RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəSədaqət örnəyi

Şe`r şe`rdir, nəsr də nəsr.
Hərəsinin öz qanun-qaydası, öz xüsusiyyətləri.
Amma şe`rin nəsrə, nəsrin isə şe`rə bənzədiyi də olur.
Şe`rin nəsr qədər ayrıntılı, gerçəkçi, nəsrin şe`r qədər obrazlı, poetik olmasına da rast gəlinir.
Və bir də var rəsmən şe`rlə nəsr arasında olan bədii yaradıcılıq səmti – mənsur şe`r.
Azərbaycanda “mənsur şe`r” deyiləndə ilk yada düşən Gülhüseyn Hüseynoğlu olur.
Gülhüseyn Hüseynoğlu 1923-cü ildən idi. O, anadan olanda artıq bir əsrə yaxın idi ki, “mənsur şe`r” deyilən xətt ədəbiyyatda vardı.
İlk yaradanı bir başqa adam idi, bir ayrı ədib o yazılara bu adı verdi.
Aloiziüs təxəllüslü, 34 illik qısa ömür yaşamış fransız yazıçısı Lui Jak Napoleon Bertranın (1807–1841) qələmə aldığı, vərəmin bitirdiyi gödək ömrünün sonunacan əlini üzmədiyi, dönə-dönə qayıtdığı, cilaladığı, haralarınısa təzlədiyi əsas əsəri “Zülmət səltənətindən olan Qaspar. Rembrandt səbkində gəzişmələr”i 1842-ci ildə nəşr olunanada o artıq həyatda yox idi.
Bertranın bu əsəri ilə poeziya ilə nəsrin aralığında qovuşuq bir ədəbi şəklin təməlini qoymuş olduğunu isə ilk dəfə bəyan edən digər fransız şairi Şarl Bodler (1821–1867) oldu.
Hətta özü də həmin üslubda, elə Bertrana cavab olaraq “Paris ümidsizliyi” kitabını yazıb.
Sonra Fransada da, dünyadad da çoxları mənsur şe`rdə özünü sınayıb.
Elə bizlərdə də Gülhüseyn Hüseynoğlunun dünyaya (və böyük əədəbiyyata) gəlişinəcən mənsur şe`r yazanlar az olmayıb.
Məhəmməd Hadidən, Abdulla Şaiqdən, Hüseyn Caviddən, Seyid Hüseyndən tutumuş Nəriman Nərimanova, Yusif Vəzir Çəmənzəminliyədək neçələri.
Ancaq onlar hamısı bu biçimdə hərdənbir, ara-sıra yazmışdılar.
Həm də adını “mənsur şe`r” qoymayaraq yazmışdılar.
Gülhüseyn Hüseynoğlu isə həyatda necə idisə, insan kimi nə təhər idisə, yaradıcılıqda da o cürdü.
Bir yolu tutdumu, axıracan ondan əl çəkməzdi, bir sözü dilinə gətirdimi, daha nə illah eləsən ondan dönməzdi.
Özü söyləyirdi ki, o vaxt, 1940-cı illərin sonlarında həbsa alınaraq dindirmələri aparılanda da, sonra 25 il iş alaraq Sibirə göndəriləndə də, orada İrkutsk vilayətində, qılınc kimi kəsən, qan donduran şaxtalı-sazaqlı aylarda-günlərdə Tayşet və Bodaybo arasındakı meşələrdə digər dustaqlarla birgə ağac kəsdiyi çağlarda da ona dəfələrlə təklif olunmuşdu ki, ərizə yazsın, bildirsin ki, peşimandır, səhv etdiyini başa düşdüyünü göstərsin, bağışlanmasını rica etsin, cəzası bəlkə yengülləşər.
Belə ərizə yazanlar olmuşdu, hətta məslək dostlarından da.
Danışırdı ki, yalandan necə yazaydım ki, səhv etmişəm, peşiman olmuşam. Axı səhv də etməmişdim, peşiman da deyildim. Lap yazsaydım ki, biləcəkdilər ki, onsuz da belə deyil. Anlayırdım ki, mənim kimiləri sovet hökuməti hərəkətimizə görə hec vəchlə bağışlayan deyildi. Odur ki, yazmadım.
Stalin öldü, vəziyyət dəyişdi.Yoxsa cəzamızı axıracan çəkəsiydiuk.
O da sağ qalmış olsaydıq...
Gülhüsey Hüseynoğo Sibir cəhənnəmindən salamat qurtarıb Vətənə qayıtdı və 1955-ci ildən ömrünün bitəcəyinədək çoxlu faydalı işlər gördü, həmin sabitqədəmliyi, sədaqəti, saflığı, prinsipiallığı, dönməzliyi ilə millətinə və yurduna xidmətlərini davam etdirdi.
Hər işində, hər yolunda ardıcıl olan Gülhüseyn Hüseynoğlu bu məhəbbət və etibarını məsur şe`rə də göstərdi.
Başqalarından fərqli olaraq o, ara-sıra deyil, daim mənsur şe`rlər yazdı.
Qəlbini də boşaltdı, bu söz qəlibinə Azərbaycanın ədəbiyyatında sabit vətəndaşlıq haqqı da nəsib etdi.
Həmin səbəbdən də ondan əvvəl də, ondan sonra da mənsur şe`rlər yazanlar olsa belə, Müşfiq anılanda ilikn o yada düşdüyü kimi, “mənsur şe`r” söylənəndə də həmişə birinci olaraq Gülhüseyn Hüseynoğlu göz önünə gəlir.
Gəlir və həmişə də gələcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook