RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Avg 04, 2018 | 17:54 / Axşam görüşləri
Qurduğun şəhərə küçə olub qayıda bilməyin sadə səbəbi: "Axşam görüşləri" verilişinin Sumqayıt şəhərinə həsr edilmiş buraxılışının anonsu

Taleyini Sumqayıtla bağlamış 
unudulmaz dostum, aktyor və rejissor 
Şahmar Qəriblinin 
əziz xatirəsinə həsr edirəm

Adamlar şəhərlərə bənzəyir, şəhərlər adamlara. 
Adamlar şəhərlərin taleyini yaradır, şəhərlər adamların.
O, Azərbaycanın sovet dövründə yetişmiş, bu xalqa və yurda vicdanla xidmət etmiş rəhbər işçilərindən olub və təkrarlamağı xoşladığı bir cüt misra əslində onun həyat idealı imiş:

Gücün çatan işi bu gün vur başa,
Bəlkə heç sabahı görməyəcəksən.

Bu beyt 1000 il əvvəldən, müdrik İbn Sinadan (980-1037) yadigardır və o misraları həmişə bir düstur kimi yaddaşında daşıyan da Kamran Hüseynov olub.
O, yaxşı işlərini bacardıqca tez, vaxtında görməyə tələssə də, hər halda 93 illik uzun ömür yaşayıb, əməklərinin bəhrələrini də görüb, həyata keçirməyə imkan tamadığı arzularının təəssüfünü də yaşayıb.
Xatirələrini oxuyuram, yada salır o zamanlar Azərbaycanın rəhbəri olmuş qeyzli Mircəfər Bağırovun bir istəyini. 
Mircəfər artıq bütün yaxşısı və yamanı ilə tarixin bir parçası olan sifətdir, qanlı izlərindən də ayrıntıları ilə agahıq, quruculuq əməllərindən də xəbərdarıq. 
İkinci dünya müharibəsindən az sonra bir gün qəbuluna çağırdığı Kamran Hüseynova etiraf edir ki, 41- 45 arası neftimizi sabahı düşünmədən, SSRİ-nin ehtiyacları üzündən həddən ziyadə çox çıxardıq. İndi biz gərək gücümüzü verək Mingəçevirin, Sumqayıtın, Daşkəsənin inkişafına. Ümidimiz onlaradır. Çünki Azərbaycan sənayesinin, iqtisadi gücünün sabahı bu şəhərlərlə bağlıdır.
Kamran Hüseynov müxtəlif vaxtlarda Sumqayıta 3 dəfə rəhbərlik etmişdi.
Bu dövrlərin üçü də Sumqayıtın hələ təməlinin qoyulduğu, tikildiyi, ucaldıldığı, orada ilk sənaye müəssisələrinin yarandığı çağlar imiş.
İlan mələyən boz düzənliklər, səngiməyən küləklərin qaldırdığı tozanağın, qum burulğanlarının göz açmağa macal vermədiyi boş çöllər.
1930-cu illərin sonlarında, 1940-50-ci illərdə fədakar insanlar bu şəhərə həyat veriblər.
Şəhərə rəhbərlik eləyən insanlar da özlərini orada çalışan fəhlədən, mühəndisdən ayrımayıb.
Eyni canıyananlıqla, eyni səylə çalışıblar, gecə-gündüz bilmədən əlləşiblər. 
Mərkəz – Moskva əslində heç Sumqayıtda böyük şəhərin, yaşayış komplekslərinin salınmasının tərəfdarı deyilmiş. 
Burada tikilən zavodlar hamısı Ümumittifaq əhəmiyyətli imiş, Moskvanın nəzarətində imiş, niyyətləri də bu imiş ki, zavodların yanında sadəcə baraklar və fəhlə yataqxanalrı olsun. 
Sənaye tikintilərinə maneçilik törədən Corat kimi kəndlərisə sadəcə, tədricən yox etmək, xəritədən silmək qəsdindəymişlər.
Amma cani-dildən xidmət etdirkləri kommunist partiyası və sovet dövləti ilə yanaşı o çətin quruculuq illərində Sumqayıtın rəhbəri işləmiş Kamran Hüseynov kimi əzmkar şəxsiyyətlər bir an belə bu yurdun və millətin balası olduqlarını, bugünün sabahı olacağını da unutmurlarmış.
Məhz bu qəbil dəyərlilərin səyləri ilə Sumqayıt Sumqayıt olub, zavodlar silsiləsinin his-pasının, zəhərinin heydən saldığı ölü zonaya deyil, yaşıllıqlı, bağ-bağatlı, parklarlı, bulvarlı, geniş meydanlarlı yaşamalı göyçək şəhərə dönüb.
Elə bu göstərici yetər ki, 1960-cı illərin əvvəllərində Azərbaycanın dörd bucağından Sumqayıta işləməyə gələn, burda daimi məskunlaşan təzə ailələrin sayəsində şəhər bütün Sovet İttifaqında doğum sayına görə birinci yerdəymiş.
Məşhur Bədəlbəylilər nəslinin inşaatçı övladı, Sumqayıtda tikinti trestinin rəisi işləmiş Sərvər Bədəlbəyli bu şəhərin mikrorayonlarını, neçə xəstəxanasını, yerli əhalinin sevimli ünvanına çevrilən Mehdi Hüseynzadə adına stadionu tikib.
...Bir axşam Sərvər Bədəlbəyli işdən xeyli geç çıxıbmış. Sürücünü də çox ləngiyəcəyini bildiyindən tez buraxıbmış. 
Evə piyada gedirmiş. 
Qarşısına rəhbərlik etdiyi tikinti idarələrindən birinin fəhləsi çıxır. 
Kasıbın nəyi olmasa da, mərdliyi, ürək açıqlığı olar. 
Elə işdən-gücdən söhbət eləyə-eləyə bir qədər gedəndən sonra fəhlə ayaq saxlayaraq deyir ki, Sərvər müəllim, bizim evə çatmışıq, nolar, qalxaq qonağımız olun, bir stəkan çayımızın için.
Qalxırlar yuxarı. 
Elə döşəmədə, palazın üstündə əyləşirlər. 
Fəhlə utana-utana dillənir ki, evi təzə almışıq, heç stol-stulumuz da yoxdur, 7 baş külfətik, çatdıra bilmirəm.
Sərvər gülür:“Səndən dövlətli adam yoxdur ki! Maşalllah, 5 balan var, bunlardan böyük nə sərvət?!”.
Ertəsi gün Sərvər Bədəlbəylinin göndərdiyi yük maşını dayanır həmin binanın qarşısında. 
Müdurin fəhləyə hədiyyə olaraq yolladığl təzə stolu, stulları, şifoneri və 5 dəst uşaq paltarını təhvil verib gedirlər.
Ağlınız sonraların müdirlərinə getməsin. 
Sərvər Bədəlbəyli fəhlə qardaşın ehtiyaclı ailəsinə göndərdiklərini öz halalca ailə büdcəsinin hesabına almışdı və bu qəbil qəlbi də, əli də təmiz insanların yeganə gəliri adətən elə aldıqları məvacib idi.
Daşbaş, rüşvət, saxtakarlıq kimi çürük anlayışlar belə pak insanlara yad idi. 
Sərvər Bədəlbəyli mühəndisliyindən, inşaatçılığından öncə ziyalı bir insan idi, ədəbiyyat məftunu idi, Müşfiqlə yaxın dost olmuşdu, rejimin də sonacan etibar göstərmədiyi adamlar cərgəsində idi. 
Əvvəldən Sumqayıtda da öz arzusu ilə məskən salmamışdı. 
Ona Bakı şəhərində yaşamaq yasaq edildiyindən Sumqayıtda yaşayıb-işləməyə vadar olmuşdu.
Sovetin şübhəcil nəzərlərlə baxdığı, sıxışdırdığı, axıracan dost kimi qəbul etmədiyi Sərvər Bədəlbəyli kimi çox-çox insanlar vətəndaşı olduqları nəhəng dövlətə sədaqətlə, vicdanla xidmət etmiş, bu dövlətə hörmət, nüfuz, güc qazandırmışdılar.
Etibarlılara, sadiqlərə, saflara riyakar mahiyyətinə uyğun olaraq köntöy baxan o rejim üçüncü onildir ki, yoxdur. 
Tar-mar olub, çöküb tarixin bataqlığına.
Sərvər Bədəlbəyli isə minnətdar xatirələrdə yaşamaqda davam edir.
Və qurucularından olduğu Sumqayıtda onun adını daşıyan küçədən hər gün insanlar keçir.
Onu tanıyan və tanımayan insanlar...
Sərvər Bədəlbəyli və onun kimi çox-çox qəhrəman ruhlu insanları tanıyan və tanımayanların çoxu məşhur nəğməni, təbii ki, dəfələrlə eşidib.
Bülbülün, Lütfiyar İmanovun, Gülağa Məmmədovun ifasında.
Bu köhnəlməz nəğməni Nəsib Cəfəroğlunun sözlərinə Səid Rüstəmov bəstələmişdi.
“Təsərrüfat mahnıları” dediyimiz sıradan olan nəğmələrdəndir.
Böyük peşəkarın ürəyindən və qələmindən axıb gəldiyinə, sevərək, inanaraq yazıldığına görə onillərdir ki, oxunur, dinlənilir və dəbdən düşmür.

Canlanır hər qarış çöl Sumqayıtda, 
Xariqələr yaradır el Sumqayıtda!

Bu gün yüksələn, çiçəklənən, yüz minlərlə insanıyla gündəlik gur, qaynar həyatını yaşayan Sumqayıt kimi bir şəhərimiz varsa, bu həmin nəğmələşmiş misraların böyük həqiqətinin təsdiqidir.
Azərbaycanlıların xariqələr yaratmaq eşqi və qüdrəti olmasaydı, nə o yalın çöllər canlanar, nə də 80 ilə sığan bir qısa zaman içində belə möhtəşəm şəhər yaranardı.
Qurub-yaradanlara, xeyirxah əməl sahiblərinə rəhmətlər və şərəflər!

Avqustun 5-də saat 21.30-da və avqustun 7-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi Sumqayıt şəhərinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook