RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəYaddaş qəlpələri
Unudulmaz Ənvər Məmmədxanlının ilk gənclik illərindən başlayaraq yazdığı, ən fırtınalı illərdə də ara vermədiyi, ta ömrünün sonunacan davam etdirdiyi gündəliklərinin yanında qələmə aldığı, elə həmin gündəliklərin davamı sayıla biləcək ayrıca dəftərləri də vardı.
Səliqəli xətti ilə, nömrələdiyi o dəfətərlərin üstündə “Qəlpələr” yazmışdı.
Yüz cür başqa ad vermək olardı həmin yazılara. Necə ki, əvvəllər bu qəbil yazılara “Ömür anları”,, “Fraqmentıər”, “Yaddaşlar” və digər belə-belə adlar verənlər olmuşdu.
Sözlə son dərəcə həssas davranmağı bacaran Ənvər müəllimsə xatirələrinə “Qəlpələr” adı qoymuşdu.
Qəlpə isə həmişə sancı, ağrı deməkdir.
Bunu mən bilavasitə kədərli müşahidələrimdən bilirəm.
Ziya Bünyadovla münasibətlərimizin yaxşı olduğu vaxtlarda tez-tez evlərinə gedərdik.
Uzun söhbətlər edərdik, yeyib-içərdik və görərdin ki, heç bir zahiri səbəb olmadan qəfilcə əsəbiləşdi. Ya yeməyin şirin yerində sifəti qaraldı, əlini süfrədən çəkdi.
Qəhrəman kimi qayıtdığı müharibədən Ziya müəllimin “Qızıl ulduz”dan savayı bir başqa gətirdiyi də vardı.
Başında qəlbə qalmışdı.
Əməliyyat da elətdirməyə çəkinirdi ki, zərəri faydasından çox ola bilər.
Ara-sıra həmin qəlpə tərpənirdi və o anda elə dözülməz ağrı başlanırdı ki, dağ boyda kişi yumağa dönürdü.
Ömrü boyu vücudunda ağrı daşıyan o insanı mən hətta haqsız olduğu anlarda da başa düşməyə çalışırdım, çünki anlayırdım ki, tab gətirilməsi mümkünsüz olan şiddətli ağrılar həmlə edəndə insanın ixtiyarı özündə olmur...
Nədən bəhs edəcəkdim, haralara gedib çıxdım!..
İki ahıl insanla əyləşib söhbət edirik.
Bacı-qardaş.
Fəridə və İlqar Bakıxanovlar.
Atalarını anırlar.
Yadlarına düşdükcə müxtəlif acılı-şirinli xatirələri söyləyirlər.
O söylənənlərin çoxuna ürəkdən gülüşürük.
Amma hiss edirəm ki, məndən ayrılnadan, bir-biri ilə də xudafizləşib hərəsi öz evinə gedəndən sonra onlar bir neçə saat əvvəl söylədiklərini bir də xatırlayacaqlar.
Həmin xatirələr bu insanlara daha gülməli gəlməyəcək.
Əksinə, xiffət oyadacaq, nisgil gətirəcək.
Axı həmin xatirələrin içində onlar qayğlsız uşaqlıq illərində idilər, ümidli, arzulu, çılğın gəncliklərində idilər, atalı-analı idilər.
Sular axıb keçib, ömür indi gözəl görünən hər anıyla dönüb olub keçmiş.
Keçmişin anları isə ürəyində, beynində gəzdirdiyin qəlpə kimidir.
Tərpəndikcə ağrıda da bilir!
Axı daha geri dönən deyil!
Opera müğənnisi, xanəndə Ağasəf Bakıxanovu səhnədə görüb-eşidənlər daha həyatda yoxdur.
Vaxt Ağasəfin özü kimi dinləyicilərini də apardı qayıdılmaz uzaqlara.
Amma balaları xatırlayır.
Opera teatrındakı oxularını yox, filarmoniya səhnəsindəki ifalarını yox.
Sakit axşamlarda bağın bir tərəfinə çəkilib bəlkə səhnədikindən də qat-qat məlahətli, ürəkdən, şövqlə oxuduğu muğamları.
“O vaxt bağlar indiki kimi hündür hasarlı deyildi. Bu bağı o bağdan ayıran koldan-tikandan düzəldilmiş şərti çəpərlər idi. Həzin axşamlarda qonşu bağlardan hətta qaynayan samovarların səsi də aydın eşidilərdi.
Ata ən çox “Şur-şahnaz”ı sevərdi. Bir də görərdin başladı zəngulə vurmağa.
Bir qonşu obirinə irad titardı ki, kəs o samovarın dızıltızısını”...
Ağasəf oxuyarmış, bütün kənd dönüb olarmış səhnəsi, Abşeron bağlarının televiziyasız, bir çoxunun həm də hələ radiosuz olduğu çağlarda Ağasəfin oxları onlarçün həm televiziya olarmış, həm radio.
“Allah sənə insaf versin, ay Ağasəf, o nə oxumaq idi oxuyurdun!”.
Qonşular, kənd adamı belə dedikcə Ağasəf bir tərəfdən fərəhlənərmiş, bir tərəfdən də qüssələnərmiş ki, niyə səhnədən tez aralandım?
O, 1911-ci ildən idi.
Peşəkar sənətdənsə, heç 35 yaşına çatmamış ayrılıb.
Övladları deyir ki, iqtisadçı idi, guya istəyib öz peşəsi iklə məşğul olsun.
Ancaq nədirsə bu yozum ağlıma batmır.
Sənətə, səhnəyə o sevgi ki Ağasəf Bakıxanovda olub, belə bəsit səbəblərə görə sevgilisindən ayrılmazdı.
Daha kim qalıb ki, kimdən də soruşam?!.
Rəhmətlik Bəhram müəllim sağ olaydı, hər gizlinci açaydı...
Fotoya baxıram, ikisi birlikdə -- Bəhram Mansurovla Ağasəf Bakıxanov.
Şəkilinsə dili lal. Ha bax, danışası deyil...
...Fəridə xanım ona xas şuxluqla deyir: “Atamla anamı qovuşduran faqot olub”.
Zarafat edir. Əslində faqotun özü yox, faqotçalan.
Ağasəf operanın orkestrində faqot çalan Məlikrza İmaməliyevlə dostmuş.
Bir gün Məlikrza onu evə dəvət edir.
Ağasəf ucaboy, qəşəng oğlanmış. Şövkət onu görür, o Şövkəti.
Həmin nağıllardakı ilk baxışçdanca bir könüldən min könülə vurulmaq məsələsi baş verir.
Aralıarındakı 12 illik yaş fərqi də maneçilik törədə bilmir.
Tezliklə evlənirlər...
“Anam yaxşı təhsil görmüşdü, böyük müəllimləri olmuşdu, sabahın Bəxtiyar Vahabzadə, Fəridə Əliyarbəyova, Rəhim Nağıyev və başqa məşhur simaları ilə eyni qrupda oxumuşdu. Amma özünü bizə, atama həsr etdi.
Anamın bir həsrəti də son gününəcən onunla qaldı. Qardaşı Yavər 17 yaşında evdə heç kimə bildirmədən hərbi komissarlığa yollanmış, göndərişini alaraq cəbhəyə getmişdi. Bir müddət sonra ailə onun itkin düşməsi haqda kağız aldı.
Amma sonra illər boyu nə qədər axtarsaq da, Yavərdən heç bir soraq əldə edə bilmədik. Anamsa onu axıracan gözləyirdi. Öləndə də qəbrinin üstünün öz vəsiyyəti ilə bu sözlər yazıldı: “Mən Yavərin gözətçisiyəm”...
Danışırlar, xatirələr sıralanır, qəlpələr tərpənir...
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook