RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyul 27, 2018 | 17:48 / Axşam görüşləri
Həmişə kökdə olan simlər kimi şux: "Axşam görüşləri" verilişinin tarzən, xalq artisti Vamiq Məmmədəliyevə həsr edilmiş buraxılışının anonsu

Şair Ramiz Heydərin asta-asta yaşa dolan bu yeni əsrimizin lap başlanğıcında yazdığı bir şeir var.
O misralarda ölüm yatağında olan, ömür möhlətinin bitməsinə saatlar, bəlkə də lap dəqiqələr qalırkən bir qəribə insanın yaşadığı hisslər, dilə gətirdiyi istək əksini tapıb.
Məmmədəli kişi əbədi gediş astanasında birdən-birə çox pərişan olur, gözləri yol çəkir.
Ətrafına toplaşmış doğmaları narahat olurlar ki, yəqin halı pisləşdi, ağrıları var.
Məmmədəli kişi yorğun səsi ilə dillənir: “Yox, nigaran qalmayın, babatam. Başqa bir səbəbdən ürəyim sıxıldı. Onsuz da hamımız gedəcəyik. Ancaq ona təəssüflənirəm ki, hələ nə qədər oxumadığım kitab qalacaq...”.
Kimsə bu sözü zarafata salır ki, həyatın boyu oxumusan da! Camaat sənin biliyinə həsəd aparır. Daha nə oxumaq istəyrsən ki!”.
– Yox, elə deməyin. Ömrüm boyu oxudum, oxuduqlarımdan fayda da gördüm. Dünyada mütaliədən şirin, mütaliədən qiymətli sərvət yoxdur.
Son nəfəsəcən gərək oxumaqdan, təzə bilik almaqdan doymaysan. 
Kim bilir, bəlkə elə ən sonda aldığın bilik o dünyada gərəyin oldu!..
Bu sözləri söyləyən Məmmədəli Məmmədliyev həkim idi.
Amma həkimliyi ilə yanaşı latıncanı da mükəmməl bilirdi və Tibb institutunda sabahın təbiblərinə dərs verir, bu ölü dilin diri sirlərini öyrədirdi.
Latın dili öz yerində, o həm də muğamat aşiqi idi, yaxşı tar çalırdı, klassik şeirin vurğunu idi, fars, ərəb dillərinə də bələd idi.
Oğlu Vasim şərqşünas oldu, görkəmli dilçi alim kimi şöhrətləndi, atasının dillərə, ədəbiyyata olan eşqini həmişə varlığında yaşatdı və yaşatmaqdadır.
Digər övladı Vamiqsə, tara bağlandı.
Atasının hərdən-hərdən sinəsinə sıxıb dilləndirdiyi tar onunla daha bir sadiq yol yoldaşını tapdı.
Beləcə, balalar başladılar atanın oxumağa macal tapmadığı kitabları oxumağa, ataları kimi özləri də kitab qədər tükənməzləşməyə.
...Tarçalanlar yurdumuzda həmişə bol olub, indi də az deyil, gələcəkdə də çox olacaq.
Ancaq Vamiq tarçalanların yaxşısından oldu, sənətinə ürəyini verənlərdən oldu.
Tarla Vamqin ülfətinin çox incəliklərini Şahin Fazil alim və şair bəsirətliliyi ilə belə sezib:

Sənətdə məqamı, yeri var, çalır,
Vamiq tar çalır.
Tarını ustad sənətkar çalır,
Vamiq tar çalır.

Yaşadır azəri muğamlarını – 
Muğam dövlətini, muğam varını...
Yad edib Müşfiqin “Oxu tar”ını,
Vamiq tar çalır.

Elə ki dillənir gərilən simi
Eşirmir heç kimi, görmür heç kimi.
O dəm görə bilmir hətta Vasimi,
Vamiq tar çalır.

Tarzənlər elə ki onu eşitdi,
Çoxunun öncüllük diləyi getdi,
Həsəddən bülbülün ürəyi getdi,
Vamiq tar çalır.

Alqış söyləyirəm mən dönə-dönə
Bu fərəhli günə, mübarək günə,
Tarı canan kimi sıxıb köksünə,
Vamiq tar çalır.

Adəm hardasan, Həvva hardasan?
Məcnun hardasan, Leyla hardasan?
Vamiq burdadır, Əzra hardasan?
Vamiq tar çalır,
Vamiq tar çalır...

...Vamiqlə dərdləşirik, tarla birgə ötmüş 60 ilə yaxın ömür yolunu vərəq-vərəq çeviririk və 72 yaşlı bu sənətkar “tarı hər dəfə əlimə alanda özümü 50 yaşında adam kimi hiss edirəm. Mənim tarım həmişə köklü olur. Bu vərdiş mənə Bəhram Mansurovdan yadigar qalıb. Onun da tarı həmişə saat kimi işləyər, daim kökdə olardı. 
Elə ki, mizrabı simlərə toxundururam, kökdən düşməmiş simlərdən sağlam, cingiltili, şux səslər gəlir, elə bil həmin anda gəncləşirəm, təzə nəfəs, təravət dolur içərimə. Ruhən dirçəlirəm, qıvraqlaşıram”.
İyulun 29-da saat 21.30-da və iyulun 31-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi tarzən, xalq artisti Vamiq Məmmədəliyevə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook