RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifə46-cı ildən sonrakı 46 ilin həsrəti
Biri həkim idi, digəri mühəndis, biri müəllim idi, başqası alim... yəni onların arasında hər peşədən olan insanlar vardı. Əksəri də öz sahəsində yaxşı mütəxəssis sayılırdı. Hərçənd, təxminən hamısı ilk gəncliklərində tamam ayrı işlərlə məşğul olmuşdular və həyat başqa axarla davam etsəydi, yəqin ki, sonradan qazandıqları ixtisasları deyil, elə əvvəldən niyyət etdikləri sahələri seçərdilər. Lakin hansı peşəyə üz tutmalarından, hansı vəzifədə çalışmalarından asılı olmayaraq onların hamısı sonacan inqilabçı, siyasətçi olaraq qaldılar.
Onlar Sovet Azərbaycanına başlarında azadlıq havası gəlmişdilər.
Cənubi Azərbaycanda qurulan milli hökumət 1946-cı il boyu davam edərək onların hər biri üçün ən gözəl şeir kimi yaşanmışdı.
Sonra yol qəfilcə qanla-qadayla qırılmışdısa da, mühacirət edərək Sovet Azərbaycanına sığınmış bu mübarizlər əqidə adamı olaraq qalırdılar.
Onların bir çoxu ilə ünsiyyətim vardı və sanki mayası başqa cür yoğrulmuş bu insanların artıq Pişəvəri zamanından onillər ötəndən sonra da gündəlik söhbətlərində birinci yerdə siyasi gündəm və bir də xeyli geridə qalmış illərin dərinində qalmış, fədai olduqları əyyamların xatirələri dururdu.
Məmməd Salmanov həmin qafilədən idi.
O taydan bu taya lap cavan yaşında keçsə, elə tezliklə musiqiyə bağlansa, 1958-ci ildə Moskvada Tələbə və Gənclərin Ümumdünya Festivalında uğurla çıxış etdikdən sonra vaxtına görə böyük nailiyyət sayılan respublikanın əməkdar artisti fəxri adına layiq görülsə, ömrünün sonunadək musiqi, sənət onun həyatının başlıca mənasına çevrilsə də, Məmməd Salmanov da firqəçi dostlarından sən deyən fəqrlənmirdi.
Keçmiş Qənnadı fabrikinin yaxınlığında Cənubi Azərbaycanlı siyasi mühacirlərin hər şəraiti olan böyük binaları vardı. Səliqə ilə öz qəzetləri çıxırdı, mütəmadi toplaşırdılar, müxtəlif tədbirlər keçirirdilər, müzakirələr aparardılar və musiqisiz də ötməzdi.
Orada Məmməd Salmanovu da, Novruz Feyzullayevi də, onlara qoşulub milli sürudu, cənub nəğmələrini xorla oxuyan köhnə mühacirləri də az eşitməmişəm, hətta bəzi məclislərini lentə də almışam. Özləri gedib, səsləri durur.
Vaxt keçdi, nəsillər dəyişdi, daha o köhnələrdən 3-5 nəfər qala-qalmaya.
Qalanlar da çox ixtiyarlaşıblar, daha keçmiş, tanış ünvana getməyə halları da yoxdur.
Heç köhnə ünvandakı tanış binadan da bir şey qalmayıb.
Keçmiş iri mülkün balaca bir guşəsində o ata-anaların tudəçiliyə sədaqətli övladları ara-sıra yığışırlar.
O ötmüş çağlar ki o insanlarla tez-tez görüşürdim, bəziləri ilə Elmlər Akademiyasının əvvəlcə Fəlsəfə və Hüquq, sonralarsa Şərqşünaslıq institutunda həm də birgə işləyirdik, 1970-80-ci illər idi və Təbrizə, Ərdəbilə, Zəncana, Urmiyəyə, Xoya, Səlmasa... aparan yollar bağlı idi.
Həmin yollları Balaş Azəroğlu, Mədinə Gülgün, Əli Tudə, Söhrab Tahir, Həkimə Billuri, Əbülfəz Hüseyni...şeirlərində, Rübabə Muradova, Məmməd Salmanov kimi müğənnilər avazlarında, yerdə qalnalar da xəyallarında, yuxularında hər gün qət edə bilirdilər.
Amma istisnasız olaraq hamısının ürəyində həsrət sağalmayan yara kimi həmişə zoqquldayırdı.
Çünki hər birinin o tayda kimi və kimlərisə qalmşıdı.
1990-cı illərə gəlib çatmayanlar elə həmin hicran acısını, ayrılıq nisgilini özləri ilə apardılar.
Məmməd Salmanovun oğlu, atası kimi musiqiçi olmuş Niyazi söyləyir ki, yolların hələ bağlı olduğu vaxtlarda hərdən Tehrandakı nənəmlə, bibimlə telefonla danışardılar.
Hər iki cümlələrindən biri “səsinə qurban olum” idi.
Nəhayət ki, vədə yetişir, artıq Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Məmməd Salmanova da sürəkli ayrılıqlrdan sonra İrana səfər etməyə icazə verilir.
Yenə oğlu Niyazi nağıl edir ki, atamla ikimiz gedirdik.
Astarada gəlib çatdıq sərhədə. Buraxılış məntəqəsində o tyda bibim uşaqları ilə dayanmışdı, bu tayda atamla mən. Bibimin yoldaşı hərbi həkim olduğundan sərhədçilərlə danışmışdı, onları başqa adamlara nisbətən daha irəli buraxmışdılar. Aramızda 50-60 metr məsafə ola-olmaya. Atam baxdı, kədərli-kədərli köks ötürdü və dedi ki, bax e, 46 il bu boyda yolu keçə bilməmişik...
...Orda, Zəncanda və Tehranda ötən uşaqlıq, yeniyetməlik illərində Məmməd xalça toxumağı öyrənmişdi.
Hər işində dəqiq, səliqəli, zövqlü olduğundan bəlkə də ardınca getsəydi, bir mahir xalçaçı kimi məşhurlaşardı.
Musiqiyə bağlandı, müğənni kimi şöhrətləndi və doğmaları bunu da təsdiqləyir ki, onillərlə məşğul olmasa da, xalça toxumağı unutmamışdı, barmaqlarının ilmə vurmaq ustalığı elə əvvəlki gücündə idi.
Oğlu Niyazi bunu da söyləyir ki, 1992-ci ildə İranda olduğumuz günlərdə bir dəfə xalçaçı dükanına girdik, atam xalçanın elə incəliklərindən danışmağa, satıcı ilə əriş-arğac, ilmələrin sıxlığı barədə elə peşəkar söhbət aparmağa başladı ki, kişi çaşıb qaldı.
...Məmməd Salmanovu hamı əsasən mahnı ifaçısı kimi tanıyırdı və tanıyır Aman onun xoş muğam oxuması da, məlahətli boğazları, lətif xırdalıqları da vardı.
Xalçaçı olmadı. Amma elə ki, muğam gəzişmələrini başlayırdı, görürdün ki, əsl xalçaçıdır ki var!..
Bir təsnifin ortasında sanki hana qururdu, çeşni düzürdü, başlayırdı ilmə-ilmə, naxış-naxış toxumağa...
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook