu yer alır və Azərbaycan mədəniyyətinin bir silsiləyə çevrilmiş yaşayan örnəkləri elə Xəzər neftçilərinin rəşadətli əməyi və macəralı həyat yolundan bəhs edir.
Mehdi Hüseynin “Abşeron” romanı, kinorejissorlar Lətif Səfərovun “Bəxtiyar”, Ağarza Quliyevin “Qara daşlar”, Roman Karmen, İmran Qasımov, Cavanşir Məmmədovun “Xəzər neftçiləri haqqında dastan”, Arif Nərimanbəyovun “İnsan məskən salır”, Həsən Seyidbəylinin “Möcüzələr adası” filmləri, Böyükağa Mirzəzadənin “Xəzər neftçiləri”, Tahir Salahovun “Növbədən qayıdanlar”, Tofiq Cavadovun “Neftçilər” tabloları, heykəltəraşlar Ömər Eldarovun, Mirələsgər Mirqasımovun, Məmmədnicat Salahovun və neçə-neçə başqasının bu mövzudakı kompozisiyaları və Azərbaycan bəstəkarlarının sayıb qurtarmaq olmayan bir-birindən eşidimli neçə gözəl nəğməsinə bütün başqa sənət məziyyətlərindən savayı bir romantiklik xasdır ki, Tofiq Bakıxanovun “Xəzər balladası”nda da həmin ruh əvvəldən sonacan duyulmaqdadır.
Bu əsərin səciyyəvi və həm də yeni yanaşma tərzini ifadə edən cəhətlərindən biri də o idi ki, səhnədə yalnız neftçi surətləri görünmürdü.
Onsuz da afişadakı xəsis dəqiqləşdirmələr anladırdı ki, “Xəzər balladası”nda cəmi 7 neftçi surəti var.
İlk tamaşada R.Zeynalov, T.Məmmədov, R.Arifulin, Q.Dolnakov, A.Polinski, K.Ryumin dənizin hər şıltağına tab gətirərək Xəzərin təkindən “qara qızıl” çıxaran cəsur neftçilər idilər.
Səhnədəki ifaçılarsa çox idi axı!
O tamaşa ilə bağlı “hansı rolu oynayırdın” sualını cavablandırarkən R.Məmmədova, L.Pavli, V.Tarasova, T.Şirəliyeva eyni cavabı verə bilirdilər. Çünki onlar hamısı birgə bircə surəti yaradırdılar. 
Onlar Neft idilər! 
T.Məmmədova, Y.Əlikişizadə, S.Burdakova, O.Pavlova, S.Feyzullayeva… isə gah Xəzri olurdular, gah Gilavar, gah Dəniz olurdular, gah şahə qalxan Alov.
Məqamı gəldikcə isə bu nərmənazik xanımlar xoreoqrafiyanın gücü ilə buruğa da, qazma dəzgahlarına da, estakadaya da çevrilirdilər.
Tofiq Bakıxanovun məharəti bunda idi ki, gözlərini yumub dinləyəcək olsan, həmin obrazları elə görürsənmiş kimi sənin təsəvvüründə canlandıracaq çox duyumlu musiqi bəstələmişdi, görüntünü musiqi dili ilə inandırıcı şəkildə əyaniləşdirməyi bacarmışdı.
“Xəzər balladası”nın quruluşçuları baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov eyni çətin vəzifəni rəqslərin vasitəsilə istedadla həll etmişdilər.
Tamaşaya bədii tərtibat vermiş İzzət Seyidova əlvan dekorasiyalara çox uymayaraq xəsis rənglərin və dəqiq tapılmış detalların, fondakı əngin dənizin vasitəsilə bu təəssüratı bir qədər də tamamlayır, dolğunlaşdırırdı. 
1968-ci ilin başlanğıcında “Xəzər balladası” Bakıda uğurla ifa edildikdən bir qədər sonra yalnız musiqi tariximizdə deyil, bütövlükdə mədəniyyət həyatımızda, bir az da geniş götürsək, ictimai-siyasi gerçəkliyimizdə o dövr üçün büsbütün gözlənilməz, qeyri-adi olan fərəhli hadisə baş verir.
1969-cu ilin fevralında Parisdəki “Şanz Elize” teatrının direktoru Jan Roben, Fransaya sovet balet artistlərinin qastrolunun təşkili ilə məşğul olan, Paris Ədəbiyyat və Sənət Agentliyinin impressariosu Andre Tomazo və Monte-Karlo baletinin bədii rəhbəri Yuliy Alqarov Bakıya gəlirlər.
Paytaxtımıza yetişənəcən onlar Sovet İttifaqının digər respublikalarında da olmuş, orada da Opera və Balet teatrlarında milli balet nümunələrinə tamaşa etmişdilər. Məqsəd Parisdə keçiriləcək VII Beynəlxalq Xoreoqrafiya Festivalına sovet baletini təmsil və təqdim edəcək ən yaxşı nümunələri və ifaçıları seçmək idi.
“Xəzər balladası”nı seyr edib dinləyən kimi “hə” deyirlər. 
Daha iki əsər də seçilir: Fərəc Qarayevin “Qobustan kölgələri”, bir də Rauf Hacıyevin “Azərbaycan süitası”.
Azərbaycan balet truppasına Moskva və Leninqrad (indi Sankt-Peterburq) teatrlarından bir neçə ifaçı əlavə edərək gücləndirilmiş heyətlə hər üç baleti festivalın proqramına daxil edirlər.
Təsəvvür edin sovet zamanlarını, sərhədlərin qapalı əyyamlarını, xaricə get-gəllərin nadir, xarici səhnələrdə əsər nümayiş etdirməyin hər sənətkar üçün sıradan olmayan hadisəyə və təbii ki, xoşbəxtliyə çevrildiyi əyyamları.
Son 20 ilə yaxın müddətdə az qala hər ayda bir-iki dəfə səfər etdiyim Parisə mənim yolum ilk dəfə 1995-ci ilin Novruz günləri ərəfəsində düşmüşdü.
Artıq nə SSRİ vardı, nə qapalı sərhədlər – müstəqil idik.
Bununla belə, Paris mənzərələrinin, Paris ab-havasının həsrəti içərimizdə o qədər çox idi ki, xatırlayıram, mərhum istedadlı jurnalist dostum İbrahim Şükürovla Parisdəki birinci gecəmizdə səhərədək yatmadıq, küçə-küçə, xiyaban-xiyaban gəzib-dolaşdıq...
İndi siz göz önünə gətirin 1969-cu ilin dekabrını!
Və nə az, nə çox – bir aylıq Fransa turnesini!
O nümayəndə heyətinin tərkibindəkilərdən biri, hadisələrin canlı şahidi, filosof təbiətli dahi bəstəkar Qara Qarayev Azərbaycan baletinin Parisdəki uğurundan bəhs edərkən bunu bütövlükdə Azərbaycan mədəniyyətinin dolğun, bitkin mənzərəsinin avropalılara təqdim edilməsi kimi dəyərləndirirdi.
Oğlu Fərəc Qarayevin “Qobustan kölgələri” və tələbəsi Tofiq Bakıxanovun “Xəzər balladası” baletlərinə işarəylə həmin həqiqəti belə təsdiqləyirdi: “Tələbkar Paris tamaşaçıları qarşısında sanki qısa şəkildə xalqımızın tarixi – qədim Qobustandan başlamış Neft Daşlarına kimi inkişaf dövrü canlandı”.
Vurğulamaya bilmirəm. Sovet dövrü, dəmir pərdə ardındaydıq. 
Və Fransanın məşhur “Le Monde” qəzeti “Xəzər balladasına qiymət verir: “Bu əsər həqiqətən dəniz neftçilərinin həyatından bəhs edən bir himndir”.
Bu bircə cümlənin sevinci bəstəkarın Parisdən Bakıya təyyarə ilə deyil, elə özünün quş kimi qanad açıb uçmasına yetərli idi!
Parisin dillər əzbəri, əbədi turist məskəni Yelisey Çöllərindəki min yerli və həmin axşam insanla ləbələb dolu “Şanz Elize” teatrında Azərbaycan balet ustalarının ilk çıxışı dekabrın 1-də axşam saat 9-da başlanmışdı.
Parislə Bakının vaxt fərqi 3 saatdır.
Deməli, tamaşa başlananda bizdə artıq gecə 12 imiş.
Və dekabrın 2-də Bakıda, o zaman respublikanın əsas qəzeti olan “Kommunist”də “Paris alqışlayır. Paris valeh olur” adlı məqalə dərc edilmişdi.
Ölkələr arasındakı vaxt fərqini, həmin dövrün məhdud xarici rabitə imkanlarını və sərt yerli nəşriyyat şərtlərini nəzərə alsaq, bu heyrətli dərəcədə operativ dərcetmə yalnız redaksiya işçilərinin fədakarlığı sayəsində mümkünləşmişdi.
Söz yox, SSRİ-nin baş informasiya ruporu TASS (SİTA) elə gecə ilə sovet sənətkarlarının zəfəri barədə xəbəri hazırlamışdı və Bakıdan gedən nümayəndə heyətinin sırasında mətbuat işçiləri də vardı. Lakin tamaşa Bakı vaxtı ilə gecə 3 radələrində yekunlaşmışdı. O vaxtlar da xariclə fövrən telefon əlaqəsi yaratmaq asan deyildi. Xatirimdədir ki, vətəndaşlar Bakıdan xariclə telefonla danışa bilməkçün sifariş edib 1-2 gün gözləməli idilər. Həmin 1-2 günün də hansı saatında səni birləşdirəcəkləri son anacan naməlum qalırdı. Səhər, ya günorta, yaxud gecənin bir aləmi telefonun çalına bilərdi ki, sizi birləşdiririk, danışın. Yəni sifariş vermişdinsə, işini-gücünü atıb 1-2 gün telefonun yanında keşik çəkməliydin.
Odur ki, belə ildırım sürəti ilə Parisdən materialı almaq, makinada yazmaq, mətbəədə linotipçiyə ötürmək, sonra linotipçinin yığdığını korrektora oxutmaq, qəzetin maketində dəqiqləşdirmə aparmaq, tirajı çap etmək, nüsxələri poçt şöbələrinə çatdırmaq üçün böyük bir dəstə insan həmin gecə səhərədək oyaq qalmalı, iş başında olmalı idi ki, hadisənin ertəsi günü yayılan qəzetdə məqalə isti-isti yer almış olsun. 
Bu işə can yandırmaq hissi, fədakar vətənpərvər ovqat, ölkənin uğurları naminə öz imkanı çərçivəsində azacıq da olsa xidmət göstərməyi şərəf sayaraq hər çətinliyə dözmək qayıtmağını heç vəchlə istəmədiyimiz sovet əyyamlarının öyrənilməli, əxz edilməli, yaşadılmalı keyfiyyətlərindəndir ki, təəssüflər olsun, indi bu sarıdan xeyli korluq çəkirik.
Xalq şairi Süleyman Rüstəm də neçə-neçə başqaları kimi, həmin məqaləni oxumuşdu, sevinmişdi, lakin sadəcə sevinməmişdi, riqqətə gəlmişdi və elə həyəcanlanmışdı ki, öz etiraf etdiyi kimi, cuşa gələrək həyatında ilk dəfə Azərbaycandan Fransaya teleqram göndərmişdi, truppanı, köhnə dostlarını bu misilsiz nailiyyət münasibətilə ürəkdən təbrik etmişdi.
Süleyman Rüstəm öz azərbaycanlımız idi, vətənpərvər bir şəxs idi, uğur Azərbaycanınkı idi və onun fərəhi, köksünə sığmayan iftixarı, daşan şadlığı anlaşılandır.
Amma bizim balet ustalarını birinci dəfə seyr edən, onlara qədər dünyanın çox məşhur balet ustalarını alqışlamış fransız da elə təxminən şair Süleyman kimi ilhama gəlmişdi axı! 
Tamaşadan sonra “Le Monde” qəzetində “Xəzər balladası” haqqında təəssüratlarını bölüşən Alin Jakob görmüş və duymuş olduqlarını şairanə bir dillə belə yekunlaşdırırdı: “Od püskürən əjdahalarla mübarizə apararaq qalib gələn quş qanadlı atlıların xələfi olan qəhrəman neftçiləri vəsf edən ilhamlı əsər...”
SSRİ-də – bu dövlətin ömrünün lap bitəcəyində də, əvvəlki onillərdə də Ermənistana və Azərbaycana münasibət, onların və bunların imtiyazları tam fərqli idi. 
Ermənilər həmişə Kremlə bir köynək yaxın olmuşdular. Və onların xaricə çıxışları da bizə nisbətən sovet dönəmində daha az maneəli idi. 
İçəridəkilər öz yerində, təbii ki, erməni lobbisi bu işlərə kənardan öz köməyini də, təsirini də göstərirdi.
Parisdə bizim köhnə mühacirətin son ən sanballı təmsilçilərindən olan Qədir Süleyman (10 oktyabr 1917, İrəvan – 17 sentyabr 2014, Paris) mənə Fransa ermənilərinin Anastas Mikoyanla bağlı etiraflarını söyləmişdi. 
Sən demə, Kremldə həmişə yüksək vəzifələr tutmuş (məşhur bir lətifədə deyildiyi kimi, Vladimir İliç Lenin zamanından Leonid İliç Brejnev dövrünədək – “İnfarkt, iflic görmədən – İliçdən İliçəcən”) bu qoca qurd hər Parisə gələrkən oradakı erməni mühacirlərlə hökmən görüşürmüş, Sovet İttifaqı ilə əlaqədar müəyyən məsələlərinin həllində yardımlarını da əsirgəmirmiş. 
Və 1969-cu ilin noyabrında erməni rəqqasları və müğənnilərinin Fransa boyu uzunmüddətli qastrolu yenicə başa çatıbmış.
Təbii ki, ermənilərlə dolu olan Fransada lobbinin əliylə Ermənistandan gələnlərin hər şəhərə gedişi, hər konserti ətrafında nə qədər desən təbliğat da aparılırmış, hay-küy də yaradılırmış.
İndi, 1969-cu ilin dekabrında tale bizimçün də gözlənilmədən belə bir imkanı açmışdı. 
Bütün bunlar da ona görə belə alınmışdı ki, seçimi fransızlar özləri etmişdilər.
İxtiyar Moskvada olsaydı, inanmıram ki, onlar Azərbaycan baletinə belə səxavətlə iltifat göstərəydilər.
Dekabrın əvvəlindən başlanan bu qastrollar 35 gün çəkir və yeni ilin əvvəllərində başa çatır.
Festivaldan sonra baletimiz Fransanın ayrı-ayrı şəhərlərinə yola düşür, tamaşalar, Amyen, Bezanson, Dijon, Le Krezo, Eks-Provans, Monpelye, Nansi, Soşoda, eləcə də Monte-Karloda, Lüksemburqda davam edir. 
Şansa fikir verin ki, Tofiq Bakıxanovun yenicə bəstələnmiş, Vətənində də təzəcə səhnəyə çıxmış baleti qısa müddətdə Fransada düz 30 dəfə uğurla nümayiş etdirilir.
Fransa qəzetləri ay boyu tərif dolu məqalələr dərc edirlər.
Bunlar hamısı unudulmamalı, şanlı tarixçələrdir.
Doğrudur, müxtəlif şəhərlərdəki qastrol konsertlərində Qara Qarayevin “Yeddi gözəl”indən də, “Leyli və Məcnun”undan da, Pyotr İliç Çaykovskinin “Sonalar gölü”ndən də, Dmitri Şostakoviçin “Xanım və xuliqan”ından da parçalar oynanırdı. Amma festivalın proqramında rəsmən yer alan yalnız üç Azərbaycan bəstəkarının baletləri olmuşdu.
O vaxt VII Ümumdünya Festivalını diqqətlə izləmiş tanınmış sənətkar, Paris Operasının aparıcı balerinası İvett Şovire heyranlıqla söyləmişdi: “Çox gözəl məktəb, əla ifaçılar, çox maraqlı quruluş!”
Və bu valeh sətirlər artıq Azərbaycanın yox, bütün sovet operasının nailiyyəti kimi Moskvada çıxan ən nüfuzlu iki ölkə qəzetindən biri – “İzvestiya”da da əksini tapmışdı (7 dekabr, 1969).
Sanki darısqal, havası kəsif otağın pəncərələri, qapıları taybatay açılır, saf, ətirli yaz havası, gur işıq seli dolur içəri.
Azadlığın, asudəliyin, genişliyin, sən olmağın, millət olmağın dadını, rayihəsini bütün əsəb tellərinlə duyursan.
İndi xeyli uzaqlarda qalmış 1969-cu ilin dekabr günlərində Parisə gəlmiş Azərbaycan sənətkarları və ziyalıları bu ovqata köklənmişdilər və həmin günlərdən illər ötəndən sonra da bu səfərin iştirakçılarından hansı ilə o haqda söhbətim olmuşdusa, ürək dolusu, belə uzun vaxt sovuşandan sonra da soyumamış həyəcanla danışırdılar.
Allah şahidi Anar! 
Həmin səfərdə o da olmuşdu, qayıdandan sonra təzəcə nəşrə başlayan “Qobustan”da “Gəzməyə qürbət ölkə” adlı gözəl bir esse də yazmışdı.
O məqaləni yazanda, yol təəssüratlarını isti-isti bölüşəndə Anar cavan oğlandı, 32 yaşı vardı. İndi 80-i arxada qoyub. 
Dindir, yarım əsr əvvəlki həmin anlarının duyğularını, yaşantılarını yenə elə həminki riqqətlə, şövqlə bölüşəcək.
Son illərdə Parisə hər gedişimdə görüşdüyüm, mənə illər boyu mühacirətimizin çox hekayətlərini söyləmiş, çox arxivlərini bağışlamış Qədir Süleyman nağıl eləyirdi ki, Azərbaycan baletinin Fransa səfəri həyatımızı dəyişdi. 
“İnanmırdıq ki, bir də haçansa Vətəni görərik. Vətən özü Parisə gəlmişdi. Elə bil buzlar ərimişdi, tilsim sınmışdı. Biletlər çox baha idi. Amma kim idi qiymətə baxan! Bütün tamaşalara gəlirdik. Əllərimiz yorulana qədər əl çalırdıq...
Sonra yol açıldı. 
Çox keçmədən Niyazi də gəldi Parisə”.
Qədir dayı Azərbaycan baletinin Paris səfəri əsnasında Rauf Hacıyevlə yaxından tanış olmuşdu.
Rauf müəllim Zərdabi nəsli ilə bağlı idi. 
Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı Pəri xanım Məlikova isə Zərdabinin qızı idi. 
Balet gələndə hələ Əlimərdan bəyin oğlu, Sorbon Universitetinin professoru Ələkbər bəy sağ idi.
Qədir dayı xatırlayırdı: “Rauf qorxa-qorxa olsa da, onunla görüşdü. Niyazinin gəlişləri mütəmadiləşəndən sonra isə vəziyyət dəyişdi. Heydər Əliyev Niyaziyə demişdi ki, dəvət elə, gəlsinlər, heç bir problem olmayacaq. Ələkbər bəy də istəyirdi gəlsin Bakıya. Amma ömür vəfa etmədi. Ceyhun Hacıbəylinin oğlu Temuçin də, mən də Niyazinin qonağı olaraq illərin həsrətindən sonra Bakıya gələ bildik. Dəmir qapını ilk açansa Azərbaycan baletinin gəlişi olmuşdu!..”
İyulun 1-də saat 21.30-da və iyulun 3-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi görkəmli bəstəkarımız Tofiq Bakıxanovun “Xəzər balladası” baletinin səhnə ömrünün 50 illiyinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook