RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəÖz içərisinə sığmayan

Bu təbiətli adamlara deyirlər ki, “civə kimi” idi.
Və həmin ifadə Rəşidə çox yaraşırdı.
Bir gözəlliyi də o idi ki, başladığı işi hökmən axıra çatdırmağa, bu zəhmətlərinin hər kəs üçün faydalı olduğunu məhz işinin ürək sevindirən nəticələri ilə sübuta yetirməyə qadir idi.
Rəşid Şəfəqin əmək kitabçasında çalışdığı bir çox müəssisələrin adı vardı.
Bir ara Bakıdakı 190 saylı məktəbdə müəllim işləmişidi.
Lakin bu miqyaslı, bu işgüzarlıqlı, bu həvəsli peşəkar bəstəkar üçün lap qabaqcıl sayılan bir orta məktəbdə də adicə musiqi müəllimi işləmək həddən artıq dar, kiçik fəaliyyət sahəsi idi.
Rəşid nəinki axarında olduğu mühitə, heç öz içərisinə də sığmırdı.
...Təşəbbüs qaldırır, istəyinə də nail olur: 1966-cı ildə 190 saylı məktəbdə Azərbaycanda ilk dəfə olaraq Məktəbli Filarmoniyası yaradır.
Müslüm Maqomayev adına Azərbaycan dövlət Filarminiyasının nəzdində vaxtilə parlaq bəstəkarımız Qəmbər Hüseynli sazçı qızlar ansamblı yaratmış, həmin musiqi birliyi üçün də bir silsilə ruh oxşayan nəğmələr bəstələmişdi.
190-dakı Məktəbli Filarmoniyasına Qəmbər Hüseynlinin adını vermişdilər və bunun da nəzdində elə böyük filarmoniyada olan sayaq sazçı qızlar ansamblı təşkil etmişdilər.
Rəşidin mətbuatla, radio-televiziya ilə əlaqələri yaxşı idi.
Uşaqları daha da ilhamlandırmaq, daha çox çalışmağa sövq etmək məqsədi ilə onların tez-tez radio-televiziyada çıxışlarına yol açırdı.
Təsəvvür edin ki, adicə bir orta məktəbdə qurulmuş bu şərti filarmoniyadakı pianino, skripka, tar, kamança, qarmon, saz, nağara bölmələrində 250-yə yaxın şagird məşğul olurdu.
Bu hələ harasıdır?!
Məktəbli Filarmoniyasının 300 nəfərlik xor studiyası, kiçik yaşlı məktəblilərdən ibarət 400 nəfərlik xoru vardı.
Araya-ərsəyə gətirmək nə qədər gərgin əmək, yorulmazlıq, usanmazlıq umurdusa, bunların işini ritmi qırmadan səliqə ilə davam etdirmək üçqat, beşqat məsuliyyətli və dayanmadan çalışmaq tələb edən vəzifə idi.
Rəşid çatdırırdı və işindən də zövq alırdı.
Təsadüfi deyil ki, tanınmış yazıçı Əlfi Qasımov pedaqoji oçerklərindən birini Rəşidin yaratdığı bu Məktəbli Filarmoniyasına həsr etmişdi və yazısına da onun fəaliyyətlərinin dəqiq qiyməti olan sərlövhə qoymuşdu: “Məktəbdə məktəb”.
Rəhmətlik Əlfi müəllim məktəbin nə təhər mürəkkəb təsərrüfat, müəllimliyin necə üzdən göründüyündən qat-qat ağır iş olduğunu ilk növbədə hər gün öz evinin içərisindən müşahidə etməklə yaxşı bilirdi. Onun ədəbiyyat müəllimi olan həyat yoldaşı unudulmaz Rəhilə xanımın mehriban, mələk surəti indi də gözümün qarşısındadır.
Dinclik bilməyən Rəşid Şəfəq bu Məktəbli Filarmoniyasında elə bir Bədii Şura qura bilmişdi ki, adlar sadalanınca qibtə ediləsi mötəbərliyin səviyyəsi hər kəsə aydın olurdu.
Bədii Şuranın rəhbəri kim olsa yaxşıdır?
Maestro Niyazi!
Bəs üzvlər?
Bəstəkarlardan Səid Rüstəmov, Tofiq Quliyev, Rauf Hacıyev, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Cahangir Cahangirov, şairlərdən Mirmehdi Seyidzadəı, Zeynal Cabbarzadə, Teymur Elçin, Hikmət Ziya, Fikrət Qoca, İlyas Tapdıq...
Baxın və qiymət verin!
1960-cı illərin ortaları, 1970-ci illərin əvvəllərində Rəşid Şəfəqin bir orta məktəb çərçivəsində gördüyü nəhəng işlər örnək götürüləsi nümunə, öyrəniləsi təcrübədir ki, bu gün də, sabah da bir diqqətəlayiq ülgü olmaq sanbalını saxlayır.
Bütün bu işlər azmış kimi həmin Məktəbli Filarmoniyasının tərkibində 1970-ci ildə bir Opera Studiyası da yaratmış, ora 70-dən çox şagirdi cəlb etmişdi.
Bəstəkarları uşaq operaları yazmağa ruhlandırır, özü də 1971-ci ildə səhnəyə çıxan “Tülkü həccə gedir” adlı alleqorik operasını bəstələyir.
Bütün bunlar Rəşid Şəfəqin sənət ömrünün sadəcə bir səhifəsidir.
Amma elə bircə bu səhifə söyləyir ki, Rəşid Şəfəq kim olub və içərisində necə coşqun eşq daşıyan bir varlıq imiş.

02.08.2020

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook