RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəQəliblərə sığmayanın sığınacağı

Bu bir avtoportretdir. Şairin sözlə çəkdiyi rəsm. Öz şəkli. Həm də yalnız zahirdən deyil, daxildən şəkilmiş şəkli. 
Bir insanı içəridən (lap elə üzdən də) onun özündən yaxşı kim görə, tanıya bilər ki!

Kölgə sözü yaddır mənə,
Heç kəsin kölgəsində
Yorulub qalmamışam.
Kölgəsində itmərəm heç kəsin.
Kölgə – sürünənlər məskəni!
Zərrəyəm, hər nəyəm 
Heç kimə əyilmərəm.
Heç kimə baş əymərəm.
Əgər səcdə edərsəm,
Qibləm atəşgah olacaq!
Təşəkkürüm buğda, çiçək.
Ana südü…
Su və könül atəşi.
Bir də günəş olacaq.

Qəliblərə yerləşməyən, hər sözə “bəli” deməyi bacarmayan, məqamı gələndə iradəsini ortaya qoymağa qadir, sözünü dilinin altında saxlamayıb yeri düşəndə açıqca söyləyən hər kəs bu avtoportretdə hökmən bir azacıq da olsa özünü tapacaq.
O ömrü boyu belə oldu, belə yaşadı. 
Bu təbiətlə başqa bir sənətin sahibi, ayrı bir yolun yolçusu olmaq çətin idi.
Bu təbiətin, bu xasiyyətin, bu ürəyin yiyəsinə ən uyğun gələn sənət elə şairlikdir.
Şairlik bu cür insanlardan ötrü əslində sənət, peşə də deyil. Var olmağın, yaşamağın tərzidir, mümkün vasitəsidir.
Onun şairlik adı – təxəllüsü GÜN idi.
Keçmişlərdən gələn deyişdir ki, misranın, sözün əsl mənası və ən dürüst yozumu şairin bətnindədir.
“Gün xanım” adı nənələrində də olubmuş və bir izah budur ki, Nurəngiz xanım təxəllüsünü elə soya-kökə, bəlalı və şərəfli nəslinə ehtiram naminə götürübmüş.
Bu imzasına ilk dəfə rast gələndə dodaq büzənlər də olmuşdu ki, özünü Günəşə oxşadır.
Guya nə qəbahət varmış ki, bunda!
Ancaq mənə görə bu bənzərsiz qadının və şairənin adının yanında həmişəlik qalan “Gün” kəlməsi heç də dibsiz göylərdəki Günü nəzərdə tutmur.
Bu, axarında olduğumuz, minbir qayğıları ilə an-an yaşadığımız gün-güzərandır, həyatımızı dolduran vaxt parçalarını nişan verən gündür.
Nurəngiz ömrü boyu günə, təqvimə, əqrəblər arasına - saata sığan olmadı.
Nə gün, o heç Allahın bağışladığı vücuda, qiyafəyə, bədənə də sığan deyildi!.. 
Orta çağ miniatürlərində XVI-XVII yüzillərdən bir özəllik tez-tez gözə dəyməyə başlayır. 
Bu zərif rəsmlər adətən kitablara çəkilərdi. Ona görə də cildçi, əlyazmanı köçürən katib, vərəqlərin qıraqlarını naxışlayıb-süsləyən müzəhhib işini başa vurduqdan sonra növbə çatardı rəssama. O da boş saxlanmış səhifələrdə kitabın məzmununa uyğun miniatürləri nəqş edərdi. Miniatürlər də adətən qırağı xətlənmiş bir çərçivə içində olardı. 
Səfəvilər zamanından başlayaraq, xüsusən də Babur əyyamlarında əksəri təbrizli olan miniatürçülərin neçəsi başladı həmin dəqiq çərçivələri sındırmağa. 
Su özünə bir axacaq yataq tapıb qırağa çıxan sayaq həmin miniatürlərdə də təsvir, cızılmış dörd küncün arasından qəfilcə əlyazmanın haşiyələrinə doğru sıçrayaraq orda davam etməyə başladı.
Bir ov, ya döyüş səhnəsi əks olunan miniatürdə baxırdın ki, hansısa atlılar sərhədə sığmadılar, başladılar irəlicədən müəyyən olunmuş ərazidən kənarda çapmağa. 
Ya onları haqlayacaq oxdan xilas olmaqçün cüyürlər yay kimi gərilib bu səhifədən o səhifəyə atıldılar – elə bil bir zaman qatından daha təhlükəsiz olan digərinə, bir məkan layından daha xatasız olan başqasına qondular.
Bu çərçivələrə sığmayan miniatürçülərin çoxu həm də şair, dərin təfəkkür sahibli yaradıcılar idi. 
Onların səyyar xəyallarını sərt çərçivələr ram edə bilərdimi?
Hədəqəsindən çıxan, icazə verilmiş əndazədən o yana adlayan rəsmləri ilə ənənəvi yanaşmanı pozmuş kimi görünən bu rəssamların həmin improvizələri həm də ayrı bir fəlsəfəni ifadə edirdi.
Əvvələn, bu yenilikçilikləri ilə ona işarə edirdilər ki, həyat kimi bu rəsmlərin də intəhası, dəqiq işarələnmiş sərhədi ola bilməz, hər sözün içində söz, hər misranın alt qatında gizli mənalar dayanan kimi, bu təsvirlər də istənilən səmtdən onları çəpərləmiş maneələri aşaraq genişlənə, arta, davam edə bilər.
İkincisi və bəlkə də ən mühümü isə o idi ki, həmin yaradıcılar bu minvalla öz ruhlarındakı sığmazlıq duyğusu və qətiyyətini aşkarca bəyan edirdilər.
Nəsiminin mətləb çatdırma vasitəsi söz idi və qəliblərə, hüdudlara yerləşə bilməməsini birbaşa bəyan edirdi: kövn ü məkana, cism ilə cana, şərh ü bəyana, zənn ü gümanə, dəhr ü zamana… sığmazam deyirdi.
Məşhur əsərlərin əlyazmalardakı şəkillərdə yer alan cızıqdan qırağaçıxmalar da miniatürçü rəssamların “Sığmazam!” hayqırışları idi!
Və bu qızın da alın yazısında elə körpəliyindən sığmazlıq varmış.
Yaşının hüduduna sığmırdı.
5 yaşı olarkən artıq sərbəst kitab oxuya bilirdi və atası da dost-tanış yanında qürrələnmək üçün tez-tez balaca Nurəngizi səsləyirdi:“Hə, şahzadəm, gəl bu kitabdan bir şeir oxu, əmilər qulaq assın”.
10 yaşına çatmamış "Səfillər"i oxuyan və o əsərin qəhrəmanlarının həyəcanlarını yaşayan, ağrılarını çəkən, kiçik ürəyində mərhəmət, şəfqət duyğuları yaranan uşaq daha 10 yaşında olmur, azı ikiqat böyüyür.
İncəsənət institutunu bitirdi. Onunla oxuyanların neçəsi sonralar Azərbaycanın ən tanınmış aktyorlarına çevrildilər. Müəllimi Rza Təhmasib isə ona kurs yoldaşlarının hamısından çox ümid bəsləyirdi.
Təyinatını da dram teatrına verdilər.
Özü söyləyirdi, sən demə anası işarə vurubmuş ki, mərhum atan istəmirdi səhnəyə çıxasan, bu səbəbdən də teatrdan imtina edib.
Lakin o xasiyyət, o inadcıllıq ki, onda var idi, əgər ürəyi hökm etsə idi, onu heç qüvvə saxlaya bilməzdi. Teatra gedərdi də, daim səhnədə olardı da.
Sadəcə, o başqalarının yazdığını oynayan aktrisa ola bilməyəcəkdi.
Olsaydı da, həmin mətnlərə sığmayacaqdı. 
Daim nəsə artıracaqdı, nəyisə ixtisar edəcəkdi, nəyisə dəyişəcəkdi.
Bu isə öz növbəsində narazılıqlara, höcətləşmələrə, tənbehlərə bais olacaqdı.
Radioya, televiziyaya getdi. 
1960-cı illərin, 1970-lərin əvvəllərinin sevimli diktorlarından biri kimi şöhrətləndi.
Fəqət ondan diktor da çıxmazdı. Necə ki, ordan da ayrıldı.
Çox da səsi məlahətli, görünüşü cazibədar, ifası bişkin idi. Axı diktorluğun mətn məhdudiyyətləri daha qəti idi: nə yazıb veriblər, onu da səsləndirməlisən.
Bu xanımsa, başqa mətnlər bir yana, havanın yağmursuz keçəcəyi haqda sinoptiklərin rəsmi məlumatını oxuyarkən bayırda tam əksinə bir havanın olduğunu görüncə canlı efirdə dilini dinc saxlaya bilmirdi.
Bunca azad ruhun şıltaqlarına ölçülü-biçili efir, özü də senzuralı sovet efiri necə tab gətirəydi?!
Odur ki, elə könlü isytəyən kimi pərvazlar edə bilməsi, həmişə özü olaraq qalması naminə pənah aparacağı ən məhrəm ünvan elə şeir idi!
Şeirə sığındı, hər löyün soyuqluqlardan nicat bulmaqçün sözün istisinə tapındı, gec gəldiyi bu füsünkar aləmdə də özünü tanıda, təsdiqlədə, etiraf etdirə bildi.
Və həmişəlik də şeirlə qaldı!..

Rafael Hüseynov

23.11.18

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook