RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəXalq artisti Əli Məhəmmədoğlunun 10-can saymaq arzusu

O, dünyaya gələndə dünya nigaran günlərini yaşayırdı.
Yer-göy od içində idi. İkinci Dünya müharibəsinin şıdırğı vaxtları idi.
Ordan – güllü-çiçəkli, saf havalı Abdal-Gülablıdan, Qarabağın həmişə çal-çağırlı olmuş bu göyçək guşəsindən ölüm-dirim çarpışması gedən cəbhələrədək məsafə çox uzaq idi.
Nə o dəhşətli davanın qorxunc səsi bura gəlib çatırdı, nə buradakı camaatın bir cəhənnəm meydanına çevrilmiş döyüş ərazilərindəki dağıntılardan, ara verməyən partlayışlardan xəbəri vardı, nə də evsiz-eşiksiz, yurdsuz qalan, əsir gedən axın-axın insanların ah-nalələri buralara yetişirdi.
Amma müharibənin soyuq üzü, sərt havası hər halda burda da duyulurdu.
Kəndi bürümüş vahimə qatışıq sükut, təbəssümü itmiş sifətlər, “qara kağızlar”ın gətirdiyi ölüm xəbərləri anladırdı ki, böyük müharibə bu xırdaca kənddən sən deyən uzaqda deyil.
Ancaq orada, Abdal-Gülablıda, 1942-ci ilin 5 mayında, müharibənin ən şiddətli vaxtında dünyaya göz açmış bu körpə qaranlıq içində işıq kimi idi, həyatın davaya, ölüm-itimə meydan oxumasına bənzəyirdi.
Bötöv kənd elə binədən sanki bir ailə kimi idi, illah da o sıxıntılı günlərdə.
Ortaq dərd insanları bir-birinə əvvəlkindən xeyli simsar, yaxın eləmişdi.
Bir kənd hesab edilən Abdal-Gülablı əslində iki kənd idi: Abdal və Gülablı.
Lakin Abdalla Gülablı bir-birinə qarışmış kimi idi, ona görə adlarını da birləşdirib eləmişdilər bir kənd.
Hərçənd onları 2 ayrı-ayrı kənd sayan babalar da haqsız deyilmiş.
Evləri, həyətləri, bağ-bağatı bir-birinin davamı olan, aralarında sərhədi, ayrıcı gözə dəyməyən bu 2 qovuşuq kəndin arasındakı mərzi təbiət özü qoymuşdu.
Bənövşə o kənddə bu kəndə nisbətən 20-25 gün tez baş qaldırardı, Abdalda alçalar gül açanda Gülablıda artıq budaqlar alçalı olardı.
Əkiz uşaqlar bir-birinə nə qədər oxşasalar da, özünəməxsus cəhətləri ilə seçildiyitək bu kəndlərin ikisinə də eyni anda işıq saçan Günəş sanki Gülablının fəsillərini zamanca azacıq irəli aparmışdı.
Ancaq hər halda o başlı-bu başlı Abdal-Gülablılar o qədər məhrəm idilər ki, hansı evdə, hansı həyətdə yaxşı-yaman nə baş versə, hər kəs xəbər tuturdı.
Sevincləri də, qüssələri də, qayğıları da müştərək idi.
Olsun ki, 1942-ci ilin həmin ilk may günlərində, 5 il sürəcək ağır davanın ən əzablı, ən ümidsiz çağlarını yaşandığı dönəmdə Abdal-Gülablıda başqa körpələr də doğulubmuş.
Və həmin qaramat günlərdə dünyaya gələn hər təzə körpə daha bir yeni ümid qönçəsi idi.
Qəmli-ələmli günlərin tez bitəcəyinə, hər şeyin yaxşı olacağına ümid!
O məşəqqətli günlərdə anaların, nənələrin dili hər gün dualı idi: “Kaş biz görəni görmək bu balaların payına düşməsin! Kaş çəkdiyimiz bu nisgilləri, dözdüyümüz bu qəhətliyi bu körpələr anlayanacan müharibə bitsin!”.
Bir-birinə qovuşan, bir-birində əriyib itən və sidq ürəkdən edilən duaların ünvanına çatması, əlbəttə ki, var!
Bu uşaq dil açıb danışanda, qələm götürüb ilk hərfləri yazanda, dünyanı dərk etməyə başlayanda artıq asta-asta müharibənin acıları könüllərdən sıyrılmağa başlayırdı.
1940-cı illər bitir, 1950-ci illər gəlirdi.
Həmin 5 illik üzücü müharibədən sonra qırışığı açılan, yenə doqqazlarından musiqi sədaları ucalan, yenə evlərinə gəlinlər köçən Abdal-Gülablıda uşaqların, yeniyetmələrin həvəslə toplaşdığı bir təpəlik vardı.
Balaca Əli də tay-tuşlarına qoşularaq tez-tez o təpəliklər sarı qaçardı.
O yerə kənd adamı Qalagörünən deyərdi.
Əslində ordan heç bir bürc, qala görünmürdü.
Görünən Şuşanın yaşıllana-yaşıllana dikələn ağacları, evlərinin damları, həyət-bacasından qalxan tüstülər idi.
Şuşanınsa xalqın dilindəki adı elə "Qala" idi.
Gendən bağ-bağatı, üstünə qonan dumanı “gəl bəri” deyən Şuşaya doğru Abdal-Gülablıdan bir cığır uzanırdı ki, ona da kənd əhli “Qala yolu” deyirdi.
Kəndin başqa cığırlarına nisbətən bu yol daha işlək idi. Çünki Abdal-Gülablılar həftədə 1-2 dəfə o yolu adlayıb Şuşaya gedər, qohum-əqrəbanı, dost-tanışı yoluxar, meyvəsindən, toyuğundan-cücəsindən – apardığını Şuşa bazarına aparar, satdığını satar, aldığını alar, gün əyiləndə kəndə qayıdardılar.
Kiçikkən Əliyə Qalagörünəndən baxdığı Şuşa da, ora aparan yol da sehr kimi, tam ayrı, nağıllı bir məkan kimi gələrdi.
Azca böyüyüncə başqaları ilə də, təkbaşına da həmin yolu çox gedib-gəldi.
Fəqət nə sirdirsə, Qala yolu da, dəfələrlə başdan-ayağa gəzib-dolaşdığı Qala da onunçün həmişə elə ilk təsəvvür elədiyi kimi əfsunlu, nağıllı bir məkan olaraq qaldı.
Üstəlik, zaman ötdükcə uşaqlıq illərinin bu hissiyyatı ona daha artıq hakim kəsildi.
Son 30 ilə yaxın müddətdə isə bu ahıl insanda həmin ovqat bəlkə uşaqlıq dövründəkindən də qabarıqdır.
5-6 yaşı olanda Qalagörünəndən baxıb heyrətləndiyi, keçib gedən adamı Qala yolunun dünyanın ən göyçək, ən nəhayətsiz, ən xoşbəxt şəhərinə aparıb çıxaracağına səmimiyyətlə inandığı sayaq, indi səksənini haqladıği sinnində də həmin mənzərələri xəyal aynasından keçirəndə, gözünün önündə canlandıranda ürəyi eyni həyəcanla çırpınır.
O vaxt xırdaca ayaqlarına, balaca adımlarına baxıb həmin yolu həddən artıq uzun sayardı.
Sonra böyük həyat başlandı və Əli nə qədər uzunlu-qısalı, asanlı-çətinli yollardan keçdi!
Amma nə hikmətdirsə, indi də həmin qısa yol ona dünyadakı yolların ən uzunu, ən əlçatmazı kimi gəlir.
Amma ümid edir, arzulayır, inanır – Allah qismət edəcək ki, uşaqlığında, yeniyetməliyndə, cavanlığında olan kimi, uzaq olmayan bəxtiyar sabahlardan birində, bir gün yenə Qalagörünəndə dayanıb gendən Qalanın ağaclarını, evlərini, həyətlərdən ucalan tüstülərini seyr edəcək.
Sonra Qala yolunu tutub addım-addım irəliləyəcək.
Yetişəcək Şuşaya, qəribsədiyi köhnə, tanış, doğma küçələrdən keçəcək, illərcə həsrətində olduğu, xiffətini çəkdiyi bu yerlərə doyunca, göz və ürək dolusu baxacaq.
Baxacaq yox, gözünə təpəcək!
Və piyada getdiyi kimi piyada da qayıdacaq.
Yenə uşaqlığında olduğu kimi qaranlığa düşməsin deyə Şuşaya getdiyindən daha yeyin adddımlarla qayıdacaq ki, şər qarışmamış sevimli Abdal-Gülablıya çatsın.
Cəhd edəcək ki, uşaqlıqda edə bilmədiyi bir işi indi etsin.
Yuxarı kəhrizin, Bala kəhrizin böyründən keçib özünü yetirəcək Damcı bulağa.
Balaca vaxtı yay günlərində tez-tez uşaqlar mərcləşər, yarışardılar ki, görək kim əlini Damcı bulağın suyunda 10-can sayana qədər saxlaya bilər.
Damcı bulağın diş sızladan, ancaq nə qədər içsən də boğaz ağrıtmayan suyu elə soyuq idi ki, gündüzün günorta çağı, yayın ortasında uzaq başı 6, 7 deyəndən sonra bulağın gözündəki barmaqların az qalardı dona, məcbur qalıb əllərini çəkirdin qırağa.
Bu duyğuları onillər öncə yaşamış və artıq səksənini haqlamaqda olan xalq artisti, diktor Əli Məhəmmədoğlu ömrünün və həsrətlərinin indiki yaşında bütün varlığı ilə inanır ki, tale ona yenə Abdal-Gülablıya getməyi, yenə Damcı bulağın yanında dayanmağı, büllurdan büllur çeşmənin suyunu ovuclayıb içməyi nəsib etsə, uşaqlıq vaxtı edə bilmədiyin edər.
Əllərini salar əziz, köhnə sirdaşı Damcı bulağın suyuna, lap barmaqları donsa da, illərcə xiffətini çəkdiyi o bulaqdan, o sudan əlini geri çəkməz.
Ona görə yox ki, özünü yığışdırıb Damcı bulağın soyuqluğuna dözər..
Əslində heç bir soyuqluq-filan da hiss etməz.
Damcı bulağı içəridən ona elə güc, elə hərarət verər ki, 10-acan da sayar, 15-ə də çatar!..

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook