RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəÖlümsüz ölümlə ölmək bəxtiyarlığı

Ocaqlar söndürən, fəlakətlər gətirən, dağıdıb yox edən dəhşətli müharibə onu həm xilas etdi, irəliləməsi üçün yol acdı, həm də öz mənhus mahiyyətinə sadiq qalaraq onun səhhətini zədələdi, yaşamasına qısa bir möhlət versə də, axırı ki, həyatını da əlindən aldı.
Ənvər Əlibəyli 1916-cı ildə doğulmuşdu. Aprelin ilk günündə.
Bəy nəslinin övladı idi və dövr də elə dövr idi ki, ləyaqətin, vüqarın, əsilzadəliyin, imkanlılığın nişanəsi olan bəylik dönüb olmuşdu qorxu mənbəyi.
Şura hökuməti ayaq üstdə durduğu gündən xanı-bəyi, mülkədarı-zəngini sinfi düşmən elan etmişdi, belə ailələrin əlində olanları qamarlamaqla ürəyi soyumamışdı, onları təqib etmişdi, sürgünə göndərmişdi, zindanlara atmışdı, güllələrə tuş gətirmişdi, köklü-köməcli nəsilləri pərən-pərən salmışdı.
Söz yox, Ənvərin də adının yanında daşıdığı təhlükəli soyadı bu quruluş içərisində, belə gedişatla yaxşı heç nə vəd etmirdi.
Amma İkinci dünya müharibəsinin dalğası SSRİ-yə də yetişdi və çox şeylər dəyişdi.
1941-ci ildə dava başlananda Ənvərin 25 yaşı vardı. Bu yaşınacan həm Tibb texnikumunu, həm Azərbaycan Dövlət Universitetindəki fəhlə fakultəsini, həm də Pedaqoji institutun fiologiya fakultəsini bitirmişdi.
Başlanan müharibə onu daha bir təhsil almağa yönəltdi. Tiflisdə Topçular Hərbi məktəbini bitirərək leytenant rütbəsi aldı və könüllü olaraq ön cəbhəyə getdi. 
“Böyük Vətən müharibəsi” deyilən və 5 il uzanacaq üzüntülü savaşın ilk günlərindən ordu sıralarında döyüşən Ənvər Əlibəyli artilleriya batareyasının komandiri oldu, məşhur 416-cı Taqanroq atıcı diviziyasında məşəqqətli döyüş yolu keçdi, 1944-cü ildə ölümcül yaralandıqdan sonra da arxa cəbhəyə qayıtmadı, yazıçı-jurnalist kimi hərbçi yolunu davam etdirdi.
Əsgərlikdən qələbə ilə, sinəsi orden-medallarla dolu qayıtsa da, artıq sağlamlığı laxlamışdı, bir çiynini itirmişdi, ürəyi xəstəlik tapmışdı.
Və Ənvər cəbhədən rahat həyata deyil, bir cəbhədən digər cəbhəyə qayıtmışdı.
İndi onu müharibədən sonrakı quruculuq illərində bir ləyaqətli əsgər kimi yeni cəbhədə fədakar çalışmalar gözləyirdi.
Qələm dostu Bəxtiyar Vahabzadənin, həmin 416-cı Taqanroq diviziyasında döyüşmüş və qəhrəmancasına həlak olmuş qardaşı İsfəndiyarın xatirəsinə həsr etdiyi poemasında odlu cəbhələrdəki Ənvər Əlibəylini nişan verən və dəqiq səciyyələndirən belə misralar vardı:

...Döyüşdə əsgərdi, adicə əsgər.
Döyüş qurtardımı? Şairdir Ənvər!

Bu həqiqət müharibə dövründə işləyirmiş. Döyüşərkən də Ənvər qələmindən əl çəkmirmiş. Müharibədn sonra isə əlində qələm çalışdığı “Vətən uğrunda”, “İnqilab və mədəniyyət” jurnallarında da, yeni fəaliyyətə başlayan Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində də o əslində bir mübariz əsgər idi.
Ənvər Əlibəyliyə bəy soyadı daşıdığı halda ideoloji sahədə belə mühüm vəzifələr etibar edilmişdisə, bunun basilica səbəbi mübaribədə axıtdığı qanı, hərb meydanında göstərdiyi sədaqət və şücaəti idi.
Bununla belə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə sədr vəzifəsinə təyin edilərkən Moskvada ona tövsiyyə etmişdilər: “Yaxşı olardı ki, familiyinazdakı “bəy”i atasınız”.
İmtina etmişdi. 
Fəqət bir kadr kimi son dərəcə gərəkliliyini nəzərə alaraq hər halda güzəştə getmişdilər, onun bu mühüm siyasi siqlətli vəzifəyə təyinatından imtina olunmamışdı.
…52 illik insafsızca gödək ömrü boyunca bu millət və yurd üçün çoxlu faydalı işlər görmüş, həmişə yaşayacaq sıra-sıra gözəl şeirlər, nəğmələr yaratmış Ənvər Əlibəylinin belə bir şeiri də var:

Sən öləndə bahardı,
Çöllərdə, çəmənlərdə
Min cürə çiçək vardı.
Səni dəfn etdik səhər,
Matəm bayrağı kimi
Əyilmişdi lalələr.

Bu şeir “Döyüşçünün ölümü” adlanır və sanki misralar elə Ənvər Əlibəylinin özü haqqındadır, şairin öz istiqbalını öncəgörməsidir:

Ulduz olmaq istəyirəm,
Sönmək istəmirəm.
Yol olub dağa qalxmaq istəyirəm,
Enmək istəmirəm.
Şimşək olub çaxmaq istəyirəm -
Bir anlığa yox.
İşığa dönmək istəyirəm -
Qaranlığa yox.
Mən ölümün özünə belə
Gülmək istəyirəm.
Ölümsüz bir ölümlə
Ölmək istəyirəm!

Onu erkən itirmişik, vaxtsız gedib, çox arzuları, əlbəttə ki, ürəyində qalıb, lakin döyüşçü ömrü yaşamış Ənvər Əlibəylinin bu şeirinin son misralarındakı istəyi hər halda gerçəkləşib.
Ona dünyadan, sevdiklərindən ölümsüz bir ölümlə ayrılmaq (və həmişə onlarla qalmaq) bəxtiyarlığı nəsib olub. 
...Unudulmaz kaman ustası Habil Əliyev xatırlayırdı ki, ölümünün yaxınlaşdığını hiss edən Ənvər müəllim gizlicə vəsiyyət məktubu yazıbmış. Orada son bir diləyini də qeyd edibmiş ki, dəfnimdə Habil çalsın.
Habil müəllim qəhərlə anırdı ki, Ənvərlə vidalaşma günündə hamı kədər içində ayaq üstə dayanmışdı. Təkcə mən oturmuşdum. Əbədi ayrıldığımız şair üçün “Segah” çalırdım...
Hər bazar günü saat 14-dən 15-dək Azərbaycan Radiosunda muğamat konsertini dinləyəndə Ənvər Əlibəylini də xatırlayın.
Azərbaycan efirində bu ənənənin təməlini Ənvər Əlibəyli qoyub və o dövrdə bu heç də rahatca baş tutan bir niyyət deyilmiş.
Hər bahar gələndə, Azərbaycan televiziyasında, radiosunda qatar-qatar Novruz verilişləri və konsertlərini seyr edib dinləyəndə Ənvər Əlibəylini də yada salın.
O zamanlar yeganə olan Azərbaycan televiziyasında ilk Novruz verilişləri və çəkilişlərinin təşəbbüskarı Ənvər Əlibəyli olub.
Hər dəfə artıq həyatımızın, zövqümüzün ayrılmaz parçasına çevrilmiş "Bəxtiyar" filminə baxanda, böyük Rəşid Behbudovun doyulmaz oxusunda misilsiz Tofiq Quliyevin nəğmələrindən feyziyab olanda Ənvər Əlibəylini də anın. 
O filmdəki nəğmələrin əksərinin sözləri Ənvər Əlibəylinindir.
Hər dəfə Nərminə Məmmədovanı, Şövkət Ələkbərovanı, Mirzə Babayevi, Gülağa Məmmədovu...eşidəndə Ənvər Əlibəylini də yada salın.
Onların mehriban səsində onillər boyunca ömrümüzün və ruhumuzun daimi maşayiətçisinə çevrilmiş neçə-neçə gözəl nəğmənin sözləri Ənvər Əlibəylinindir.
XX yüzildə doğulmuş o nəğmələr yarım əsrdən çoxdur ki, bizimlədir və vaxtın pıçıldadığı həqiqət də budur ki, onlar elə həmişə bu xalqla qalacaqlar.
Sevimli nəğmələrin, solmaz şeirlərin, minnətdarlıqla anılan nəcibliklərin payına düşən belə qismət elə Ənvər Əlibəylinin də alın yazısıdır!..

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook