RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyul 13, 2018 | 17:33 / Axşam görüşləri
Daim var olacaq səsiniz: "Axşam görüşləri" verilişinin unudulmaz yazıçımız və alimimiz Əzizə xanım Cəfərzadənin xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Tarixi hadisələr və şəxsiyyətlər haqqında bədii əsərlər yaratmaq həm şöhrət, uğur vəd edir, həm də son dərəcə məsuliyyətli və ağır işdir. 
Şöhrət və uğur vədinin əsasında bu amil dayanır ki, insanlarda həmişə keçmiş günlərin olmuşları, dünəndə qalmış məşhur şəxsiyyətlırin ömür yolları haqqında daha artıq bilməyə bir canatma, soyumaz maraq var. 
Məhz həmin cazibə tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən əsərlərin lap öncədən, heç o kitablar vərəqlənməyə başlamamışdan, ilk təbliğçisinə çevrilir, “məni oxu!” pıçıldayır.
Bəlkə bu səbəbdəndir ki, qələm əhlinin məşhurları da, ortababları da, lap yaradıcılıq cığırlarına yeni qədəm basanları da adətən bu səmtə mail olur. Lakin indiyədək yüzlərlə, minlərlə tarixi-bədii əsərlər yazılmışsa da, heç də onların hamısına sevilmək və yaşamaq haqqı nəsib olmayıb. Çünki bu şərəfli istiqamətə üz tutanda gərək şöhrət və uğurdan daha əvvəl işin çətinliyini gözlərin qarşısında saxlayaraq daxilən son dərəcə səfərbər olasan, nə qədər müşkil imtahana könüllü yönəldiyini bir ləhzə belə unutmayasan.
“Qılınc və qələm”dən sonra Nizmami Gəncəvi, onun dövrü və həyatı ilə bağlı bolluca hekayələr, povestlər, romanlar, poemalar, səhnə əsərləri qələmə alınıb. 
Əksərinin heç adını bilmirik. 
Hansılarınısa vur-tut bircə dəfə mütaliə edib kənara qoymuşuq. 
“Qılınc və qələm” isə onillərdir ki, oxuculu xoşbəxt ömrünü davam etdrən köhnəlməz kitablar cərgəsindədir. Çünki Məmməd Səid Ordubadi bu nəsr abidəsini doğurarkən yalnız Tanrının ona bəxş etdiyi ilhama və yazıçılıq qabiliyyətinə arxalanmayıb. 
Arxivi ilə yaxın tanışlıq əsnasında şahid olmuşam ki, o, qulpundan yapışdığı ağır yükün məsuliyyətini bütövlüyü ilə dərk edib, Nizami və dövrü ilə əlaqədar qaynaqları bir alim inadcıllığı və səriştəsi ilə öyrənib. 
Eyni yanaşma tərzini mən haqqında yazdığı Babək və onun zəmanəsini tarixçi alimlərdən pis bilməyən, mövzuya dair ən müxtəlif dillərdə olan məzxəzləri diqqətlə araşdıraraq hafizəsinə köçürən Ənvər Məmmədxanlıda müşahidə etmişəm.
Əzizə Cəfərzadə bu baxımdan ədəbiyyat tariximizin ən müstəsna imza sahiblərindəndir. 
O həm professional alim, həm də peşəkar yazıçı idi. 
Bununçün də də haqqında bəhs etdiyi tarixi simaları bizə müasirlərimiz kimi yaxın edə bilirdi, oxucusunu qəhrəmanlarının güzəranının bilvasitə izləyicisinə döndərməyi bacarırdı. 
Onun qələmi ilə danışan surətlərin nitqi, davranışları tam təbiiliyi, əskiliyi, qondarmalıqdan uzaqlığı ilə başqa tarixi-bədii əsərlər yazanların məhsullarından əhəmiyyətli dərəcədə seçilirdi. 
Əzizə Cəfərzadənin nəql etdiklərinin hamısının ardında təsdiqləyici tarixi dəlil dayandığından, hər bədii lövhənin müvafiq elmi fonla təmin edilməsi səbəbindən bu əsərlərin etibarlılıq, inanımlılıq, gerçəkliklə uyğunluq sarıdan keyfiyyəti və dəyəri çox yüksəkdir. 
Çox sevdiyi Seyid Əzim Şirvaniyə həsr etdiyi məşhur tarixi romanına Əzizə xanım Ustadın peyğəmbərcəsinə uzaqgörənliklə söylədiyi:

Mövt-i cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim!

beytinə işarə elə “Aləmdə səsim var mənim” adını vermişdi.
O deyimin unudulmaz alim və nasir Əzizə xanım Cəfərzadəyə də birbaşa aidiyyəti var.
Bütün seçkin məziyyətləri ilə Əzizə Cəfərzadənin bizə yadigar qalan tarixi-bədii incilərinin səsinin, sədasının ədəbi aləmdə daim var olacağına şübhə yoxdur! 
İyulun 15-də saat 21.30-da və iyulun 17-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək "Axşam görüşləri" verilişi unudulmaz yazıçımız və alimimiz Əzizə xanım Cəfərzadənin xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook