RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBədahətin ardındakı tədarük

Yəqin ötən əsrin səksəninci illərinin tamaşaçıları onu teleekrandan xatırlayarlar.
O vaxt hələ televiziyamız bircə idi və gözünə ara-sıra Moskva verilişləri qatılsa da, özümüzünkü olan həmin yeganə kanalın insafən, yaxşı verilişləri, canayatan konsertləri də az deyildi.
Ümumən, 1960-70-80-ci illər televiziyanın həyatımızda daha geniş yer tutduğu, olsun ki, televiziyanın özünün də ən xoşbəxt parlayış dövrünü yaşadığı vaxt kəsiyi idi.
Yaxşı televiziya verilişi, ekranda uğurlu ifa, xoşagəlim bir çıxış əks-səda doğururdu, hamı başlayırdı ondan danışmağa, gördüyünü=eşitdiyini qiymətləndirməyə, müzakirə etməyə.
Televizya bütün rüspublikanın gündəlik seyr etdiyi ortaq səhnə kimiydi.
Yalnız bizdə yox, elə o zamanlar tərkibinə daxil olduğumuz Sovet İttifaqının digər respublikalarında bu sayaq idi.
İndiki biliyim və müşahidələrimlə dərk edirəm ki, hələ bizdən də bir az əvvəldən Avropada, Amerikada da təqribən o təhərmiş.
Odur ki, Azərbaycan televiziyasında 1980-lərdə, xüsusən gənclər arasında çox sevilən olmuş əndrəbadi başlıqlı verilişin aparıcısını indi özləri də ahıllaşmış köhnə etibarlı tanmaşaçılar unutmuş olmaz.
Verilişin adı “Ekspromt” idi və kimsə dərhal mənə irad tutar ki, ayrı dildən gələn olsa da, gül kimi sözdür, əndrəbadilik bu yazıq kəlmənin harasındadır?
İndi heç harasında, o vaxt isə təpəddən-dırnağa hər yerində!
İçərisindəki danışıqlarla da, musiqilərlə də roka bağlı həmin verilişdən yeni dövrün küləkləri əsirdi.
Bu məzmun da, bu ünvan da həmin verilişin və verilişi hazırlayanların axarında olduğu gedişatla, mühitlə yola getməzliyindən deyirdi.
Lakin mühitə sığmazlıq bir dalğa idi ki, altmışıncı illərdən arta-arta gəlirdi və rəsmi dövlət televiziyasında “Ekspromt” adlı bir veriliş də yaranmışdısa, deməli, həmin axının qabağını almaq getdikcə çətinləşirdi.
“Ekspromt” nədir?
Bədahətən doğulan fikir, qəflətən yaranan ifa xırdalığı, bir anın içərisində dilə gələn ifadə, sanki gözlənilmədən birdən-birə yox yerdən pırtlayıb üzə çıxan ideya.
Hər şeyin planlı, hətta düşüncənin, davranışın da ölçülü-biçili, icazə verilən cızıqdan kənara çıxmamalı olduğu mühafizəkar sovet əyyamlarındasa rəsmi efirdə gözlənilməzlik vədləri qətiyyən arzulanan deyildi.
Mən 1970-ci illərdən, tələbəlik vaxtlarımdan Azərbaycan televiziyasında mütəmadi verilişlər aparmışam və ən xırda sərbəstliklərə görə dəflərlə də cəzalandırılmışam.
Həmin illərdə hazırladığım verilişlərin bir çoxunun rejissoru, maşallah, indi də gümrah, həyat eşqi ilə dolu olan köhnə televiziyaçı Solmaz xanım Həmzəyeva yəqin ki, o macəralı günlərimizi, tez-tez mənə 2-3 aylıq efir yasağı qoyulmasını yaxşı xatırlayır.
Efirdə hər cür ekspromtu istisna etməkçün uzun və yetərincə vasvası, suyu üfürə-üfürə içən redaktorlar zənciri vardı.
Hər bir verilişin mətni, səslənəcək çıxışlar irəlicədən kağızda yazılırdı, ssenari redaktorlarun cəngindən qurtarandan sonra yetişirdi el arasında “qlavlit” deyilən, rəsmən “Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən İdarə” adlanan, həqiqətdə isə birbaşa siyasi senzuranı təmsil edən qurumun əməkdaşının masasının üstünə.
O adam qərmızı qələmi ilə dərkənar qoyub möhürünü basmayınca, mətn təsdiqlənmiyincə verilişin ekrana yolu açılmazdı.
Bütün verilişlər üçün belə idi – istər qabaqcadan lentə yazılsın, istər efirə canlı getsin.
Bir qəliz ərəb, fars kəlməsinin yerinə qədimi, yaxud da yeni yaranan bir Azərbaycan sözünü işlətməyimə görə məni az qınamayıblar, üstəlik, buna siyasi don geyindirməyə, ifrat türkçülük kimi qələmə verməyə də cəhdlər ediblər.
Bu da xatirimdədir ki, günlərin birində KQB-nin Maarif Tağızadə adlı bir əməkdaşı (çox illər sonra tale elə gətirdi ki, onun bacısı mənim şöbəmdə çalışdı) yaxınlşadı ki, özünü yığışdır, gələcəyini məhv eləmə, türk sözlərini az işlət, bu Ankara televiziyası deyil.
Qayıtdım ki, bəs haradır, ərəb televiziyasıdır?
Nə isə, sözüm ondadır ki, 1980-ci illərin əvvəllərində Bakıya və bütün Azərbaycana səs salmış “Ozan” rok qrupunu yaratmış bir cavanın televiziyada “Ekspromt” adlı verilişlər silsiləsini /1982--1987/ hazırlaması (hələ bunun ardınca efirə canlı çıxan və eyni xətti davam etdirən "Çərşənbə axşamı" da /1987--1990/ gəldi) hər buraxılışında da mətnaltı, mətnüstü hansısa nazik mətləblərə işarələr vurmasında bir açıq dikbaşlıq, günəsığmazlıq vardı.
Lakin artıq qatar hərəkətdə idi.
Kim ki, düşünür SSRİ-nin çalxalanıb laxması, ildırım sürətli ilə çökməsi və tar-mar olması elə 1991-ci ildə qəfildən baş verdi, çox yanılır.
Buxovlardan qurtula-qurtuıla, sərbəstliyin, daxili azadlığın hüdudlarını genişləndirə-genişləndirə cəmiyyət buna doğru uzun və əzablı bir yol keçib gəlirdi.
Cəmiyyəti isə məhz ayrı-ayrı dəliqanlılar, gündən bir addım irəli getməyi bacaranlar kökləyir.
Həmin təkləri isə elə öz sifarişinə, öz istəyinə uyğun olaraq mühit, vaxt yetişdirir, böyüdür, yeni üfüqlər açmağa kökləyir.
Rasim Müzəffərli 1980-cilər nəslinin belə seçkinlərindən oldu.
Gününə görə dünyada nüfuzlu Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsini bitirmiş, erkən də dissertasiya müdafiə edərək alimlik dərəcəsi qazanmış bu gitaralı cavan dostları ilə birgə efirdə guya ekspromtlar edirdilər, guya nələrisə sınaqdan keçirirdilər.
Gerçəkdə isə nə istədiklərini də, nə etdiklərini, nə yazdıqlarını, nə oxuduqlarını da irəlicədən yaxşı bilirdilər, “ekspromt” deyə təqdim etdiklərinin böyük ölçüdə irəlicədən içərilərində bişirmiş olurdular.
Hərdən düşünürəm ki, görəsən heç “ekspromt”, “improvizə”, guya nəyinsə bədahətən əmələ gəlməsi kimi bir şey varmı?
Məncə yox!
Düşüncəmə görə “ekspromt” deyə qavradıqlarımız “görmə aldanışı” kimi bir duyğudur.
Bir də baxırsan ki, ətrafın tam sakit, səssizlikdən qulaq cingildəyən dəmində, heç bir əlamətin heç bir qeyri-adilik vəd etmədiyi əsnada yer titrədi, ya vulkan püskürdü.
Məgər bu həmin anınmı işdir, bəyəm o qəfil saydığımız hadisə doğrudanmı təbiətin ani improvizəsi, gözlənilməz ekspromtudur?
Əlbəttə ki, yox!
O anacan yerin altındamı, göyün üzündəmi həmin tərpənişə, həmin püskürməyə gətirən sürəklidən sürəkli bir yol dayanır axı!
Bu artıq daha mənim gümanım-filan deyil, təmiz elmdir.
Yoxsa öz sahəsində çox irəli gedə biləcəyinin ümidlərini verən, mükəmməl təhsil görmüş, orijinal düşüncəli bir filosofun gəlib musiqiyə bağlanması, Azərbaycan rokunun tarixində üstün imza sahiblərindən birinə çevrilməsi taleyin ekspromtudur, elə durduğu yerdə baş verən hadisədir?
...1969-cu ilin oktyabrında bir həftə boyunca Bakı o çağacan bənzəri olmamış bir musiqi bayramı yaşadı.
400-dən artıq gənc estrada, caz və muğam ifaçısının qatıldığı “Qızıl payız” musiqi festivalı indi illərin ucalığından baxanda anlayırıq ki, əslində Azərbaycan musiqi mədəniyyətində yeni bir “qızıl bahar”ın başlanğıcı imiş.
Həmin festivalda iştirak edənlərin əksəri müxtəlif özfəaliyyət dərnəklərində birləşən gənclər, tələbələr idi. Ancaq hec vəchlə onların ifalarında özfəaliyyətçilik yox idi. Hamısı peşəkarlıq saçırdı və bu, musiqimizə gələn büsbütün yeni bir nəfəs idi.
Həm də yalnız yeni musiqi nəfəsi deyil, eyni zamanda təzə düşüncə, baxış, yozum, təqdim nəfəsi!
İllər arxada qalacaq, onların bir çoxu Azərbaycan musiqisində söz sahibi olan məşhur sənətkarlara çevriləcəklər.
Həmin festival keçiriləndə Rasimin hələ 11 yaşı vardı.
Tar çalırdı, qarmon çalırdı.
Vaxtın ondan umduğu isə qarmonda “Uzundərə”, tarda “Çahargah” çalmaq deyildi.
Odur ki, Əlahəzrət Vaxt bu uşağı lazlm bildiyi səmtə də yönəldirdi.
“Qızıl payız” festivalından Bakının, Azərbaycanın havasına Rasim kimi çoxlarını bu yeni musiqi təfəkkürü və zövqünə yoluxduracaq ayrı bir hava hopurdu.
Həmin ildən etibarən mütəmadiləşən “Qızıl payız” yeni ekspromtlara hazırlıq, müqəddimə, təkan idi.
1970-ci illərin lap əvvəllərində yaz çiçəkləri kimi gah orda, gah burda – orta məktəblərdə, universitet və institutlarda, ayrı-ayrı müəssisələrdə və hətta mənzillərdə bir-birinin ardınca yeni-yeni musiqi birlikləri yaranmaqdaydı. İstedadlar pardaq-pardaq açılırdı.
Son dərəcə ləzzətli bir epidemiya başlanmışdı.
2020-ci ilin ilk aylarındakı dünyaya, qoynunda olduğumuz gerçəkliyə baxıb indi xeyli uzaqlarda qalmış 1970-ci illəri düşünsək, o dövrlə indi arasında başqa bir oxşarlıq da taparıq.
Roka, yeni musiqiyə xüsusi bir heyranlıq və kütləviliklə bağlanmaq ovaxtkı Sovetlər Birliyinin ayrı respublikalarında da coşqun idi, Avropada da, lap Yaxın və Orta Şərqdə də.
İndinin dəb ifadəsi ilə söyləsək, bütün dünya bir rok pandemiyası yaşayırdı.
Dövrün cazibəsi ilə 1970-ci illərin başlanğıcında hələ məktəbli olan Rasim vuruldu roka, başladı ilk nəğmələrini bəstələməyə.
Rok ifa edən musiqi birlikləri çox, Azərbaycan dilində rok üslublu mahnılar seyrəkdən seyrək.
Münasib girəvə şagird Rasim Müzəffərlinin ilk bəstələrinin “Dağ çiçəyi”, “Xürrəmilər” kimi artıq tanınan rok qruplarının repertuarına qatılmasına yol açdı.
Rasim gedəcək Moskvaya, Universitetdə duyuq düşəndə ki, o, rokçudur, təklif edəcəklər ki, öz qrupnu yaratsın.
Təhsilini başa qurub Vətənə qayıdacaq, İnşaat Mühəndisləri İnstitutunda müəllimliyə başlayacaq, günlərin birində rektor onu kabimetinə dəvət edəcək: “Bəlkə obiri işlərini görə-görə müəllimlərdən, tələbələrdən seçib özümüzdə bir rok qrupu təşkil edəsən?”.
Sonraların şöhrətli “Ozan”ı belə yarandı.
Bunların hamısını edən Vaxt idi.
Hökm onun hökmü, fərman onun fərmanı idi.
Sanki baş verənlər anidən, bədahətən, qəfildən idi.
Əslində isə tədbirli Vaxt çoxdan nəzərdə tutduqlarına, çoxdan gerçəkləşdirmək istədiklərinə qədəm-qədəm yol açırdı, onları bircə-bircə üzə çıxarırdı.
Rasim Müzəffərlinin lap çoxdan çox məşhurlaşmış, özünün və başqalarının oxuduğu nəğmələri var var: “Batmış gəminin mahnısı”, “Ey sən”, “Pəncərə”, “Neylərəm”, “Qoşa suallar”, “Üzü küləyə”, “Sən getdin”...
Hərəsi bir ildə, bir gündə yazılıb.
Hərdən Rasimin özünə də elə gəlir və hətta deyəsən buna da inanır ki, guya hansısa anda ona nəsə təsir edib, nəsə onu çox duyğulandırıb, içəıridən silkələyib və bədahətən təzə nəğmə yaranıb.
Analardır ki, övladlarını bəlli müddətdə bətnlərində gəzdirəndən sonra dünya işığına gətirirlər.
Sənətdəsə, elə olmur.
Günlərin bir günündə, sanki gözlənilmədən, anlar ərzində doğulan hanısa melodiya, hansısa şeir, hanısısa löhvə əslində haçandır səninləymiş.
Biri 3 il, biri 5 il, biri 10 il, biri 15 il, hansısa daha çox...
Allah bilir hələ Rasimin ürəyində, beynində, həssas varlığında nə qədər belə nəğmələr, şeirlər uyuyur.
Onlar bir gün eşidiləndə Rasim də, biz də güman edəcəyik ki, bədahətən yarandılar.
Amma belədirmi?

26.04.2020

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook