RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəOdu sönməyə qoymayan
O sənətinə dəlicəsinə vurğun idi.
Amaliya Pənahova səhnəni, teatrı, rollar oynamağı sadəcə sevmirdi.
Bəlkə də bu “dəlicəsinə” sözünün yerinə daha bir yumşaq kəlmə qoymaq olardı. Tutalım, “ürəkdən”, yaxud “nəhayətsiz”, ya “bütün varlığı ilə” ...
Əlbəttə, bunların hər biri uyğun gələr. Amma Amaliyanın sənətə münasibətini heç vaxt sonacan dəqiq ifadə etməz.
Amaliya Pənahovanı mən yaxından hələ 1970-ci illərdən, ilk tələbəlk vaxtlarımdan tanımışam.
O çağlar idi ki, gənc Amaliyanın adı dillərdə əzbərdi. Səsi yalnız səhnədən, kinoekrandan deyil, tez-tez radiodan, televiziyadan gəlirdi.
Bir-birinin ardınca yaratdığı surətlərin hər biri dərhal mədəni həyatda əks-səda oyadırdı, qəzetlər məqalələr dərc edirdi, ziyalı dairələrində onun ifası, istedadı, aktyor qaynarlığı daimi söhbət mövzularından idi.
Həmin illərdə mən Azərbaycan televiziyasında bir-birinin ardınca yeni verilişlər hazırlayırdım və onlardan birinə verdiyim ad efirə çıxmağa yol tapanacan bəzi mühafizkarların qınağı, qəti etirazı ilə qarşılaşsa da, “Gənclik” redaksiyasının baş redaktoru Yusif Kərimov məni müdafiə eləmişdi, sədr müavini Elşad Quliyevlə danışmışdı və ad qalmışdı (Təəccüblənirəm ki, o vaxtlar yetərincə yenilkçi, təzə fikirlərə, orijinal ideyalara açıq, yıpranmışlıqdan qaçmağa daim can atan Yusif Kərimov “Azərbaycan gəncləri” qəzetinə redaktorluq edəndə niyə dəyişərək tam əks adam oldu. Cəmil Əlibəyovun zamanında Azərbaycanın ən parlaq qəzeti sayılmış “Gənclər” onun dövründə tədricən solaraq boz bir nəşrə çevrildi.
Baxmayaraq ki, qəzetdə o çağlar xeyli yaxşı jurnalistlər də çalışırdı.
Onların da əli-qolu bağlanmışdı.
Nə isə, bunları elə yeri gəlmişkən yazıram, tarixdir, qalsın.
Həm də məhz indi ona görə yazıram ki, şahidlər, həmin dövrdə həmin qəzetdə çalışan Şakir Yaqubov və neçələri həyatdadır, həmin dövrü də yaxşı xatırlayıralar).
Beləliklə, yeni efirə getməli olan verilişlər silsiləsini “Od kürəsi” adlandırmaq istəyirdim.
Verilişin adına Televiziya və Radio verilişləri Komitəsi sədrinin reaksiyası belə olmuşdu: “Nədir, sirkdən veriliş hazırlamaq istəyir?”.
–Sirkdən niyə?
–Məgər yanan kürrənin içərisindən sirkdə heyvanlar tullanıb keçmir?
Başa salmışdılar ki, burda söhbət “kürrə”dən yox, “kürə”dən gedir. Yəni dəmirçixanada olan kimi alovlanan kürədən.
Və Elşad müəllimin hardansa o məqamda ağlına partokrat sədrin qəlbinə yatan bir fikir gəlmişdi.
Söyləmişdi ki, alovlu inqilabçılardan verilişlər hazırlamağı düşünür, ona görə belə ad verir.
Bu sözü doğruya çıxarmaqdan ötrü elə ilk verilişi Məşədi Əzizbəyova həsr etdik.
Ardınca isə tariximizdə qalan, özünü fədakarlıqla elmə, sənətə həsr etmiş, bu yolda bir ocaq kimi yanmış insanlar haqda verilişlər hazırladım.
“Od kürəsi”nin bir buraxılışı Azərbaycan səhnəsində qadın rollarını ifa etmiş kişilərə və ilk aktrisalarımıza həsr edilməli idi.
Amaliyanı həmin verilişə Firəngiz kimi gətirmək istəyirdim.
Cəfər Cabbarlının Firəngizi kimi.
Amaliya Pənahova hələ böyük səhnə yolunun əvvəlində – 1966-cı ildə Akademik Dram Teatrında “Oqtay Eloğlu”nda Firəngizi ustalıqla yaratmışdı.
Və o Firəngizi mən bir az fərqli mətnlə danışdımaq istəyirdim, Cəfər Cabbarlıdan təkanlanaraq improvizə etmişdim, mənim mətnimdə teatra ömrünü verməyə hazır olan bir qızın duyğuları, həyəcanları əks olunurdu.
Dram teatrında görüşdük, ssenarini verdim, heç mətnin özünə aid hissəsinə çatmamış dilləndi: “Nə yaxşı ad qoymusunuz verilişə! Elə mən də eynən o cürəm. Hər təzə rolun hələ masaarxası oxunuşları başlananda elə bil ürəyimdə nəsə alışır, daha başqa heç nə barədə fikirləşə bilmirəm, sanki oluram başqa adam, nə qədər çalışıram o yanğını ovundura bilmirəm. Düz yazmısınız, yəqin elə əsl sənətkarların hamısı belə olur. Hamısının içində ocaq, siz deyən kimi, od kürəsi yanır”.
O vaxtdan çox illər, onillər keçdi.
Amaliya Pənahova xalq artisti də də oldu, ən yüksək dövlət təltiflərinə də layiq görüldü, şöhrətin bütün insanı xumarlandıran ləzzətini də daddı.
Ancaq axıradək içərisindəki həmin atəş sönmədi.
Bu atəşin nə demək olduğunu iliyinəcən dərk və hiss etdiyindən Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etdiyi çağlarda – 1992-ci ilin noyabrında ölkədə ilk bələdiyyə teatrını da o yaratdı.
Və bu teatrı yalnız özünə görə deyil, həm də içərisində elə onun özü kimi od kürəsi olan, teatrsız yaşaya bilməyəcək yaşlı həmkarlarını xilas etməkçün yaratdı.
Həyat (və tələbəlik) yoldaşı Yusif Muxtarovla birgə həmin teatrı yaratdı və Amaliyanın səhnəsi, artıq doğma teatrlarından uzaqlaşdırılmış, Sofa Bəsirzadə, Mirvari Novruzova, Muxtar Avşarov üçün təzədən həyata qayıtmağa bərabər oldu.
Məhluqə Sadıxova və hələ ürəyində sözü olan, gözü səhnədən doymamış neçə aktyorun könlündəki od kürəsini təzədən közərdi...
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook