RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəQana sədaqət

Hər duyğunun arxasında mütləq bir tarixçə var.
Səndəki hər keyfiyyətin izini yetişdiyin mühitdən, böyüdüyün əhatədən, oxuduğun kitablardan daha əvvəl gərək qanında arayasan.
Tərcümeyi-halın əslində sən doğulmamışdan, damarlarında axacaq qandan başlanır.
Qanın yaddaşından!
Onun ata tərəfi Ordubaddan idi. 
Ordubaddakı dörd məşhur nəsildən birinin övladı idi – Abutalıbovlardan idi.
Yəni axtarsan obiri üç nəsil – Məmmədəliyevlər, Ağalarovlar və el içində “ərbab” deyə məşhur olan Rzayevlər də bu şəcərə ilə hansısa qohumluq əlaqələri ilə bağlıydılar.
Atasının ana tərəfi isə Seyidovlar idi. Ramizin ata nənəsi Rübabə xanım Mirhidayət bəy Seyidovun qohumlarından idi.
O Mirhidayət bəy ki, Milli Şuranın sədr müavini idi və 1918-ci ilin şanlı may günündə, Tiflisdə, Qafqaz canişinliyinin sabiq iqamətgahında İstiqlal Bəyannaməsinə imza atanlardan biri olmuşdu.
Ramizin əslən bakılı olan ana tərəfi Ələsgərovlar idi. Ana nənəsi Fatma xanım Orucovanın əmisi qızı İzzət də Azərbaycan insanına yaxşı tanışdır. İzzət xanım Orucova məşhur kimyaçı alim idi, akademik oldu, amma daha əvvəllər Cəfər Cabbarlının təşviqi ilə kino ilə bağlanmışdı. 1929-cu ildə "Sevil"də, 1936-cı ildə "Almaz"da baş rollarda çəkilmiş, kino tariximizə ilk qadın aktrisalarımızdan biri kimi düşmüşdü.
İş elə gətirdi ki, Ramiz özü Gəncədə dünyaya göz açdı və Bakıya 2 yaşı olanda köçdülər.
Yəni sənədlə-sübutla həm ordubadlıdır, həm bakılıdır, həm gəncəli.
Di gəl, 80-inə gəlib çatan ömrü ilə sübut etdi ki, o, bütün Azərbaycanınkıdır.
Əslində Azərbaycanın hər guşəsindəndir, azərbaycanlıların ən yaxşılarındandır!
Nənəsi danışarmış ki, ulu baban Hüseynqulu xanın müridlərindən olub və Sisianovun qətlə yetirilməsində onun da iştirakı varmış.
Beləcə, müxtəlif şəcərə hekayətləri evdə ara-sıra söylənərdi və nə qədər ki, Ramiz uşaqdı, yeniyetmə idi, bu söhbətlərə çox bənd olmazdı, amma sən demə, bütün bunlar elə asta-asta yaddaşa həkk olunurmuş.
Sən demə, yaşa dolduqca bu xatirə qırıqları da onunla birgə böyüyürmüş.
1930-cu illərin tuthatut vaxtalarında həm ata, həm ana tərəfdən həbs edilənləri, sürgünə göndərilənləri olmuşdu.
Dayısına da, ata babasına da 10 il iş vermişdilər, soraqları Çitadan gəlmişdi.
Ailənin bu müsibəti və çətin zəmanə onları ehtiyatlı etmişdi, həmişə çox gözə girməməyə sövq etmişdi.
Odur ki, Ramiz məktəb illərində heç komsomola girməyə də cəhd eləməmişdi.
Universitetə qəbul olunandan sonra, elə ilk sentyabr günlərində ağlını, səviyyəsini hiss eləyincə onu fakultə komsomol təşkilatının katibi seçmək istəmişdilər. 
Sıxılan kimi olaraq dillənmişdi: “Axı mən komsomolçu deyiləm”.
Çox təəccüblənmişdilər və təcili onun komsomol sıralarına qəbul etmişdilər.
Günlərin birində isə atası belə məsləhət görmüşdü: “Oğul, bunlar belə başa düşürəm ki, qalası oldular. Partiyaya gir. Geoloqluq oxuyursan, partiyaçı olmasan inkişafına, qabağa getməyinə əngəl yaranar...”.
Universiteti yaxşı oxusa da, geoloq ixtisasının sirlərini yetərincə öyrənsə də, tale ona ayrı yol açdı.
Diplomat oldu.
İçərisində böyüdüyü siyasi sistemin ən uca mərtəbəsi Pariyanın Mərkəzi Komitəsi idi.
Hətta ora qədər gedib çıxa bildi, şöbə müdiri vəzifəsinəə də yüksəldi.
Amma cibində patiya bileti gəzdirsə də, axıracan kommunist olmadı. 
Ürəyi imkan vermədi olsun! 
Onları elə atası deyən kimi həmişə yad saydı, “bunlar” hesab elədi.
Əgər belə olmasaydı, sovet dönəmində Fransada Sovet İttifaqının diplomatı olaraq çalışdığı zamanlarda, “bunlar”ın işçisi ola-ola, “bunlar”dan məvacib ala-ala SSRİ Xarici İşlər Nazirliyinin müəyyən etdiyi xəttə heç də uyğun gəlməyən fəaliyyətlərə qatılmazdı.
O işlər ki, Ramiz Abutalıbov Birləşmiş Millətlər Təşkilatının ali elm, təhsil, mədəniyyət təşkilatı UNESCO-nun rəsmi əməkdaşı ola-ola əl altından yerinə yetirirdi, sovetin nəzərincə bu, ideoloji təxribat, qatı millətçilik demək idi.
Sovet hökuməti İkinci Dünya Müharibəsi illərində almanların legionunda xidmətdə olmuşları düşmənlər sırasına daxil etmişdi və bu qəbil adamları haçan əlinə keçsə, harda tutsa çox ağır cəzlandırır, uzunmüddətli həbslərə məhkum edirdi.
Qədir Süleyman legioner olmuşdu və sovet diplomatı Ramiz Abutalıbov onunla dostluq edir, tez-tez görüşürdü.
Məmməd Məhhərəmov Azərbaycan Xalq Cümhuriyyəti dönəmində məclis-i məbusan – parlament üzvü olmuşdu.
Belə adlar kommunistlərin ən qara siyahılarında idi.
Ramiz onunla da yaxın, simsar idi.
Özümüzünkülər o yana qalsln, sovetin başqa düşmənləri – “ağ mühacirət”in Parisə sığınmış təmsilçiləri ilə də Ramiz vaxtaşırı bir yerdə idi. 
Bütün qorxu-hürkünü bir kənara qoyaraq bu qərib və qiymətli insanlarla ünsiyyət quran, onlardan Vətən tarixinin bilinməli səhifələri ilə bağlı mütəmadi bilgilər alan cavan diplomatın gözünü qan örtməmişdi ki, belə hərəkət edirdi.
Onu idarə edən ona babalardan nəsib olan QAN idi!
Həmin saf qan ki, ona hər an "yurdunu və millətini sev" pıçıldayırdı, "odla su arasında olsan belə, vətəninə və xalqına fayda verməyə çalış" deyirdi. 
Və parlaq Azərbaycan ziyalısı Ramiz Abutalıbov hamımızın sevgisini sadə bir səbəbə görə qazana bilib.
Həyatı boyu damarlarından axan saf qanın həmin çağırışına və dəvətinə sadiq qaldığı üçün!

15.12.18

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook