RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəDünən olubmuş kimi...

O, Parisdə doğuldu.
Fransanın Parisində yox, İranın Parisində.
Bir vaxtlar qədimdən qədim və gözəl Urmiyə şəhərinə el arasında elə “İranın Parisi” deyərdilər.
Və tale elə gətirdi ki, bu qızın adı da o məşhur və göyçək fransız şəhərinin adına bənzədi – Pərisa!
Pərisagil üç bacı, bir qardaş idilər və elə ailədə böyüyürdülər ki, səmtləri gələcəkdə mütləq sənətə sarı olmalı idi.
Ona görə ki, ata da, ana da mədəniyyətlə, incəsənətlə bağlı idilər və bu sənət damarı ümumən nəsildə vardı.
Nəsildə, ata-anada vardısa demək, qanla bu sənət şövqü və duyğusu balalara da keçməli idi.
Üstəlik evdə, ailədə elə mühit yaranmışdı ki, uşaqlar səhərdən axşamadək musiqinin, şeirin, rəssamlığın əhtəsində idilər.
Lap əvvəldən Pərisanın meyli musiqiyə, oxumağa idi. Elə bir bacısı da onun kimi musiqi vurğunu idi. Amma o oxumağa yox, pianoya mail idi.
Qızlardan biri və qardaşları Səid isə, xəttalığa həvəs göstərirdilər, bu sahədə xüsusi qabiliyyətlərinin olması da hiss edilirdi.
Anaları ayda bir dəfə, nə qədər əziyyətli olsa da, işləri nə qədər başından aşsa da, qızla oğlanı götürürdü, yollanırdı Tehrana.
10 saata yaxın yolun ağırlığını ona görə səbrlə çəkirdi ki, bilirdi övladlarının Tehranda ayda bircə gün də olsa böyük xətt ustalarının nəzarəti altında məşğələlər keçməsi onların gələcəyi üçün çox vacibdir və hökmən faydasını da verəcək.
Faydanı, nəticəni çox gözləməyə ehtiyac da qalmadı.
Səid hələ 9 yaşında ikən nəstəliq xəttində İrandakı ən ali “mümtaz” dərəcəsini almağa müvəffəq oldu.
Pərisanın səsi isə elə məktəbli ikən radiodan eşidildi...
Pərisa Ərselani İranda da musiqi dərsləri aldı, illər sonra Bakıya gələrək burada, konservatoriyada da təhsilini davam etdirdi, çoxlu bilgin ustadlardan və kamil ifalardan xeyli incəliklər mənimsədi.
Amma gördüyü məktəblərin içərisində biri də var ki, üzdən baxanda sanki heç məktəb də deyildi, ancaq onu Pərisa ömrü boyu unutmadı.
Hələ uşaqlıq illərində nənəsi – atasının anası hərdən köhnə xalq mahnılarını zümzümə edərdi.
Pərisa baxardı ki, nənəsinin oxuduğu və ona tanış olan nəğmələr sanki bir az başqa cür səslənir.
Böyüdükcə, musiqini daha artıq dərk etdikcə bu fərqi daha çox da duymağa başladı.
Nənələrinə “Xanımcan” deyərdilər.
Yaz aylarında, yayda tez-tez ailəliklə Urmu gölünün sahilinə dincəlməyə gedərdilər.
Çadır qurardılar, elə orada gecələyərdilər.
Uşaqlar qaçışardılar göldə üzməyə, valideynlər də heç narahatlıq keçirməzdilər. Çünki uşaqların suda batmaq təhlükəsi yox idi.
Urmunun suyu elə duzlu idi ki, lap üzməyi bacarmasan da, səni səthində saxlayırdı.
Pərisa Urmu gölünün daimi sakinləri gözəl flaminqolara heyran-heyran baxardı.
Soruşardi ki, o gözəl quşların adı nədir, ay ata?
“Qızım, bunlar flaminqolardır, bizim dildə onlara pəxlən deyərlər”.
Və Pərisa qısılardı nənəsinə: “Xanımcan, nə olar evdə qabaqlar məni yatızdıranda oxuduğun havanı oxu, istəyirəm mən də onu sən oxuyan kimi oxumağı öyrənim”.
Nənəsi oxuyardı, körpəlik illərinin köhnə yaddaşıyla vaxtilə ona layla kimi oxunmuş tanış nəğmələrin sədaları qulağına gəlincə elə keçmişlərdə olan kimi asta-asta qızın göz qapaqları yumulardı, mürgüləyərdi...
Fəqət sən demə bir lentə yazılan kimi o səslər hafizəsinə həkk olunurmuş.
...İndi də köhnə xalq mahnılarını ifa edəndə Pərisa Ərselani “ilk nəğmə müəlliminin” – nənəsinin yolu ilə oxuyur.
Həmin oxu tərzindəsə bir qədimlik, nağılvarilik, əfsanəyəbənzərlik var.
Vaxt ötdükcə əski havaları da insanlar elə bil günə uyğunlaşdırıblar, sürətini artıraraq yeyinləşdiriblər, xalisliyindən, qədimliyindən ayırıblar.
Və hansısa xalq mahnısını oxumağı düşünəndə Pərisa indi də əvvəlcə gözlərini yumur, xəyalən qayıdır xeyli arxada qalmış illlərə...
Urmu gölünün xoşbəxt əyyamları.
Sular ilıq günəşin şüaları altında rəngdən-rəngə düşür.
Öz gözəlliklərinə arxayın füsünkar flaminqolar – pəxlənlər – qızılqazlar məğrur nazlılıqla gəzişir.
Pərisanın qulağına bir yuxunun içərisindən süzülürmüş kimi nənəsinin yorğun, məlahətli zümzüməsi gəlir...
...İllər yel kimi sovuşdu...
İndi nə Urmu gölü həmən göldür, nə qəşəng flaminqolardan əsər-əlamət qalıb, nə də nənə həyatdadır.
Xatirələrdə isə hər şey dipdiridir.
Lap dünən olubmuş kimi.
“Xanımcan necə o oxuyurdu o nəğməni?..”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook