RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəAdı dillər əzbəri olan adsız

O adamı siz hamınız tanıyırsınız və heç biriniz onun adını bilmir.
Səbəb sadədir – o adamın adı yoxdur.
Bu qədər məşhur adamın deyil, elə hər sıradan olan adamın da yaxşıdan-yamandan nəsə bir adı hökmən olur.
Bununkusa yoxdur.
İstəyir inanın, istəyir şəkk edin, amma bu danılmaz həqiqətdir ki var!
O adam anadan olub və ona ad qoymayıblar.
Özü də təəccüblüsü odur ki, bu adamın 5 pasportu var və dünyanın 5 ölkəsinin vətəndaşıdır.
Heyrətlənəcəksiniz ki, necə ola bilər adı olmayan adama pasport verilə.
Birinci pasportunu İranda almışdı.
Növbəti pasportunu Almaniyada aldı.
Sonrakını Amerika Birləşmiş Ştatlarında verdilər.
Bunun ardınca gələni isə Kanadada.
Sonuncu 3 ölkə də elədir ki, yüz cür yoxlamadan keçirməmiş, dərindən-dərinə araşdırmadan bir kəsə pasport kimi ciddi sənədi verməzlər.
Ona pasportları rahatlıqla veriblər və öz adının olmaması məsələsini də qurdalayan olmayıb.
Üstəlik, hələ bizdə ikili vətəndaşlıq məsələsi olmaya-olmaya, gör nə qədər hörməti var ki,Azərbaycanda da ona 2009-cu ildə pasport verilib.
Pasportda adətən adamın adı, soyadı yazılır.
Onun da pasportunda ad və soyad yazılıb.
Soyadı həqiqidir – bu heç, onunla işim yox.
Adsa özününkü deyil.
Bir daha təsdiqləyirəm – bu adamın doğulandan adı olmayıb, onun doğumunu da rəsmi kitablarda qeydiyyata salmayıblar, ona dünyaya gəlməsi ilə bağlı doğum şəhadətnaməsi də almayıblar.
Çox da indiyəcən sizə belə hadisə rast gəlməyib.
Rastınıza çıxmayıbsa, heç vaxt “ola bilməz” deməyə tələsməyin.
Olanda olur.
Elə biri bu!
Bu adsız adam Təbrizdə doğulub.
Böyük külfət imişlər. Ailədə 9 uşaq olublar. Şahlıq əyyamları imiş. Azərbaycanlı ailəsində təvəllüd tapan uşaqlara dərhal sənəd almaq sən deyən asan iş deyilmiş. Həm də 1950-ci illərmiş, şah qaçandan sonra dübarə qayıdıbmış, vəziyyət lap qarışıqmış.
Bəzən aylarlara, aylar nədir, illərlə bir parça kağızdan ötrü Azərbaycan ailələri idarələrin yolunu gedib-gəlməli olurmuş.
Bu təzə doğulan uşağın özündən böyük qardaşı vəfat edibmiş.
Vaxtilə o fağıra da doğum şəhadətnaməsini xeyli süründürməçilikdən, uzun ləngimədən sonra alıblarmış.
Nə ölənin vəfatını rəsmi qeydiyyata salırlar, nə də bu təzə doğulanın anadan olmasını rəsmən təsdiqlətdirirlər.
Ailə, “elə vəfat edən uşağın doğum şəhadətnaməsi bununku olsun” qərarını verir.
Nə təzə şəhadətnamə almaq üçün gedib məmur qapılarını döyməyə lüzum qalır, nə də bu uşağa yeni bir ad fikirləşməyə ehtiyac yaranır.
Elə ölən qardaşının adı və soyadını ondan yadigar qalan sənədi ilə birgə aid edirlər bu körpəyə və dünyaya adsız gəlib adsız yaşayacaq bu uşaq dönüb olur Yaqub Zurufçu!
Təbii ki, uşağın özünün bundan xəbəri yox idi, bu gerçəyi böyüyəndən, iş-işdən keçəndən sonra biləcək və görəcək ki, heç bu dünyada özünün olmayan və artıq səninkiləşmiş adla yaşamaq da fəna deyilmiş.
Onsuz da həyatda şox şeylər şərtidir.
Valideynləri, bacı-qardaşları, qohum- qonşu da bu olmuşa adət eləyəcək və bir qədər sonra heç yada da düşməyəcək ki, belə bir ad varisliyi, bu sayaq sənəd ötürücülüyü olubmuş...
...Mirzə Ələkbər Sabirin oğlu, unudulmaz Məmmədsəlim Tahirli mənə söyləyirdi ki, o, atasının sonbeşiyi olub.
49 yaşında dünyadan köçən zavallı Sabir onun heç üzünü görməyib.
Həyat yoldaşı hamilə imiş, amansız xəstəlik dahini aparır və az sonra oğlu dünyaya gəlir (bəzi mənbələrdə Məmmədsəlim Tahirlinin 1908-də doğulduğu göstərilsə də, yanlışdır. Hər halda düzünü can yiyəsi bilər. 1983-cü ildə isə bunları Məmmədsəlim müəllim mənə danışıb və mən də hamısını yazmışam lentə ki, gələcəkdə doğrunu sübut etməkçün “Quran”a əl basmaq zərurəti ortaya çıxmasın).
Sabirin sonuncudan əvvəlki bir neçə uşağı elə körpəykən vəfat edibmiş.
Bu qəmli qəziyyəni də Məmmədsəlim müəllim şuxluqla nağıl edirdi.
Heç olarmı ki, Sabirin oğlunda mizah damarı olmaya?!
Məmmədsəlim müəllim məzə ilə danışırdı ki, ailənin, nəslin başbilənləri qərara gəlirlər Əzrayılı aldatsınlar.
“Mənim adımı Məmmədkazım qoyurlar. Amma başlayırlar Məmmədsəlim çağırmağa ki, Əzrayıl çaşsın. O, vəzifəsini yerinə yetirməyə gələndə başlayacaq Məmmədkazımı axtarmağa. Tapmayıb naçar qalacaq, əliboş qayıdıb gedəcək”.
Və Məmmədsəlim müəllim gülə-gülə bunu da əlavə edirdi ki, görürsənmi, fəndimiz özünü doğruldub, yaşım 70-i keçib səninlə üzbəüz oturub söhbət eləyirəm, indi sən Əzrayıla həqiqəti açmasan, bundan sonra da yaşayasıyam.
...Bir Allah şahiddir ki, mən o sirri açıb eləmədim, amma Məmmədsəlim müəllimi 1993-cü ilin yanvarında itirdik...
O dəyərli insan, qiymətli müəllim və alim 80-dən çox yaşadı.
Ümid eləyirəm və arzulayıram ki, taleyində təqribən oxşar azdırıcı əlamət olan Yaqub Zurufçu 90-ı adlasın, 100-ü də keçsin.
Yəqin elə belə də olar!
Məmədsəlim müəllimin əsl adından başqa iz azdırmaqçün verilmiş ikinci adı da vardı, xətasız-bəlasız 80-i keçdi.
Yaqub Zurufçununsa, haçansa onu (və növbəmiz yetişincə hər birimizi) aparmağa gələcək Qüvvəni duyuq salacaq adı-filanı da yoxdur.
Daşıdığı adın sahibi də haçansa gəlməli olan o Mələyin dəftərində 60 ildən artıqdır ki, yoxlar siyahısındadır.
Odur ki, istəkli dostumuzun Göylərdən heç bir təhlükə gözləmədən onillərlə rahatca yaşayıb-yaratmaq imkanı var!..
...Yaqub Zurufçu dünyanın çox ölkələrində olub, çox səhnələrdə çıxış edib, çox nəğmələr oxuyub.
Bir-birinə bənzəməyən o konsertlərin hamısını bənzər edən bir cəhətsə həmişə göz önündədir.
O harada oxuyur-oxusun, mütləq həmişə oxularının arasından Təbriz də boylanır, Bakı da.
Onun dilində də, səsində də, varlığında da Azərbaycan həmişə bütövdür.
O, Arazın ayrılıq çayı olduğu illərin də şahididir, Arazın o tayla bu tayı qovuşduran bir rəmz olduğu həyəcanlı tarixləri yaşamaq da qismətinə düşüb.
Bir dəfə soruşdum ki, heç Arazda üzmüsünüzmü?
Anladı bu sualı nəyə görə verirəm.
Bildi ki, bu suala ürəyim istəyən cavabı verməsə, sadəcə “hə”, yaxud “yox” desə, ardınca soruşa bilərəm ki, “Heç Arazda çiməndə balaca qara balığa tuş düməmisiniz?”.
Yaqub Zurufçu Təbrizin məşhur Çərəndab məhəlləsində böyüyüb.
Və mənə qırıq taleyi ilə, parlaq istedadı ilə ikinci Müşfiq kimi görünən Səməd Behrəngi də həmin Çərəndab uşaqlarından idi.
Bəxt elə dövr etmişdi ki, Səməd Behrəngi Yaquba dərs də vermişdi.
Səsi olduğunu bilincə, ona bir nəğmə oxudub qabiliyyətini duyunca kimlərdən olduğunu soruşmuşdu və bəlli olmuşdu ki, Yaqubun böyük qardaşı ilə dostdurlar.
Səməd: “Sənin yaxşı səsin var, tanınan oxuyan ola bilərsən. Sənə bir valq mahnısını da mən öyrədəcəyəm, -- demişdi.
Və “Evləri var xana-xana” mahınısı Yaquba Səməddən yadigar qalmışdı.
...Sellər tək Saranı aparmayıb ki!
Daşqınlar-sular yalnız Xançobanın sinəsinə dağ çəkməyib ki!
Xan Arazın boynunda Səməd suçu da var!
Onun da həyatı Arazın bulanıq sularında bitib.
Yazıq Araz!
Hansı açılmaz düyünümüz olub, deyilməsi müşkül hansı dərdimiz çıxıbsa, əsas səbəbkar qalıb bir qıraqda, səni qınamışıq, səni qarğımışıq, səndən gileylənmişik.
Səndən olsaydı qıyardınmı Səmədə?!

Səməd gəlir gülə-gülə,
Döşündə bax qızılgülə.
Hər əlində dörd kitab,
Döndərir bizim dilə.

Bu nəğmə Səməd Behrəngi haqqındadır. Bu oxuyan Yaqub Zurufçudur.
Oxuyur, qəhərlənir, sözlər onu alıb aparır qayıtmaz dünənə, bu bircə bəndin içindən bütöv bir tarix, neçə-neçə ömür, itkilər, həsrətlər, ayrılıqlar, mübarizələr, acılar və ümidlər keçir.
Bu misralar, bu nəğmələr, bu musiqilər onunçün sadəcə şeirlər, havalar, mahnılar deyil.
Bütün bunlar onunçün özünün və millətinin, yurdunun taleyi, keçib gəldiyi və davam edən keşməkeşli yoludur.
Ona görə də ən məşhur oxuyanlardan sonra Yaqub Zurufçunun oxuduğu “Ayrılığ”ın niyə bunca təsirli olmasına heyrətlənməyin.
Başqaları nəğmə oxuyub, o öz taleyini!..

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook