RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəHeç vaxt solmayan bir dəstə çiçək

Xoşbəxtlik ovuclarının içindəymiş kimi yaxındaydı.
Həm də hər gün, hər an!
Əlbəttə qanıqara saatları da olurdu, narahat anları da. Amma o qədər bəxtiyar idilər ki, istənilən dilxorçuluğun kölgəsi də ürəklərindən, yaddaşlarından tezcə çəkilib gedirdi.
Əvvələn günlər özləri gözəl günlər idi.
Ümidlər, daha xoş günlərin gələcəyinə inam qəlblərində tumurcuq-tumurcuq çırtlayırmış, pardaq-pardaq gül açırmış.
Ağır müharibə təzəcə bitmişdi.
Az qala hər nəsildən cəbhələrə gedib geri qayıtmayanlar, “qara kağızlar”ı, ya itkin düşmək soraqlı məktubları gələnlər olsa da, acılar asta-asta səngiyirdi, 5 illik üzücü müharibədən sonra elə bil hamı hər gün bayram içindəydi, hamı üstündən dağ götürülmüş kimi idi, hər çöhrədə fərəh vardı.
Ənvər Əlibəyli cəbhədən çiynindən ağır yaralanaraq qayıtmışdı.
Müalicələrdən sonra nisbətən sağalsa da, həmin ağrılar onunla ömrünün bitəcəyinədək qaldı.
Davanın dəhşətlərini və bədənində qalan sancılı izini hafizədən silmək çətin olsa da, gərəkli işlərlə, şeirlə, nəğməylə dolu günlər sanki bütün bunları arxa sıraya atırdı.
Tez-tez dost məclislərinə toplaşardılar.
İndiki kimi, kameralar demirəm, heç olmazsa hər birimizin cibindəki video çəkə bilən telefonlar olaydı, həmin məclislər yazılaydı.
Hərəsi elə hər kəsin həvəslə baxacağı bir film qədər doyulmaz, köhnəlməz olardı.
Şairlər, yazıçılar, bəstəkarlar, 1950-60-cı illər Azərbaycanının parlaq ziyalıları belə ailəvi məclislərdə bir gün Ənvər Əlibəyligildə yığışarlarmış, bir gün İbrahim Topçubaşovgildə, bir gün bir ayrı dostun evində.
Həmin məclislərdə dostlar yarızarafat, yarıgerçək hərdən Ənvərə bəxtəvərlik oxuyarmışlar ki, əcəb xoşbəx adamsan! Bir Şövkət bir tərəfində otutrub, digər Şövkət obiri yanında.
Şövkət Ələkbərova Ənvərlə dost, Ənvərin həyat yoldaşı, adaşı Şövkət xanımla yaxın rəfiqə idi.
Ənvərin neçə nəğməsini də elə sonsuz məlahətlə Şövkət Ələkbərova oxumuşdu.
Ənvər Əlibəylinin sözlərinə İbrahim Topçubaşovun, Tofiq Quliyevin, Andrey Babayevin, Rauf Hacıyevin, Qəmbər Hüseynlinin, Cahangir Cahangirovun, Zakir Bağırovun və neçələrinin indi hamımıza tanış olan əziz nəğmələrinin əksəri elə həmin məclislərdə yaranmağa başlamışdı.
Və əhatədəki dostlar həmin nəğmələrinin hansısa misralarında, hansısa xallarında başqa heç kəsin görə bilməyəcəyi çox incəliklərdən agah idilər.
İndi nə Ənvər Əlibəyli həyatdadır, nə Rauf Hacıyev sağdır, nə də nəğmələşmiş bu şeirin ünvanı olan gözəl qız.
Həqiqətən gözəl qız!


Sən mənə bir qəşəng gül verdin bu gün,
Qalmadı nə qüssəm, nə də ki, dərdim.
O gülün yerinə mən sənə, ay qız,
Məhəbbətlə dolu qəlbimi verdim.

Məşhur “Sevgilim” mahnısı belə başlayır.
“Romeo mənim qonşumdur” filmində də ölməz Rəşidin ifasında səslənir bu mahnı, yadınızdamı?
Zahirən bir oğlanın bir qıza sevgisindən ötən sətirlərdir və hər vurğun cavana aid edilə bilər.
Amma mətndə, diqqətlə baxılırsa, adi məntiqlə sən deyən uyğun gəlməyən bir məqam yer alır.
Adətən oğlan qıza gül verər, burada isə oğlana gülü qız gətirib və oğlan da həmin çiçəklərin əvəzində qıza – kasıbın olanından – qəlbini verir.
...O vaxtlar – bu nəğmə yarananda şair də, bəstəkar da, elə tez-tez görüşən, birgə olan ailəvi dostlar da yaxşı bilirdilər ki, “sevgilim” deyə üz tutulan gözəl kimdir.
1944-cü ildə ağır yaralı zabit Ənvər Əlibəyli uzunmüddətli müalicə üçün arxa cəbhəyə göndərilmişdi və onu gətirmişdilər Mərdəkanda yerləşən hospitala.
Gələcək sevgilisi Şövkətin atası Mərdəkanda məsul vəzifədə çalışdığından onların ailəsi də bu kənddə yaşayırmış.
Fəal komsomolçulardan olan Şövkət bir gün rəfiqələri ilə hospitala yaralı əsgərlərə baş çəkməyə gəlir.
Və baxışları Ənvərin gözləriylə rastlaşandan sonra ertəsi gün həmin palataya daha rəfiqələri ilə deyil, bağçalarındakı qızılgüllərdən bir dəstə bağlayaraq özü tək gəlir...
Sonralar dillər əzbərinə, ürəklər hayanına çevriləcək “Sevgilim” nəğməsinin şeirini bir coşqun sevdanın doğulduğu həmin gün yaradır.
Şövkətlə Ənvər 24 il elə ilk görüşdəki kimi bir-birlərinə daim məhəbbətli nəzərlərlə baxdılar.
Və Ənvər vəfasız çıxdı.
1968-ci ilin 7 mayında, 52 yaşında ikən sevgilisndən, balalarından, dostlarından və dünyadan əbədi ayrıldı.
Şövkət xanımsa sədaqətindən, etibarından dönmədi, onillər boyu, axır nəfəsinəcən sevgilisini bağrının başında yaşatd...
...İndi çox uzaqlarda qalmış 1944-cü ildən bu yana çox güllər açılıb da solub da, çox çiçək dəstələri bağlanıb da, günlər ötüncə quruyaraq atılıb da, çox sevdalar yaşanıb da, bitib də...
“Sevgilim” şeirindəki və nəğməsindəki məhəbbət qarışmılş o çiçəklərsə, heç vaxt solmayacaq, həmişə ilk baxışdanca bir-birlərinə vurğun kəsilmiş iki gəncin gizli həyəcanla çırpınan ürəklərinin döyüntülərini yaşadacaq!..

08.03.2020

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook