RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəİnsanlığı alimliyindən, alimliyi insanlığından üstün

Həmin gün indiki kimi yadımdadır.
Baxdıqca doyulmayan bir köhnə filmin kadrları sayaq hər anı gözümün qarşısından keçir.
1990-cı il noyabrın 30-u idi.
Elmlər Akademiyamızın ikinci mərtəbəsindəki zalda toplaşmışdıq.
Kimlər yox idi orda?
Hərəsi bir canlı klassik olan Əkrəm Cəfər, Mübariz Əlizadə, Şəfaət Mehdiyev, Abbas Zamanov, Mirzə İbrahimov, Rəhim Sultanov, Balaş Azəroğlu, Cahangir Qəhrəmanov...
Qiymətli alimimiz Məmmədağa Sultanovun 80 yaşını bayram edirdik.
Məclisi özünəməxsus şövqlə Bəkir Nəbiyev aparırdı.
O gün söz alıb danışanların ən cavanları Aida İmanquliyeva, Həsən Mahmudov idi.
Aradan nə keçib ki? Vur-tut 30 il.
Nə acı ki, o sadaladığım adların hamısı artıq xatirədir, dünəndir.
Bir daha onları görməmək, canlı olaraq eşidə bilməmək həqiqəti ilə barışmaq çox ağırdır, çox çətindir.
Axı onların hər biri bu millətin, bu yurdun əvəzsiz sərvəti idi!
Çıxış edənlərin hər biri Məmmədağa müəllimin 90, 100 yaşını da beləcə fərəh içində qeyd etməyi arzulayır.
Və bu arzu da əlçatmaz görünmür. Çünki saçları çoxdan bəmbəyaz olsa da, Məmmədağa müəllimin qaməti şaxdır, varlığı həyat eşqi ilə doludur, elə əvvəlki kimi işləmək həvəsi ilə daşır.
Amma 1990-cı ilin noyabrıdır və lap azacıq sonra – 1991-in yanvarında onu itirəcəyik.
Məmmədağa Sultanov klassik farsdilli ədəbiyyatımızın ən kamil bilicilərindən idi. Əlyazmaşünaslığın bir ayrıca elm sahəsi kimi Azərbaycanda yaranıb inkişaf etməsi bilavasitə onun adı ilə bağlıdır. Millətimizin ən misilsiz mənəvi xəzinələrindən olan Əlyzamaları İnstitutu da bizə Məmmədağa müəllimin yadigarıdır.
Onun qələmindən çıxmış lətif bədii tərcümələr əski ədəbiyyatın əlvan və müdrik dünyasına xalqımızı daha yaxın etməyin ən mötəbər körpülərindən oldu.
Və görkəmli alim Məmmədağa Sultanov saf, dürüst, vicdanlı, xeyirxah, sədaqətli... (ürəyimdən keçir ki, bir insanı ən ali cəhətdən dəyərləndirməyə yaraşan bütün kəlmələri sadalyım) insan idi.
Həmin bayram havalı noyabr günündə, Məmmədağa müəllimin 80 yaşını təbrikə toplaşdığımız saatlarda unudulmaz müəllimim professor Mübariz Əlizadə bir ibrətli əhvalatı da yada saldı.
Söylədi ki, ədəbiyyatımızın klassiklərindən birinin irsini nəşrə hazırlayırdıq. Onun ədəbi mirasının fars və ərəb dillərində olan qismini çevirmək üçün ayrı-ayrı qabil mütərcimlərə paylayırdıq. Həcmcə iri əsərlərdən birini də Məmmədağaya verdim. 2 gün sonra Məmmədağa mənə zəng vurdu ki, Mübariz, görüşək.
Görüşdük və qayıtdı ki, axı mənə verdiyin bu əsər dilimizə tərcümə olunub, əlyazmasını da mən oxumuşam. O adam 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olundu.
Dedim ki, ay Məmmədağa, əvvələn, tərcümə edilibsə də, çap olunmayıb, lap həmin tərcüməni tapsaq belə, o şəxsin üstündə siyasi ləkə hələ qaldığına görə əsəri kitaba sala bilməyəcəyik.
Məmmədağa razılaşmadı. Qəti dedi kio, yox, mən bu tərcüməni edə bilməyəcəyəm, imkan varsa, başqa adama ver. Çünki haçansa o adam qayıdıb gəlsə, üzünə baxa bilmərəm. Yox, həlak olubsa da, daim vicdan əzabı çəkəcəyəm. Məni məzur tut!..
...Dini əsatir 124 min peyğəmbər olub deyir.
Dinimizin Baş Kitabı “Quran”dasa onlardan cəmi 28-nin adı zikr edilir.
Həmin xatırlanan 28-dən də təqribən yarısının adı dillərdədir – Adəm, İsmayıl, Harun, Davud, Nuh, Yaqub, Süleyman, İsa, Yusif, Yunus, Əyyub, İlyas, Loğman, İbrahim. Musa, Həzrəti Məhəmməd.
Bəs qalan on minlərlə peyğəmbər kim imiş, adları nə, izləri nə?
Bəlkə 124 min deyəndə hər sözün çəkisini duyan, hər kəlmənin yerini bilən ulularımız elə peyğəmbər xislətli, daxilən pak, əməlləri saleh, insanlara fayda vermək, savab işlər görmək ömürlərinin mənası olan seçkin insanları da bu sırada düşünüblər?!
Həmin düzlüyü, təmizliyi, ləyaqəti, şərəfi, nəcibliyi həmişəlik qəlbimdə yaşayan əziz Məmmədağa müəllimdə də gördüm!..

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook