RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəİkiqat, üçqat əziz

Çağdaş Azərbaycan şərqşünaslığının patriarxlarından olan professor Xəlil Yusiflinin yaşının üstünə daha bir yaş gəlir.
İstəkli Xəlil müəllimin doğum gününü təbrik edir, ona hələ uzun illər davam edəcək sağlam, gümrah, əli qələmli, bəhrəli ömür arzulayıram!

Xəlil müəllim varlığı ilə Gəncənin elm mühitinə sanbal gətirən qiymətli bir alimdir. 
Xəlil müəllimin bu gün də onillər öncəki kimi həvəs və ilhamla şərqşünaslıq cəbhəmizdə külüng çalmasını, yeni araşdırmalar aparmasını, təzə tərcümələr etməsini gördürkcə qəlbən fərəhlənir, sevinir, həm də qüssələnirəm. 
Qiymətli bir qafilənin yaraq tökümü nə acı ki, tez başlandı və qəfilcə dərin boşluq yarandı. 
Təəssüf hissi ilə bu gün şərqşünaslığımızdakı seçkinlərin azlığı barədə düşünür, orta əsrlər ədəbiyytaımızı və mədəniyyətimizi araşdıranlar sarıdan necə narahatedici bir qıtlığın ortya çıxmasının fikrini çəkirəm. 
Axı belə deyildi!
Bizim 1950, 60, 70-ci illərdə çox güclü şərqçünaslarımız yetişmişdi. 
Bu elm sahəsinə müstəsna diqqət yetirilən o vaxtkı Covet İttifaqında Azərbaycanın rəyi ilə hesablaşılan, səviyyəsinə etibar göstərilən, mənəm-mənəm deməyə qadir üstün bir şərqşünaslıq məktəbi vardı! 
Bir-birindən ötkəm, bir-birinin bəhsinə daha artıq zəhmətə qatlaşmağa, daha ciddi və mükəmməl araşdırmalar aparmağa, daha dəyərli kitablar nəşr etdirməyə çalışan parlaq alimlər. 
Mən hələ Əbdülkərim Əlizadə, Əkrəm Cəfər, Yusif Ziya Şirvani, Rəhim Sultanov, Mübariz Əlizadə, Həmid Araslı... kimi köhnə nəsil klassiklərimizi demirəm. 
1960-70-80-ci illərin şərqşünaslıq elmi meydanında Rüstəm və Qəzənfər Əliyevlər, Əbülfəz Rəhimov və Tahir Məhərrəmov, Ağamir Quliyev və Əli Abbasov, Azadə Rüstəmova və Abbasəli Sarovlu, Əlyar Səfərli və Xəlil Yusifov... və neçə-neçə digərləri qaynar fəaliyyətdəydilər. 
Mən Gəncədə Xəlil Yusifli və Sabir Əliyev kimi püxtə, kəlamı cilalı, qənaətləri mötəbər şərqşünaslarımızın varlığıilə ifixar duyurdum. 
Xəlil müəllim böyük elm yolunu dahi Nizaminin tədqiqi ilə başlamışdı, onillərdir ki, elə əvvəlki sədaqəti ilə həmin müqəddəs, şərəfli, son dərəcə çətin və məsuliyyətli yoldadır.
Xəlil Yusifli yarım əsr əvvəl Nizamişünaslıqda kəsərli sözünü deyən xeyli yaxşı ailimimizdən biri idi.
İndi Xəlil səviyyəli, Nizaminin müdrik söz və fikir aləminə hürküsüz, inamla, bələdliklə, ali peşəkarlıqla daxil olmağa hazır, Nizamini ən müxtəlif həmlələrdən layiqli şəkildə qoruya biləcək, Nizami haqqında Nizamiyə və müasir dünya elmi tələblərinə yaraşan biçimdə əsərlər doğurmaq iqtidarında olan neçə nəfər şərqşünasımız, Nizamiçimiz var?
...Nə yazıq ki, o köhnə müəllimlərimin və dostlarımın az qala hamısı artıq xatirədir. 
Ona görə də Xəlil müəllim bu gün mənimçün ikiqat, üçqat, beşqat əzizdir. 
Həm özü olaraq, həm də o unudulmaz silahdaşlarının, məsləkdaşlarının yadigarı, onların üslubunu, səliqəsini, zabitəsini şərqşünaslığmızda qoruyub saxlayan əsl təbərrik alim kimi. 
Daxili təmizliyi, saflığı, təmənnasızlığı, fədakarlığı, insanlığı və böyük alimliyi ilə Xəlil Yusifli əziz Gəncəmizin işığını, şəfqətini artıranlardandır.
Arzulayıram ki, hələ çox ad günlərini və yuvarlaq ildönümlərini Xəlil müəllimlə birgə bayram edək, onun yeni-yeni əsərlərinin mütaliəsindən feyziyab olaq!
Builki ad günü hələ sıradan olanlardandır. Sağlıq olsun, 2 il sonra 85 yaşınızın bayramını ağsaqqallığınızla bir Nizami ocağında -- Bakıda, Nizami muzeyində konfransla başlayıb digər Nizami ocağında, gözəl Gəncədə bir qədər də təntənəli başa vurarıq!

 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook