RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəGeniş açılmış pəncərədən gələn saf hava

Bu bizlərdə təzə söhbət deyil.
Elə keçmişlərdə də belə olub, indi də bu cürdür, gələcəkdə də bu sayaq qalacaq. Və bunun adı kosmopolitizm deyil, bunu indi dəbdə olan ifadəni işlətməklə “dözümlü yanaşma” adlandırmaq da məqbul sayılmaz.
Bu bir az coğrafiyamızdan gəlir ki, Şərqlə Qərbin qovuşma nöqtəsində yerləşmişik, həm Asiyaya, həm Avropaya aidik.
Bir az milli xarakterlə bağlıdır ki, xalqımız daim qılıqlı, mehriban, mərhəmətli olub, qonaqpərvərliyi ilə seçilib.
Bir az ənənələrlə bağlıdır ki, bu təhər olmağımızı hər yurddaşımız gözünü açandan, dünyanı duyandan görüb, o da elə həmin xətti tutub gedib.
Nizami Azərbaycan şairi idi, ömrü boyu Gəncəbasardan qırağa çıxmamışdı, amma əsərlərinə o vaxtkı mədəni dünya və mədəni xalqların hamısı sığmışdı.
Sevərək öydüyü qəhrəmanlarının neçəsinin heç kökcə, əsilcə bizə aidiyyəti yoxdu. Aralarında hindli də vardı, fars da, ərəb də vardı yunan da, slavyan da vardı çinli də....
Sonra əsrlərcə neçə şairimiz, nasirimiz belə düşündü, belə yazdı.
XIII yüzildə Nəsirəddin Tusi Marağada Akademiya qurmuşdu, Rəsədxana yaratmışdı və orada çalışmağa oçağkı dünyanın dörd bucağından alimləri toplamışdı.
Ya Rəşiddədinin Təbrizdəki Mədrəsəsində dərs deyənlərin də, dərs alanların da arasında xeyli xalqın təmsilçisi vardı.
Deyir qan qarışanda övladlar göyçək olur.
Bizim elmin, mədəniyyətin, ədəbiyyatın qanına zaman-zaman fərqli qanlar (və yaxşı, sağlam qanlar!) qarışıb, kənardan gələn dalğaları öz içimizdə əritmişik, hətta buraları zəbt edənlərin belə elmindən, mədəniyyətindən, ədəbiyyatından iqtibaslar edərək elə örnəklər yaratmışıq ki, sonra onlar özləri də bu gözəlliyə və istedada heyran qalaraq ardımızca düşüblər, bizlərdən öyrənməyə başlayıblar.
XX əsr başlananda bu ruh, bu təbiət həmişəki kimi yenə Azərbaycanla idi.
Və bu millətin sabahının qurucularından və təməlçilərindən olan cavan maaarifçi Üzeyir bəy Hacıbəylyli xəzinələrin lap yanında idi.
İstəyirdi Azərbaycanda mükəmməl bir musiqi şəbəkəsi qursun.
Böyründə Şərq musiqi xəzinəsinin ən xırda qapılarının da açarlarını köksündə gəzdirən Mirzə Muxtar, Mirzə Mansur, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov və neçə-neçə belə canlı klassiklər vardı.
Lakin bunu da anlayırdı ki, tək Şərqdən yapışıb qalmaqla iş irəli getməz, dünyayla ayaqlaşmağımız çətin olar.
Əcnəbinin seyrə balonlarda çıxdığı əyyamlar gəlmişdi, musiqidə də Avropanın ötkəm səsini duymağa, onda olan yaxşıları mənimsəməyə ehtiyac vardı.
Bəs təhsili necə qurmalı?
Üzeyir bəy dahiliyinin bir təsdiqi də budur ki, vaxtın nəbzindən anındaca tutaraq elə yanındakı xəzinə siqlətli muğamçılara uyğun olaraq simfonizmi, Qərb musiqisini layiqincə tədris etməkdən ötrü kənardan da dövrün ən sanballı, ən bilgin, ən qabil musiqiçi və musiqişünaslarını dəvət etdi.
Bakıda ilk Şərq konservatoriyası 1920-ci il may ayının 25-də respublika Xalq Maarif Komissarlığının qərarı ilə açıldı.
Bəs bu konservatoriya necə qurulsun, nələr tədris edilsin, necə öyrədilsin?
Üzeyir bəyin bütün bu suallara tutarlı cavab verən məruzəsi Xalq Maarif Komissarlığında səslənənəndən sonra
1921-ci il avqustun 21-də hökumətin qərarı ilə nizamnamə təsdiqlənir.
Altında Baş nazir – Xalq Komissarları Soveti sədri Nəriman Nərimanovun və indiki ölçüylə Təhsil və Mədəniyyət nazirliklərinin qovuşuğu adlandırıla biləcək Xalq Maarif Komissarlığının rəhbəri Dadaş Bünyadzadənin imzaları.
Üzeyir bəy Nizamnaməni elə yazmışdı ki, bizim konservatoriya Peterburq və Moskva konservatoriyalarının quruluşuna uyğun olmalı idi.
Cavan dahi elə bir bünövrə yapırdı ki, bu özül üzərində Şərq və Qərb musiqisinin üzvü vəhdəti yaranmalı və misilsiz bəhrələr doğurmalı idi.
Böyük məqsədləri gerçəkləşdirməkdən ötrü Rusiyanın müxtəlif şəhərlərindən B.Karaqiçev, İ.Aysberq, L.Yablonko kimi güclü mütəxəssislər dəvət edilir.
Dərsləri Moskva, Peterburq, Saratov şəhərlərindən gəlmiş violonçelist, L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi L.Rudolf, pianoçu G.B.Şaroyev, qaboyçalan V.Knyazkov, valtorna çalan və nəzəriyyəçi S.Berolski, vokalçılardan N.Speranski, M.Kolotova, V.Nikolski aparmağa başlayırlar.
Az sonra bu sıraya Azərbaycanda piano məktəbinin yaradıcılarından birinə çevriləcək M.R.Brenner, musiqişünas-nəzəriyyəçi, Azərbaycan musiqişünas-nəzəriyyəçilik məktəbinin yaradıcısı, N.S.Çumakov, F.Əmirov, S.Hacıbəyov, C.Cahangirov, A.Rzayev və H.Rzayev, R.Mustafayev kimi musiqiçiləri yetişdirən B.İ.Zeydman da qoşulurlar.
Musiqi tədrisində belə bir yolun seçiminə irad tuta biləcək mühafizəkarlara və sabahları öncədən görməkdə aciz olanlara üz tutaraq Üzeyir bəy belə yazırdı: "Biz Azərbaycan türklərinə vaxtımızı, qüvvəmizi və vasitələrimizi ümumi musiqi sənətinin, başqa sözlə desək, Avropa musiqisinin öyrənilməsinə sərf etməyə dəyərmi? Bəli, bu lazımdır və zəruridir, çünki, Avropa musiqisini öyrənərək, biz birincisi, dünyaya bir sıra dahi sənətkarlar bəxş etmiş və əsrlərlə inkişaf etmiş ümumi musiqi sənətinin sirrlərinə yiyələnirik. Bu dahilərin əsərlərinə heç bir mədəniyyətə malik olan xalq biganə qala bilməz, çunki onların yaratdığı əsərlər sözün əsl mənasında universal və bəynəlxalq əhəmiyyətə malik olaraq bütün dünyada şöhrət tapmış və bəşəriyyətin inkişafında mühüm aparıcı rol oynamışdır.
İkincisi, ümumi musiqi sənətinin öyrənilməsi ona gətirib çıxaracaq ki, hamımız biləcəyik ki, mənalı-ağıllı musiqi insan orqanizminin ruhi-estetik və intellektual cəhətdən inkişafında böyük rol oynayır.
Üçüncü, ümumi musiqi sənətinə yiyələnərək biz - Azərbaycan türkləri ümumbəşəri mədəniyyətə yaxınlaşırıq. Dördüncü, ümumi musiqi sənətinin öyrənilməsi və həmin istiqamətdə aparılan işin düzgünlüyü Azərbaycan xalqına şübhəsiz, musiqi sənəti sahəsində öz istedadını üzə çıxarmaq imkanı verəcək”.
Üzeyir bəyə yenə, təkrar-təkrar min rəhmət!
Pəncərənin vaxtında geniş açılmasının, Üzeyir bəyin mübarizəli çalışmalarının nəticəsidir ki, həmin xətti tutub getdik və nəticədə bizim bu gün Qara Qarayevimiz var, Fikrət Əmirovumuz, Niyazimiz, Cövdət Hacıyevimiz, Arif Məlikovumuz və bu qəbildən olan, çoxdan dünya musiqisinin üfüqlərinə ucalmış qiymətli sənətkarlarımız, qüdrətli bəstəkarlıq məktəbimiz var!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook