RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəQarabağ şəhidlərinə
Getdiyin yol əbədi, dönməyəcəksən geri sən,
Nə qədər var bu Vətən, ölməyəcəksən, dirisən.
Millətin qeyrətisən, qibləsisən, and yerisən,
Ey şəhid qardaşımız, sən dilimin əzbərisən.
 
Düşmənin gözlərinə dik baxaraq dönməzsən,
Hansı tufanları sən əzmin ilə yenməzsən?!
Bir çıraqsan, əsə yüz yel, daha sən sönməzsən,
Elə bir zirvəyə qalxdın, oradan enməzsən.
 
Halalındır Vətənin haqqı-sayı, duz-çörəyi,
Yüksələr bayrağımız varsa sənintək dirəyi.
Söykənər ərlərə bir dağ kimi yurdun kürəyi,
Döyünər sən kimi mərdlərlə bu xalqın ürəyi.
 
Halal et sən bizə öz nurunu, öz şəfqətini,
Gözləri yolda qalan sevgilinin həsrətini.
Halal et sən ananın bitməyəcək möhnətini,
Yerişin görmədiyin övladının xiffətini.
 
Ey şəhid qardaşımız, sən ki deyilsən çox uzaq,
O müqəddəs ucadan sevgi ilə yurduna bax.
Bu ocaqlar ki yanır yurd boyu, daim yanacaq,
Sən qığılcımdan od almış alışan hər bir ocaq.
 
Köksünü sən elədin yurduna qalxan, şəhidim,
Xalqımın tacı da sən, səndə şərəf-şan, şəhidim.
Sən Vətən dərsliyinin baş sözüsən, can şəhidim!
Sən elin qurbanı! Millət sənə qurban, şəhidim!
 
Vətənin varlığını məğrur oğullar yaradır,
Qara torpaq – uyusa orda şəhid, – zərxaradır.
Harda varsa o məzar, Yerdəki cənnət oradır
Təzim et, öp o məzarı, de ki, Məkkəm buradır.
 
Ölümü məğlub edən əsgərimiz, sən ibrət!
O mübarək adını qəlbinə yazmış millət,
Bu şəhid rütbəni göylərdə veribdir Qüdrət.
Məqbərin saçmada yurddaşlarına qüdsiyyət.
 
Elə paksan, adını heç unudarmı bu Vətən?
Sən Vətən ordusunun ən əbədi əsgərisən.
Hər yeni əsgər oğulla qayıdarsan təzədən,
Gül açar düzdə-yamacda, doğularsan yenə sən.
 
Nurunu səndən alar bayrağa qonmuş bu hilal,
Qoşulub bayrağımın ulduzuna parla, ucal.
Sənə alqış deyəcək millətimiz, istiqbal.
Yaşayarsan yaşadıqca Vətənim, istiqlal!
 
8 noyabr, 2020
 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook