RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəHaqqında

Hüseynov Rafael Baba oğlu — Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor. Həyatı 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Burada 12 saylı şəhər orta məktəbini bitirmişdir (1971).

Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır (1971-1976).

Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır (1976-1978).

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi (1978-1982), həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır (1982-1988). 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur.

Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşın çıxış etmişdir. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efırdə səslənmişdir. "Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunmuşdur.

Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir. 1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında "İki ömrün işığı" (1987) adlı xatirələr kitabını tərtib etmişdir.

ADU-da "fars ədəbbiyyatı" (1987-1989), Konservatoriyada "Mədəniyyət tarixi" (1990-1991), "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" (1995) fənlərindən dərs demişdir. Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində (1995-1998) çalışmışdır.

Əsərləri 1.Vaxtdan uca. Bakı: İşıq, 1987, 363 səh. 2.1002-ci gecə. Bakı: İşıq, 1988, 408 səh. 3.Məhsəti necə varsa. Bakı: Yazıçı, 1989, 336 səh. Filmoqrafiya Qayıdış (film, 1992) Cavid ömrü (film, 2007) Əbədiyyət (veriliş, 2007) Ömrün rəngləri (film, 2007) Maestro Niyazi (film, 2007) Rəfibəylilər (film, 2009) Tərcümələri (farscadan) Baba Tahir Üryan. Dübeytlər. Bakı: Yazıçı, 1988, 112 səh.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook