O bu millətə Tanrının müstəsna töhfələrindən idi.
Belə nadirlər haqqında hərdən deyirlər ki, “Bu cür şəxsiyyətlər 100 ildə, 1000 ildə bir doğulur”.
Doğru deyil!
Belə misilsizlər bircə dəfə gəlir dünyaya, onların tayı, bənzəri daha heç vaxt olmur!
Təsəvvür edə bilirsinizmi ikinci Rəşidi?!
Ona qismən bənzəyənlər, özünü ona bənzətməyə can atanlar ola bilər.
Olsun!
Təki elə bənzəmək istəyənlər, təqlid etmək həvəsinə düşənlər Rəşid kimi zirvələrə oxşamağa çalışsınlar. Belə olarsa gec-tez öz müstəqil cığırlarını da tapacaqlar və hər halda bəyənilənlərdən olacaqlar. Çünki təməldən zövqləri, səviyyələri varmış ki, məhz ən üstünə oxşamaq yolunu tutmuşlar.
Amma Rəşid ki heç kəsə bənzəmir!
O, Azərbaycan musiqisinə gələndə bu tərzdə heç kim oxumurdu. Bu üslubu, bu yolu Azərbaycana o bağışladı.
İlahi gözəllikdə olan səsinə qovuşan cazibəli dəst-xəttilə lap ilk addımlarından hər kəsi valeh etdi.
Təzə xətt, təzə yol adətən əvvəldə etiraz da doğura bilir, bir qədər çətinliklə qəbul edilir. Rəşid bu baxımdan da istisnaya çevrildi. Gəldi və elə ilk qədəmlərindən birbaşa Azərbaycan insanının ürəyinin dərinliklərinə irəlilədi, oranı özünə əbədi məskən elədi.
Məhz əbədi!
Bundan sonra minillər keçsə belə bu xalqın ruhunu Rəşidsiz təsəvvür etmək mümkünmü?!
Rəşid Behbudov böyük sənətə gələndə Azərbaycanın Bülbülü vardı. O nəhənglikdə ulduzun nur saçdığı məkanda işıq olub parlamaq, həm də o Zirvəni təkrarlamadan tam fərqli bir yol seçərək könüllər fatehi olmaq üçün istedadlı, hətta çox istedadlı olmaq az idi.
Gərək səs sehrbazı olaydın, gərək ilahi avaz sahibi olaydın, gərək minləri, onminləri, yüzminləri bir an içində oxumağınla tilsimləyərək cazibəndə saxlamaq qüdrətin olaydı.
Allah bu qabiliyyətlərin hamısını sevimli bəndəsi Rəşidə əta edibmiş!
Onu və bizləri xoşbəxt etməkçün Tanrı bu lütfü göstəribmiş!
Rəşid Behbudovun bir çox oxuları var ki, dinlədikcə mat qalırsan, fikirləşirsən ki, bu səs incilərini doğrudanmı insan övladı belə yaradıb, ya bu yazılar Göydən gələn ərməğandır, elə bu cür xəlq olunaraq bizə hansısa savab əməllərimizə görə bəxşiş göndərilib!
Söz yox, gün gələcək ki, yaratdığı müstəsna irsə və öz möhtəşəmliyinə yaraşan abidəsi də yaranacaq.
Və o abidə burada - Bakıda da, Qarabağda - Şuşada da ucalacaq.
Bir çoxları deyir ki, qurucusu olduğu Mahnı Teatrının qarşısındakı heykəli də, Fəxri Xiyabandakı qəbirüstü abidəsi də əsl, tanıdığımız Rəşid deyil, onun obrazını dəqiqliyi ilə göstərə bilmir.
Mübahisə etmirəm. Baxışlar, yanaşmalar fərqlidir. Amma bir həqiqət də unudulmasın ki, Rəşid kimi nəhənglərin abidəsini yaratmaq son dərəcə çətindir.
Bu səs, bu ad özü artıq abidədir.
Və Rəşid bu millətin ruhuna o qədər qarışıb ki, Rəşidi canlı görənlər bir yana, hətta onu yalnız oxularından tanıyanların da hər birinin içərisində öz Rəşidi var.
Hərənin bir cür gördüyü və təsəvvür etdiyi şəxsiyyəti hamının qəbul edəcəyi bir şəkildə canlandıraraq millətə təqdim edəcək heykəltəraş da elə Rəşid qədər böyük olmalıdır.
Rəşid Behbudov dünənin, indinin və gələcəyin elə fövqəladə gözəllik yaradıcılarındandır ki, artıq rəmzə çevrilib.
Milli rəmz olmaq ucalığına qalxanlarasa, minnətdar yurddaşlar tərəfindən layiq olduqları abidələr gec-tez hökmən yapılır.
Lakin artıq ucalmaqda olan və gələcəkdə dikəldiləcək Rəşid abidələrinin milyonlarcasını Azərbaycan insanı ürəyində lap çoxdan bərqərar edib.
Bizə yadigar qoyub getdiyi hər səs incisi özlüyündə ayrıca abidə olan Rəşid Behbudovun möhtəşəm heykəli Tarixin Bağrında XX yüzilin ortalarından var və həmin abidə Rəşid sağ olduqca da var olacaq.
Bunca sevimli bir səs dünyası doğurmuş Rəşidin sağlığı, diriliyi isə millətimizin, dilimizin ömrü qədər olacaq!
Təəccüblənirəm - niyə bu qədər məşhur ola-ola, bunca sevildiyi halda indiyə qədər Rəşid Behbudov haqqında Azərbaycanda onun əzəmətinə yaraşan kitab yazılmayıb, bədii film çəkilməyib.
Rəşid Behbudov haqqında Elmira Abbasovanın 1965-ci ildə rusca nəşr olunmuş, hələ məktəbli ikən oxuduğum portret- kitabdan savayı indiyədək onun ömür və sənət yolunu bütün ayrıntıları ilə əks etdirəcək sanballı əsər ortada deyilsə, əlbəttə, bu kəsirimizdir.
Fotoları toplanmış, səsi yazılmış, müasir poliqrafik imkanlardan istifadə ilə gözəl tərtibatda buraxılmış ayrı-ayrı albomlar və həm həvəskarların, həm də peşəkarların Rəşid Behbudov barədə çoxsaylı məqalələri son illərdə işıq üzü görsə də, hələ ki, bu zirvə sənətkarımızı insanlarımıza bir qədər də yaxın edə biləcək, onun daxili dünyasını yetərincə açacaq mötəbər əsərlərin intizarındaydıq.
Bu mənada dəyərli qələm adamı, ömrünün 60 ilinə yaxın əsas parçasını jurnalistikamıza, publisistikamıza bağışlamış Fazil Rəhmanzadənin Rəşid Behbudov haqda əsərinin əhəmiyyəti çox böyükdür.
Kitabın nəşrindən öncə əlyazmasını vərəqləyəndə və gələcəkdə səhifələrini bəzəyəcək fotoları seyr edəndə nəzərlərim məni riqqətləndirən bir şəkildə dayandı.
Gənc Fazil Rəhmanzadə Rəşid Behbudovun qonağıdır, üstü müxtəlif kağızlarla, sənədlərlə, kitablarla dolu masa və masa arxasında Rəşid Behbudov.
Zahirən, nə qədər tarixi olsa belə, hər halda adi fotodur.
Amma niyə məndə bunca xiffətli duyğular, həyəcan oyada bilir?
Çünki həmin fotoya baxdıqca istər-istəməz 1977-1978-ci illəri, unudulmaz müğənni ilə elə həmin fotonun çəkildiyi məkanda, o məşhur Kukla teatrındakı görüşlərimizi xatırlayıram.
O zamanlar Rəşid Behbudov Mahnı Teatrını yaratmışdısa da, ətrafına topladığı istedadlı kollektivlə tez-tez Azərbaycan boyu konsertlər verirdisə də, dünyanın müxtəlif ölkələrinə vaxtaşırı qastrol səfərlərinə yola düşürdüsə də, hələ arzusunda olduğu münasib sabit məkanları yox idi.
Təmirə ciddi ehtiyacı olan, damı qəzalı, hər yağış səpəndə neçə yerdən daman bu nimdaş binada isə Rəşid Behbudov o illərdə evindəki saatlardan da çox vaxt keçirirdi.
Xatirimdədir, elə həmin binada, yuxarı qatda balaca kabinetindəki iri masanın arxasındakı növbəti görüşlərimizdən birində Rəşid müəllimi çox pərişan gördüm.
Növbəti dəfə yağış yağmışdı, masanın üstündəki bəzi sənədləri, yazıları və bir neçə kaseti korlamışdı.
“Rəşidin gününü görürsən də” demişdi!
Və bu sözlər indi yadıma düşürkən məni daxilən ağrıdır.
Dahiyanə sənəti ilə güc timsalı olan bir yaradıcının namünasib şərait qarşısında öz gücsüzlüyünü belə fağırcasına ifadə etməsi ürək incidirdi.
Rəşid Behbudovu sevənlərin arasında unudulmaz Heydər Əliyevin xüsusi yeri var. Rəşid Behbudovun sağlığında da, artıq həyatda olmadığı çağlarda da bu nadir siyasət və dövlətçilik nəhəngi diqqət və qayğılarını ondan heç vaxt əsirgəmədi.
Elə Mahnı Teatrına indi Rəşid Behbudovun adını daşıyan küçədəki binanın ayrılmasını və orada əsaslı təmirə başlanması qərarını da vaxtilə Heydər Əliyev vermişdi.
Heyiflər ki, ömür vəfa etmədi, tale həmin binada ürəyi istəyən kimi fəaliyyət göstərmək imkanını ondan əsirgədi.
Yadıma düşür o Kukla teatrının binasında 1978-ci ilin aprelində Rəşidin, atası - XX yüzilin əvvəllərinin məşhur Azərbaycan xanəndəsi Məcid Behbudov haqda xatirələrini lentə almağım.
Əvvəlcə danışmışdı. Söylədikləri əsasında mətn düzəltmişdim.
O dövrdə Azərbaycan televiziya və radiosunda qayda belə idi ki, efirdə səslənəcək mətnlər öncədən baxılır, təsdiq edilirdi. Və adətən çıxışçılar da mətni kağızdan, üzündən oxuyardılar.
Baxmayaraq ki, yazdığım sözbəsöz elə ustadın dedikləri idi, qayıtmışdı ki, qoy bir neçə gün qalsın, oxuyum, mənimsəyim, sonra yazaq.
Bir neçə gün sonra ağır studiya səsyazanını çiynimə alıb gəlmişdim, yenə razılaşmamışdı. “Yox, hələ hazır deyil, qoy bir az da cilalayım”.
Və mənə bir müsahibəni yazanacan xeyli əziyyət versə də, bir neçə dəfə aparıb-gətirtsə də, bu gedişatda yaxın məsafədən müşahidə edərək ona şahid kəsilmişdim ki, həqiqətən Rəşid haqqında eşitdiklərim tam düz imiş.
Əvvələn, onun iş üslubu ilə birbaşa müşahidələrimlə tanış olmuşdum.
İkincisi də, eşitmişdim ki, o, ifa edəcəyi hər əsər üzərində günlər nədir, həftələrlə, bəzən aylarla işləyir, axtarışlar aparır.
Gözümlə görüb yəqin etmişdim ki, bir halda adicə radio çıxışına belə məsuliyyətlə yanaşırsa, ifa edəcəyi musiqi əsərinə neçə qat artıq diqqətlə, daha ciddiyyətlə yanaşacağına da şübhə ola bilməz!
Onunla illər boyu yaxınlaşdıqca, ünsiyyətlərimiz artdıqca bu nadir sənətkarın özünə qarşı da, yetirmələrinə, həmkarlarına münasibətdə də nə qədər tələbkar, hətta amansızca tələbkar olduğuna şahid kəsildim.
Allahın bəxş etdiyi istedad öz yerində, ancaq Rəşid kimi fədakarlıq göstərməyəndə həmişə yaşayacaq inciləri yaratmaq mümkün olmur.
Bu bir köhnəlməz yaradıcılıq düsturudur ki, həmişə təkrar-təkrar isbatına ehtiyac var.
Rəşid Behbudovdan yadigar qalmış səs abidələrini dinlədikcə həmişə hərdəfəki kimi sonsuz zövq ala-ala, heyran qala-qala onu da düşünürəm ki, bu incilərin bu gözəlliyə, bu kamilliyə çatması üçün gör vaxtında Rəşid Behbudov nə qədər saatlar itirib, nə qədər əməklər sərf edib.
Fazil Rəhmanzadə xoşbəxt adamdır.
Xoşbəxtdir ki, qismət onu lap cavankən 1960-cı illərin mətbuat həyatında ən sevilən və bol oxuculu olan “Bakı” axşam qəzetinə gətirib, az sonra etimad göstərərək onu ədəbiyyat və incəsənət şöbəsinə müdir təyin ediblər.
Başlayıb canlı klassiklərlə mütəmadi təmaslarda olmağa.
Ömründə Fikrət Əmirovun, Rəsul Rzanın, Niyazinin, Əfrasiyab və Şəmsi Bədəlbəylilərin, Rəşid Behbudovun, Firəngiz Əhmədovanın, Müslüm Maqomayevin, Lütfiyar İmanovun və neçə-neçə başqa zirvəmizin işığı qalmaqdan böyük nə səadət ola bilər!
Fazil Rəhmanzadə vaxtilə bu sənətçilərin hər biri ilə, o sıradan elə Rəşid Behbudovla da dəfə-dəfə görüşüb, müsahibələr alıb, yazılar hazırlayıb.
Və aradan bu qədər vaxt ötəndən, o qiymətli Vətən balaları artıq tarixin bir parçasına çevriləndən sonra onlara yenidən qayıtmaq, onları bu millətə təzədən qaytarmaq, yeni nəsillərə təzədən tanıtmaq zəruriyyəti də yaranır.
Və zəhmətkeş, yorulmaz yazarımız Fazil sağ olsun ki, illərdir bu vəfa borcuna sədaqətlə əməl edir.
Ömründən keçən böyüklərimizi sanballı kitablarda bir daha əbədiləşdirir.
Və növbə SSRİ xalq artisti Rəşid Behbudova yetişib.
Bədəlbəylilərin, Lütfiyar İmanovun, Tahir Salahovun, Müslüm Maqomayevin, Ələsgər Ələkbərovun və bir çox digərlərinin ardınca indi Rəşid Behbudovun dünyası bizə Fazil Rəhmanzadənin qələmi ilə yenidən canlanır.
Fazil Rəhmanzadənin Rəşid Behbudov haqda yazılarının bir vacib özəlliyi ondan ibarətdir ki, bu, yalnız bir araşdırma deyil.
Rəşid haqqında, inanıram ki, yaxın və uzaq sabahlarda da yeni-yeni kitablar yazılacaq. Lakin Fazil Rəhmanzadənin yazdığı onların hamısından seçiləcək. Axı, Fazil həm də şahiddir.
O, əfsanəvi sənətkarla dönə-dönə görüşüb, Rəşid Behbudovu bir yay gecəsinin sakitliyində, bağ mövsümündə, dostların toplaşdığı mehriban məclisdə nəfəsini duyacaq qədər yaxından izləyib, lentlərdə, yazılarda qalmayan, elə həmin axşamın içərisində əriyib itən şirin, təkrarsız Rəşid avazında heç birimizin dinləmədiyimiz “Sənsiz”i eşidib.
Onillərin müşahidələri, kitabxanalarda, arxivlərdə aparılan tədqiqatlar, onların üstünə gələn xatirələr Rəşid Behbudov ömrünə ayna tutan bu yeni kitabı yaradıb və səhifə-səhifə çevirdikcə, mütaliə etdikcə həm əziz sənətkarımızı bir az da yaxından tanıyırıq və həm də elə bil onun tanış oxuları bizə yeni cilvədə təzədən qayıdır.
Rəşidsə, mədəni gerçəkliyimizin, mənəviyyat tariximizin elə sonacan kəşf edilməmiş qitəsidir ki, gərək ona Fazil kimi etibarlı bələdçilərin yolgöstərənliyi ilə mütəmadi səyahətə çıxaq.
Rəşid Behbudovun az adamın eşitdiyi, rusca lent yazısı qalmış bir nəğməsi var. “İki sahil” adlı bu mahnı Cənubi Azərbaycandakı azadlıq hərəkatına, 1 illik məsud ömründən sonra 1946-cı ildə devrilmiş Milli Hökumətimizin və Seyid Cəfər Pişəvəri başda olmaqla cənublu qardaşlarımızın düyünlü taleyinə həsr edilmişdi.
Araz, Araz, Araz, sən ey daşqın çay.
Yurda sərhəd olmaq sənin qismətin.
İranın kəndləri, yanmış düzənlər,
Sənə yükləyibdir qara həsrətin.
Doğma balaların Azərbaycanın
Ayırıb Arazın dərdli çəpəri.
Kəsib soydaşların bəxt yollarını,
Axıb gedən çayın əyri xəncəri.
Araz, Araz! Çəkdin hər müsibəti,
Göz yaşı çayısan söylədi ellər.
...Yenə Azərbaycan yaz təravəti
Yazın saflığıyla dolub sərasər.
Bura başdan-başa gül içindədir,
Amma donub qalıb çay üstdə bahar.
Sərhədi aşması mümkün deyildir.
İngilis əsgərlər orda durublar.
Orda çörək yoxdur, nəğmə oxunmur,
Tozlu cığırlardan fəqirlər keçir.
Qardaş, əziz qardaş, biz ki bir canıq,
Silah qaldırmazsan sən mənə əsla!
Dünya qopsa belə düşmən olmarıq,
Unutmasın bunu yanki ağa da!
Gün gələcək sənə bahar güləcək
Kəsə bilməz heç kəs yaz gələn yolu.
Araz boyu açar yenə gül-çiçək
Qovuşar sahillər könül dolusu.
Araz, sözüm sadə, inanıran mən
Səadət çayına dönəcəksən sən.
Fazilin kitabının hər səhifəsi insanı xatirələr dünyasına çəkib aparır və həmin xatirələrin cazibəsi sövq etdi ki, arxivimdən bu şeiri axtarıb tapım.
Bu Rəşid Behbudovun həmin “İki sahil” mahnısının ruscadan bədii tərcüməsidir. Hələ bir ayrıca ekvoritmik tərcümə də etmişdim.
Bunu o vaxt Rəşid müəllim xahiş etmişdi.
1970-ci illərin sonları idi. Onda Cənubi Azərbaycan mövzusu da, bu qəbil mahnılar da senzura qadağası altında idi. Amma Rəşid müəllim ümid edirdi ki, haçansa bu mahnının sözlərini cüzi dəyişərək mütləq Azərbaycan dilində də oxumalıdır.
Nə acı ki, bu da onun gerçəkləşməyəcək niyyətlərindən, arzularından biri oldu.
Fazil Rəhmanzadənin kitabının bir gücü də belə xatirələri diriltməsi, yada salmasıdır.
İnanıram ki, bir zamanlar Rəşidi görmüşlər, onu tanımış, onunla təmasda olmuşlar da bu kitabı vərəqlədikcə Rəşid ömrünün neçə maraqlı anı ilə bağlı epizodları yada salacaqlar.
Kaş ya özləri qələmə ala, ya da onların hər birinin yanında Fazil kimi mötəbər qələm sahibi ola ki, bu Rəşidli anları tarixləşdirə!
Fazil Rıhmanzadənin sənət salnaməçisi olaraq millətimiz və mədəniyyətimiz qarşısında xidmətləri çoxdur. Bu kitabı ilə vətənpərvər qələm dostumuz həmin silsiləni bir qədər də zənginləşdirir.
Rəşid müəllimin bir zarafatı yadıma düşür.
Söyləyirdi ki, bizlərdən çox yazın, elə o yazılarla siz də yaşayacaqsınız.
Düz demirdimi məgər?!
Əbədi ömürlülərin ömründən onları sevənlərə də hökmən bir nur dilimi, bir sovqat yetir.
Rəşidin Azərbaycan insanı ilə həmişəlik yol yoldaşı olan bahar ruhlu, yaşarı sənətindən bəhs edən bu kitabının Fazil Rəhmanzadəyə ən dəyərli mükafatı elə odur ki, Rəşidsevənlərin məhəbbətindən bundan sonra daim ona da pay düşəcək.